Əziz Nesin – Bir sürgünün xatirələri

Əziz Nesin – Bir sürgünün xatirələri

Bugünlərdə Əziz Nesinin “Bir Sürgünün Xatirələri” kitabını oxudum. Hələ məktəbdə oxuyarkən onun satirik hekayələrini oxumuşdum. (İndiki uşaqlar möcüzədir) Özü də dəqiq xatırlayıram ki, kitabı kirilcə oxumuşdum. O vaxt yaşım az olsa da bilirdim ki, Azərbaycan SSRİ-nin tərkibində olub, ruslar bizi işğal edib, yəni bizi – türkləri sevmir. Bəs bir türk müəllifin kitabı niyə o zaman çap edilir? Aradan xeyli illər keçəndən sonra başa düşdüm ki, sən demə Əziz Nesin o dövrdə solçu olaraq qəbul edilib, o zamankı hakimiyyət onu kommunist, rusiyapərəst hesab edib. Bir sözlə o zaman satirik, müxalif ruhda olduğuna görə avtomatik hökümət onu öz düşməni, “ruslara işləyən” kimi damğalayıb həbs etdirib, sürgün edib. Bu haqda bir az sonra yazacam. Bu yazıda istəyirəm kitabdan maraqlı hissələri Sizinlə paylaşım.

Qısa olaraq bildirim ki, Əziz Nesin “Markopaşa” satirik jurnalında yazılarla çıxış edib. Bu yazılarına görə o zamankı Cumhuriyyet Halk Partisi hakimiyyəti tərəfindən “milli mənafeyə zidd hərək etmə” iddiası ilə 10 ay həbs edilib, həbsdən sonra 6 ay müddətində Bursaya sürgünə göndərilib. Bu proseslər 1948-49-cu illərdə cərəyan edib. Əziz Nesin sürgündən 9 il sonra Bursadakı sürgün həyatını bu kitabda qələmə alıb.

"İnsan, təkcə dediklərinə görə deyil, həm də demədiklərinə görə məsuliyyət daşıyır "

Kitabın üz qabığında müəllifin bu sözləri yazılıb. Ən bəyəndiyim fikirlərdən biri də budur. Ümumiyyətlə kitab oxuyanda orada yazılanların müasir dövrümüzlə səsləşməsi olanda o kitab Sizə daha maraqlı gəlir. Bu kitabda da mən bir çox yerlərdə indiki zamanla aktual kəsişmələrin olduğunu gördüm. Yuxarıdakı fikri adi vətəndaşlardan daha çox nisbətən tanınmış, ictimai şəxslərə, ziyalılara aid edirəm. Ayaz Salayevin bir vaxtlar çox böyük həvəslə ziyalılar haqqında bir yazısını oxumuşdum. Orada da çox ustalıqla qeyd edilir ki, xalqın yüksəyə qaldırdığı ictimai şəxs lazımi situasiyalarda öz mövqeyini mütləq bildirməlidir. Bu mövqe çox sərbəst şəkildə çəkinmədən, qorxmadan, kiminsə maraqlarına xoş gəlmək və ya qəzəbinə tuş gəlməmək kimi süzgəclərdən keçməməlidir. İndiki zamanda bir çox ictimai xadimlər, hətta az-çox tanınmış şəxslər belə bəzən mövqe bildirmək lazım gələn zaman ən yaxşı halda susmağa başlayır. Ən pis halı isə təbii ki, hamıya gün kimi aydın olan məsələyə qaranlıq deməsi olur. Bu zaman həmin şəxs onu yuxarı qaldıran kütlənin gözündə elə qalxdığı kimi də düşür. Xəlil Rza Ulutürkün bu haqda gözəl bir şeri də var. Söz yerini çəkər, paylaşıram:

Haqsızlığa göz yumanlar öz gözünü oğurlayır,

Zaval görüb lal olanlar öz sözünü oğurlayır,

Mübarizə meydanında kim sivişib yayınırsa,

Yavaş-yavaş bu dünyadan öz-özünü oğurlayır.

"Yıxılan adamın mövqeyi, şəxsiyyəti, qüdrəti böyük, yüksək olduqca gülünclüyü də artır"

Bu ifadəni müxtəlif tərəflərdən yozmaq olar. Mənim üçün “böyük insanların səhvi günəş tutulmasına bənzəyir, onları hamı görür” ifadəsi ilə eynilik təşkil edir. Cəmiyyətimizdə xeyli tanınmış (sadə vətəndaşlarımız bütün ictimai xadim, yazıçı, müğənniyə çox rahat ad verib – tanınmışlar) adam var ki, kiçicik səhvlərini xalq bağışlamır. O saat gülüş, məsxərə və ya tənqid hədəfi olur. Burada da bir sosial ədalət prinsipi var əslində. Sevmədiyin və bəzən haqsız olan o tənqid sahiblərinin hesabına tanınan adam çubuğun bir də o biri tərəfinin olduğunu bilməlidir, razılaşmalıdır. Seymur Baycanın kitabında deyəsən oxumuşdum ki, bizim millət qəhramınını zirvələrə qaldırır, qaldırır və sonda istəyir ki, o ölsün :) Ölməsə, varlı yaşasa onda nəsə qəhrəman olmur. Təbii ki, bunların əksinə yıxılan adamın yıxılmamışdan öncəki davranışları da gülünclülüyün dərəcəsinə təsir edir. Ona görə də çalışıb “heç vaxt” sözünü işlətməyəsən, hər enişin bir yoxuşu, hər yoxuşun bir enişi mütləq vardır. Hər iki halda reallığı qəbul edib səmimi olanlar çox şey itirməzlər.

"Mən bir şeyi dəqiq bilirəm ki, bir insan iyirmi beş yaşında, qırx yaşında olduğundan daha namusludur, hamımız beləyik."

Yazıçı burada yaş artıqca, qayğılar artdıqca insanın daha cəsarətsiz olduğuna işarə edir. İfadəni birbaşa namus mənasında başa düşmək düz deyil. Bir çox yerlərdə olduğu kimi bizdə də bəzi insanlar min cür alçaqlıq, nankorluq edib, rüşvət alıb və bunu “balam var” arqumenti ilə rahatca malalamağa çalışırlar. Səbəblər müxtəlif ola bilər, amma bəhanə ola bilməz. Daha doğrusu prinsipial adamlar üçün yaş və zaman o qədər də fərq etmir. Amma mütləq çoxluq üçün bu hal keçərlidir. Ona görə də taleyin sizi nə zaman və necə sınayacağını bilmədiyiniz üçün çalışın həyati qərarlarınızı 1) özünüz verin 2) bu həyatda heç nəyə gecikməyin. Siz də hamı kimi qocalacaqsınız, səhhətiniz pisləşəcək, qayğılarınız artacaq, bir gün işdən gələndə artıq əvvəlki kimi gümrah şəkildə digər bir işlə məşğul olmağa həvəs və gücünüzün olmadığını görəcək və ən nəhayət elə hamı kimi də öləcəksiniz. Hər şeyi vaxtında etmək üçün nəyin vaxtının nə zaman olduğunu dəqiq bilmək lazımdır. Gənc ikən bunun fərqinə varmaq çətin olur düzdü, amma mümkündür. Hamı öz həyatında ən azı bir neçə dəfə “tüpürüb getmək” cəsarətini göstərmiş olmalıdır. Bu həm də insanın özünün özünə sübutudur. 

Birdən daha bərk hirslənib:

- Nə demək istəyirsən? Səncə rus iti olmalıyıq? – deyə bağırdı.

Mən onun acığına tamamən sakitcə dedim:

- Əvvəla, it olmamalıyıq, it olandan sonra ya amerikan iti, ya rus iti nə fərqi var?.. Hansı yaxşı yedizdirsə, onun iti olarıq.

“Müzakirə edək” deyən adam bağıraraq: “Aparın” – dedi.

İki mülki polis qollarıma girdi…

Yuxarıdakı dialoq Əziz Nesini yazılarına görə polis bölməsinə çağırarkən yaşanıb. O zamanlar iqtidar Amerika yanlısı olub, Əziz Nesin isə nə Amerika, nə Rus yanlısı olmağı düz hesab etmədiyini göstərən satirik yazılar dərc edib. Yolumuz hayanadır? – adlı məqaləsində də geniş şəkildə buna toxunub.

Əziz Nesini 161-ci maddə ilə “Mətbuat yolu ilə ölkənin milli mənafeyinə zidd hərəkət etmək…” O zamanda Amerikanın kömək adı ilə əslində istismarçı məramının olduğunu bildirib.

"Mənim yalnız zamanın doğruluğunu, yanlışlığını, xeyrini, zərərini meydana çıxaracaq bir fikirdən ötəri məhkum edilməm doğru deyil."

Əziz Nesin yuxarıdakı fikri öz məhkəməsində müdafiə nitqi olaraq bildirib. Qısa dialoqu paylaşmaqda fayda görürəm:

“Bir fikrin milli-mənafeyə zidd yaxud da uyğun olması, bu fikrin ortaya atıldığı dövrdə hər kəs tərəfindən başa düşülməz. Bir fikrin cəmiyyətə faydalı ya zərərli olmasının hər kəs tərəfindən qəti başa düşülməsi üçün müəyyən müddətin keçməsi lazımdır. Siz amerikan yardımının Türkiyəyə xeyirli olduğunu fikirləşirsiniz. Mənsə, kömək bəhanəsi ilə vətənimin istismar oluna biləcəyini düşünürəm. Hansı fikrin doğru olduğunu zaman göstərəcəkdir. Mənim yalnız zamanın doğruluğunu, yanlışlığını, xeyrini, zərərini meydana çıxaracaq bir fikirdən ötəri məhkum edilməm doğru deyil.” 

Əziz Nesin kitabının sonunda yenə də özünə xas satirik yumorla yazır: “Mənim kitabçam “Yolumuz Hayanadır?” adlanırdı. 24 il keçəndən sonra yolumuzun hayana olduğunu görüb bilməyən qalmadı. Yalnız həbsxanaya düşmək, sürgün çəkmək mənə qaldı”

Bax belə. Mən Əziz Nesinin kitabını oxuyub qısa olaraq paylaşmaqla faydalı ola biləcəyimi düşündüm. Siz də bəyəndinizsə, paylaşaraq faydalı ola bilərsiniz. Allah amanında, çalışın gecikməyin!

Facebook Comments
Share

Yazar haqqında

Rafiq Hunaltay
Rafiq Hunaltay 307 posts

Təxəllüsdən istifadə etməyi sevirəm. Marketinq sahəsində isə yazılarımı Marketer Məhərrəm təxəllüsü ilə yazıram. Marketer Məhərrəm Azərbaycan reallıqlarında fəaliyyət göstərən, uğur qazanmağa çalışan marketoloq prototipidir. Yazılarımı oxuyaraq az da faydalana bildinizsə, təşəkkür əlaməti olaraq digərlərinin də faydalanması üçün yazını paylaşmanız yetərlidir. Hər hansı sualınız olarsa, hunaltay@gmail.com mail adresinə yazmanız kifayətdir. Öncədən təşəkkürlər.

Editor review

Summary

Hamı öz həyatında ən azı bir neçə dəfə "tüpürüb getmək" cəsarətini göstərmiş olmalıdır. Bu həm də insanın özünün özünə sübutudur.

Həmçinin oxuya bilərsiniz

Sərbəst 0 Comments

Biz niyə yazmalıyıq ?!

“Yazar olmaq istəyirsən? Hər şeyə rəğmən, o, daxilindən vulkan kimi püskürüb özünə yol açmasa, yazma! Çağrılmadan gəlməzsə – ürəyindən, düşüncəndən, ağzından və canından, yazma. Söz axtararaq, saatlarla oturub gözünü komputerin

Share
Sərbəst 0 Comments

Məsuliyyətsiz anonim kütlə

Bugünlərdə Ali-Nino və Unibank keysi gündəm idi. Hamı yazırdı. Ən çox da yaza bilməyənlər yazırdı. Facebookda dost sayının çox olması da bir iş deyil. Onsuz da gün ərzində xəbər lentini

Share
Sərbəst 0 Comments

Cəlbedici başlıq fəlsəfəm

Mən tanıdığım Məhərrəm bəli, marketinqi çox sevir. Amma mütaliəni, ədəbiyyatı, ictimai publisistikanı da az sevmir. Ara-sıra ictimai mövzulara müraciət edir, yazır. Sizə bir sirr də açım. Aylıq olaraq təkcə marketinqə

Share

Şərhlər

Şərh yazan yoxdur

İlk şərh yazan siz olun

Şərh yazın