˝Oğlan Evi˝ndə gördüklərim

Bu kino haqqında bir müddətdir ki, anonslarda eşidirdim. Amma açıq desəm ayrıca kinoteatrda məhz bu filmi izləməyə getmək fikrim yox idi. Dj Turalın verilişlərini maksimum izləməyə çalışanlardan biri olaraq 18 dekabr dəvətini radiodan eşitdim. Deyir, 2 şeyə diqqət edəcəksən – ya sözə, ya sözü deyənə. Burada mən sözü deyən dostumuzun fikirlərinə güvəndiyim üçün kinoya baxmaq qərarına gəldim. Gəlin razılaşaq ki, bu gün kinokomediyalarımız bir az həqiqət hissindən uzaq sujetlərə yer verirlər. O da pis deyil, amma həmin an gülürsən, çıxanda yadından çıxır. Əlavə olaraq da çeynənmiş mövzular yumşaq desək, daha güldürmür. Ciddi, dram janrında çəkilən kinolarımız haqqında isə ümumən danışmıram. Yenə komediya janrında inkişaf ciddi-ciddi hiss olunur.

Nəhayət şeytanın qıçını qırıb dostum İlkinlə birlikdə kinoya getdim. Bu gün Sizə ˝Oğlan Evi˝ndə gördüklərimdən, təəssüratlarımdan yazmaq istəyirəm. Bundan öncə bir neçə kinoya resenziya yazmışam, amma Azərbaycan kinosuna bu ilk resenziyamdır.

Foyedə Dj Fatehlə rastlaşdım. Ayaqüstü 5 dəqiqə söhbətləşmək imkanımız oldu. Film haqqında qısa texniki məlumat ala bildim. Məsələn, Fateh bəydən öyrəndim ki, film 10 aya çəkilib. Təxmini 400 nəfərlik heyət zəhmət çəkib, yerli kadrlarımızda ciddi çatışmazlıq olduğundan xaricdən professionallar cəlb edilib. Ən əsası da burada aktyorlar müəllifin dediyinə görə ˝yaxşı pul˝ alıblar.

Keçək indi kinoya. Elə filmi izləyə-izləyə telefonumda qeyd yerinə öz fikirlərimi qısa-qısa yazırdım. Mən professional kino şərhçi deyiləm təbii, sadəcə fikirlərimi bölüşəcəm. Qeydlərimi aşağıdakı başlıqlar altında cəmlədim. Buyurun, Siz də tanış olun.

  • ˝Product Placement˝dən çox incə istifadə edilib

Filmdə ümumən PP çox da gözə girmir. Bu ilk diqqətimi çəkən amil oldu. İstifadə edilən PP-lərdən yadımda qalanlar Haval avtomobilləri, Qəsr Karaokesi, Park Meridian idi. Digər filmlərdə olan kimi məhsulun izləyicinin iri planda gözünə soxulması burada yox idi. Bu özlüyündə gizli şəkildə şüuraltına təsir edir, yadda qalır. Yəqin ki, müəllifin ilk filmi olduğuna görə sponsor axtarışına o qədər də əmək sərf edilməyib. Bir tərəfdən də bu doğru addımdır. İlkin nəticəsindən asılı olaraq növbəti film üçün bu iş daha rahat ola bilər. Nəzərə alanda ki, bizim sahibkarlar görmədikləri işə, əllə tuta bilmədikləri işə intusiyalarına əsaslanıb yatırım etməyi sevirlər, o halda müəllifə haqq qazandırmaq olur.

  • Hər gün yaşadıqlarımızı, eşitdiklərimizi filmdə də gördük

Bu çox vacib xüsusiyyətdir. İnsanlar dünəni xoş, naxoş xatırlayır, gələcəyə ümidlə baxa bilir, amma onu ancaq BU GÜN həyəcanlandırır. O istəyir ki, ona BU GÜNÜ göstrəsinlər, bu gün bu situasiyadan çıxış yollarını göstərsinlər və s. Sözümün canı nə iş görürsən gör gərək reallıq hissini itirməyəsən, itirdiyin an o reallığı hər gün yaşayanlardan da xeyli uzaqlaşmış və beləcə maraqsızlaşmış olursan. Filmin ən çox bu xüsusiyyətini bəyəndim. Film hər gün hamımızın xəbərlərdən oxuduğu, başımıza gələn, eşitdiyimiz hadisələr əsasında qurulub.

Nədir bu hadisələr?! Sovetskinin sökülməsindən sonra insanların pərən-pərən düşməsi, gülsatanın satdığı güllərin arasında narkotik də satması, iranlıların Bakıdan ev alma tendensiyası, türmədə yatan birindən məlumat alma metodu (yadıma düşəndə yenə gülürəm), evin yoxdursa, sənə qız verilməməsi, yerə düşən sabunu heç kimin götürməməsi, bulkanın içində həbsxanaya telefon keçirmə, hamamda qrup halında kişilərin istirahəti və ən əsası çox adamın əziyyət çəkdiyi məsələ, evin bir neçə adama satılması kimi səhnələr filmi daha maraqlı edib. ˝Ayıq sürücü˝nün baş qəhrəman olması isə çox, həm də çox yerinə düşüb.

Məhz bu səhnələrə əsaslanaraq tam deyə bilərəm ki, bu komediya qətiyyən plagiat deyil. Əvvəl çəkilən çox komediyalarımızda bu hiss edilir, hətta açıq olanları da olub. Amma bu kinoda sujet xətti və səhnələr ancaq Azərbaycanlılara xas hallar üzərində qurulub. Plagiat olmamasına çox sevindim. Demək ki, biz də istəsək belə ssenarilər yaza bilərik.

  • İntellektual yumor üstünlük təşkil edir  

Yuxarıda da bu haqda yazmışdım ki, bu gün bayağı, çeynənmiş mövzular insanlara xoş gəlmir. Həmişə adətən türk kinolarında mətnlərdə ˝hikmətli kəlam˝ sayağı sözlərə rast gəlirdim. Özümün də bu cür sitatlar çox xoşuma gəlir. Bu filmdə də bu tip bir neçə ifadələri çox bəyəndim. Ən bəyəndiyim isə bu oldu. Mətni tam yadımda qalmadığından təxmini yazıram. ˝Pul ancaq kasıblarda olur, varlılara pul lazım deyil. Pul kasıbın oyuncağıdır˝ deyən Valid bəyə Fərda (filmdəki adını unutdum) cavab verir ki, ˝Elədirsə, onda topumuzu verin gedək˝ :) Bundan başqa ˝qorxudan jim-jim˝, ˝ofisiantın nə istəyirsən sualına – üzr istəyirəm cavabı˝, ˝My gülü(m)˝ və s. maraqlı alınıb. Düzdür bəyənmədiyim yukoristik keçidlər də oldu. Məsələn, Mətanətin olduğu səhnəni ümumiyyətlə tutmadım, daha doğrusu filmə yamaq kimi gəldi mənə. Güldəki narkotikdən qəhrəmanın hallanmasını ifadə üçün o qədər də uğurlu saymıram. Üstəlik ˝külək idi, gəldi keçdi˝ söhbətindən sonra həmin xanıma münasibət xalq arasında birmənalı deyil. Amma bundan da öncə məhz o səhnəni yamaq kimi gördüm, bəyənmədim. Yuxarıda yazdıqlarım isə çox xoşuma gəldi, həqiqətən.

Başqa yadımda qalanlar

Filmin səs, görüntü kefiyyəti çox yüksək səviyyədə idi. Bir də unutmadan bir məsələni də deyim ki, filmdə Bakının uzaq görüntülərini çox bəyəndim. Digər filmlərdə olan şablon Bakı görüntüləri deyildi. Qəhrəmanların danışıq dili ˝məhlə dili˝ olduğuna görə yaxın gəlir adama. Əsas yadda qalan xüsusiyyətlərdən biri də filmə baxan hər kəsin bir sonrakı səhnəni həyəcanla gözləməsidir. Keçidlər çox ustalıqla seçilib. Keçidlərdən başqa filmdə təbii ki, fantaziya da var. Amma bu fantaziya özü də filmin sujet xəttinə elə ˝bərkidilib˝ ki, özündən asılı olmayaraq izləyərkən ona inanırsan.

Düşünürəm ki,

Film haqqında bu qədər. Aranızda izləməyən varsa, şiddətlə tövsiyyə edirəm ki, izləyəsiniz. Azərbaycanda çəkilən film pul qazandırdıqca daha çox filmlər çəkiləcək, həm də keyfiyyətli çəkiləcək. Foyedə Fateh bəy dedi ki, 17 gündür ki, kinoteatrlarda yayımdadır və hər gün axşam seansları 80-90% dolu olur. Bundan əvvəl də bir komediya filminin çəkilən xərcləri çıxartdığı, hətta yaxşı pul gətirdiyini eşitmişdim. Əminəm ki, bu film də bütün xərclərdən əlavə, zəhməti olanlara əlavə gəlir də verəcək. Tam əminliklə deyirəm ki, filmi izləməkdən zövq alacaqsınız, sadəcə izləyin. Hər filmdə qüsur olur, bunda da təbii ki, var, bəlkə də az deyil. Bu haqda mütəxəssislər daha çox danışa bilər. Mən adi tamaşaçı kimi bəyənmədiklərimi yazdım. Mətanət səhnəsindən başqa, filmin sonluğu da bir az ˝maraqsız˝ kimi göründü. Dediyim kimi, ümumi fonda qüsurlar çox hiss edilməz qalırdı. Ümid edirəm ki, növbəti dəfə daha möhtəşəm film izləyəcəyik.

Sonda ssenari müəlliflərinə, rejissorlara, əməyi olan hər kəsə təşəkkür edirəm ki, ən azı Azərbaycan kino sənayəsini dövlətin maddi dəstəyini gözləmədən öz gücünüz hesabına inkişaf etdirirsiniz. İzləyicilərimiz isə öz təşəkkürlərini sadəcə ˝1 bilet almaqla˝ bildirə bilər. Gedin, Siz də baxın. Görün ˝Oğlan Evi˝ndə Siz nələri görəcəksiniz?

Facebook Comments
Share

Yazar haqqında

Rafiq Hunaltay
Rafiq Hunaltay 307 posts

Təxəllüsdən istifadə etməyi sevirəm. Marketinq sahəsində isə yazılarımı Marketer Məhərrəm təxəllüsü ilə yazıram. Marketer Məhərrəm Azərbaycan reallıqlarında fəaliyyət göstərən, uğur qazanmağa çalışan marketoloq prototipidir. Yazılarımı oxuyaraq az da faydalana bildinizsə, təşəkkür əlaməti olaraq digərlərinin də faydalanması üçün yazını paylaşmanız yetərlidir. Hər hansı sualınız olarsa, hunaltay@gmail.com mail adresinə yazmanız kifayətdir. Öncədən təşəkkürlər.

Həmçinin oxuya bilərsiniz

Resenziyalar 0 Comments

David Ogilvy – Reklamçının etirafları

Bu yaxınlarda Orxan Amrullayevin tərcüməsində reklam dühalarından hesab edilən David Ogilvy-nin “Reklamçının Etirafları” adlı kitabını alıb oxudum. Marketinq Azərbaycan qrupunda da kitabın və eləcə də mövzunun müzakirəsi getmişdi. Və o

Share
Resenziyalar 0 Comments

İkinci Pərdə – Çox çətindir, amma mümkündür

İnsan emosional varlıqdır. Onun hərəkətlərində rasionallıq və ya məntiq axtarıb tapmayanda məyus olmağa dəyməz. Qərarlarımızda da emosional amillər daha çoxdur, nəinki rasional. Çox vaxt kiminsə haqqında danışanda “40 yaşı var,

Share
Resenziyalar 0 Comments

˝Xalqların və kütlənin psixologiyası˝na aid daşdan keçən 21 fikir

Bu yaxınlarda Qustav Le Bonun ˝Xalqların və kütlənin psixologiyası˝ kitabını oxudum. Daha öncə bu kitab haqqında çox eşitmişdim. Kitab artıq Qanun nəşriyyatı tərəfindən Azərbaycan dilinə də tərcümə edilib, mən də

Share

Şərhlər

Şərh yazan yoxdur

İlk şərh yazan siz olun

Şərh yazın