Cəlbedici başlıq fəlsəfəm 2

Cəlbedici başlıq fəlsəfəm 2

Ötən yazıda mənim üçün dəyərli olan fikirlərin bəzilərini “cəlbecidi başlıqlarla” təqdim etdim. Yazını 2 hissəyə böldüm ki, uzun-uzadı oxuyub yorulmayasınız, həm də “həzm etmək” asan olsun. Çox uzatmadan keçək növbəti “cəlbedici başlıqlara”

“Vicdan susanda”

Xalid Hüseyninin “Çərpələng uçuran” romanı var. Buradan kiçik bir epizod paylaşacam. Ümumən isə kitab çox möhtəşəm, təsirli bir kitabdır. Oxumamısınızsa, mütləq oxuyun. Deməli, burada 2 möhkəm dost, həm də ögey qardaş oynamaq üçün qonşu məhləyə çərpələng uçurtmağa gedir. Bu zaman kənar məhlənin böyük və dəcəl uşaqları bu 2 dostu qovur, onlardan biri ələ keçir, digəri isə gizlənə bilir. Ələ keçən dostu o dövrün qaydalarına görə (bəlkə də indi də elədir. Söhbət Əfqanıstandan gedir) kənar məhlə uşaqlarından biri zorlayır. Onu da deyim ki, gizlənən digər uşaq tam qaçmır, sadəcə divarın arxasında bir yerdə gizlənib tamaşa edir. Və bu anda ələ keçən dostun baxışları ilə toqquşur. Toqquşan baxışlar heç bir söz deməsə də əslində o qədər dərin məna və sual yağdırır ki, qaçan dost ömrünün sonuna kimi o baxışlardan qorxur, nəinki o baxışlardan o adamdan qaçmağa başlayır. Çünki o adamı gördükdə məcburən vicdanı ilə baş-başa qalmış olur. Hansı ki, bu proses onu incidir, əzab verir. Ələxsüs qarşı tərəfin qaçan dostu sonradan heç nədə ittiham etməməsi, bir söz belə açmaması qaçan dostda bir müddət sonra daha da aqressiya yaradır. Türklər demiş həm suçlu, həm də güçlü. Və başlayır tək qoyub qaçdığı dostuna hər fürsətdə əziyyət verməyə. Bəli, burada artıq vicdan susur. Yəqin ki, Sizin də ətrafınızda belə adamlar var. Onlar Sizin çətin vaxtlarınızda sadəcə bu çətinliyə uzaqdan tamaşa ediblər. Düşünürsünüzsə ki, onlar ömürlərinin sonuna qədər bu vicdan əzabı ilə yaşayacaqlar, yanılırsınız. Çünki əsərdə də olduğu kimi bir müddət sonra insan ona mənəvi zərbə vuran hadisəyə qarşı amansızlaşmağa, üzr istəmək əvəzinə hücuma keçməyə başlayır. Çalışın heç vaxt səhv hesab etdiyiniz hansısa addımınızı hətta özünüzə belə əsaslandırmayın. Bəhanələr istehsal etməyin. Səhvdir, oldu və düzəldilə, bağışlana bilər. Amma daha da üzərinə gedib, daha da batmaq heyfdir. Ətrafınızda Sizin ehtiyacınız olanda Sizi satan dostlarınızdan ən yaxşı intiqam isə onları elə çox uzağa buraxmadan uğurlarınıza şahid etməkdir. Təbii ki, bu böyük səbr, cəsarət və əzm tələb edir. Hər adam bacarmaz. Bacarsanız belə edin, olmasa da eybi yox, ən azı uzaqlaşdırın. Həqiqəti söyləməyib sustuğunuz sözləri birgün qaytaracaqsınız. O zaman nə yemişdim görəsən ki, qaytardım deyə düşünməyin. Yediyiniz şey susmaqdır. Bəzi adamlar həqiqətən də sanki vicdanını çörəyin arasına qoyub yeyib.

Addımların durduğu müddətcə yollar səni heç yerə aparmaz

Yollar ağrılıdı, yollar üzücü. Sonuna çatmağa əzm gərəkdir. Bir yıxıldınsa, qalxıb bir daha, yoluna yenidən davam gərəkdir. Bu misraları əsgərlikdə olanda yazmışdım. Daha doğrusu o şerin yadımda qalan hissəsi budur, bəlkə də elə ən düzəməlli hissəsi budur, bilmirəm :) Sizin istəkləriniz deyək ki, yollardır. O yollar ki, Siz onların üzərində gedib hədəfinizə nail olmaq istəyirsiniz. Amma addımlamadığınız müddətcə hansı yolda olmağınızın bir əhəmiyyəti olmayacaq. İstənilən hərəkət hərəkətsizlikdən yaxşıdır deyiblər. Düşünürsünüzsə ki, bir az gözləyim, vaxtı çatsın, daha yaxşı vədə yetişsin, yanılırsınız. Daha yaxşı dövran yetişəndə ondan faydalanmaq istəyən də çox olacaq, rəqibləriniz çoxalacaq. İşi sonraya saxlamayın.

Heç bir kədər ilk günkü kimi ağrıtmır

İnsan çəkdiyi əziyyətlərlə böyüyürmüş. Əzm, açıq yara, bir sözlə sizi öldürməyən güc yaşadır. Həqiqətən də heç bir ağrı yarandığı ilkgünkü qədər ağrıtmır. Əgər ilk gündə ölmədinizsə, demək sonra da heç nə olan deyil. Türklər demiş, ilk gün iznlisiniz :) Nə qədər istəyirsiniz ağlayın, sızlayın. Hətta ən böyük kədərin yaşandığı ilk gündə kimsə təsəlli etməsə yaxşıdır, çox süni alına bilər. İnsanı daha da qıcıqlandıra bilər. Buraxın, acısını “doya-doya” çəksin. Bir tanışın atası rəhmətə getmişdi. Yasda yaxınlaşıb ağlaya-ağlaya “mənim üçün həyat artıq bitdi” demişdi. Sonra üstündən bir il falan keçərdi yəqin ki, restoranların birində gördüm həmin adamı. Çox şən idi, deyir-gülürdü. Normaldır əslində. Amma ölmədi də, həyat da bitmədi. Demək ki, zaman hər şeyi sağalda bilirmiş. İnsan əslində unutmur, alışır. Siz o kədərlə barışıb onunla yaşamağa sadəcə alışırsınız. Baş vermiş hadisə beyninizin bir küncündə icazənizlə yer edir. Yaxınlarını itirmək başqa, amma olur ki, gözləmədiyiniz biri gözləmədiyiniz şəkildə Sizə pislik edir. Bu halda bütün ətraf Sizdən 2 seçim etmənizi istəyir. Unutmaq və ya bağışlamaq. Unudub bağışlamamaq da olar, unutmayıb bağışlamaq da. Aralarında incə bir fərq var. Və Siz seçim etməli olduğunuz bir vaxtda təklif edilən 2 variantdan heç birini seçməzsiniz. Sizin bir 3-cü variantınız da var. Ümumiyyətlə imtina etmək, silmək. Silmək unutmaq deyil. Silmək əslində əvvəl də nə baş verdiyini xatırlamamaqdır. Bu unutmaqdan daha ötə bir şeydir.

Bəzən bir kitab oxuyar, bir cümlə yazarsan

Yazan adamlara hörmət etmək lazımdır. Onların bir fikri Sizin həyatınızda ciddi dönüş yarada bilər. Yazan adamların özlərində də bu belə olub. Bəlkə də zamanında hansısa hadisə onların əsl sevdiyi işin yazmaq olduğunu göstərib, nə bilirsiniz. Əvvəllər də çox yazmışam, indi də deyirəm. Bugün bir çox insan hər şey var ikən böyük bir boşluqdan əziyyət çəkir. Məsələn, pulu var, girir marketə amma bilmir nə istəyir. Pulu var, zamanı var, istirahət etmək istəyir, amma bilmir necə. Pulu var, harasa getmək istəyir, ağlına bir yer gəlir, amma səbəbini bilmir. Belə misalları uzatmaq olar. Əgər ətrafınızda bu fikirləri səsləndirənlər varsa, bilin ki, mənəvi boşluqdadırlar. Belələri hər gün bir fikrə gəlir, bu gün idmana yazılır, sabah kursa gedir, sonra avtomobil alır, gah telefonu dəyişir və bütün bunlar xaotik baş verir. Nəsə edir, amma özü də bilmir nə edir, niyə edir, ümumiyyətlə düzmü edir. Bir adı var – mənəvi boşluq. Və bu təəssüf ki, maddiyatla dola bilmir. Mənəviyyata pul uzadıb “polnu bak” deyəmmirsiz :) Damcı-damcı qazanılır, yığılır, formalaşır mənəviyyat. İnsanın, məncə, mütləq hobbisi olmalıdır. İşində kiçik hədəfləri, işdən kənar maraqlı məşğuliyyəti olmalıdır. Peşəsindən asılı olmayaraq ədəbiyyat mütaliə edən adamlarla oturub-durmaq həzz verir. Onların söhbətinə doymaq olmur. Elə bil ensiklopediya udublar zalım balaları :) Üstəlik oxuyub yazan adamlara da yuxarıda yazdığım kimi hörmət etmək lazımdır. Onlar bizim bəzən günboyu bomboz davam edən günümüzü bir anda al-əlvan edə bilirlər. Kəsici, deşici, yırtıcı olmayın onlara qarşı. Bəzən isə heç nə olmayın, sadəcə mane olmayın.

İnanmaq yaşamağı asanlaşdırır

İnsanlarda inam olmasaydı görəsən nə baş verərdi. Tarixən inamı olmayan adamların nə vəhşiliklər törətdiyinin şahidi olmuşuq. İndilərdə bir kitab oxuyuram. Karl Ştayner adlı avstriyalı kommunistin SSRİ türmələrində keçirdiyi 20 il haqqındadır. İnsan oxuduqca dəhşətə gəlir. Və təxmin edirsən ki, ancaq inamsız adam bu vəhşilikləri törədə bilər. Mən şəxsən ilahi ədalətə çox inanıram. Allah “ala qarğa deyil ki, göz çıxartsın”. Hansısa formada təcəlli edir. Səhv etmirəmsə, Loğman surəsində deyilir ki, “Sən Allahı zalimlərin zülmündən qafilmi sanırsan. Allah (c.c) onların cəzasını yubadıb-yubadıb elə bir günə saxlayar ki, o gün gözləri hədəqəsindən çıxar”. El arasında bir söz var ki, insan etdiklərinin əvəzini görmədən ölmür. Ya özü, ya övladı, ya malı ilə imtahana çəkilir. İnanmaq hissi insanın hərəkətlərini tənzimləyir. O bilir ki, heç nə gizlin qalmır, “O, hər şeyi görür”. Nə olur-olsun heç vaxt inamı itirməmək şərtdir. Sizə qarşı haqsızlıq olubsa, səbr etsəniz, məntiqli davransanız haqqınıza yenidən sahib ola bilərsiniz. Mən buna inanıram.

Oskar Vilde: Çünki hər kəs öldürər sevdiyini

Bu arada çox sevmək də bir iş deyil. Fərqi yoxdur bu anadır, atadır, qadındır, övladdır, işdir və s. Hər şeyin artığı zərərdir. İnsan çox sevdiyini dəyişdirməyə çalışar. Dəyişdirmə prosesində incidər çox sevdiyi şeyi, boğar, mənəvi həbs edər nəzərləri ilə. Həqiqi eşq incitmədən sevməyi bacarmaqdır. İnsan elə qurulub ki, təbii ehtiyacdır eşq. Eşq insana xoşbəxtlik gətirmək üçün var. Xoşbəxt anlar yaşatmaq üçün. Yox əgər eşq daha da incidir, daha narahat duyğular bəxş edirsə, başlanğıcında bəlkə də eşq olan bu hiss sona doğru itəcək deməkdir. Eşq yormamaqdır, bezdirməməkdir. O ancaq məntiqli olmağı, ancaq emosional olmağı da sevməz. O elə olduğu kimi gözəldir. Və bir də əsas məsələ. Onun haqqında çox düşünməyəcəksən, sadəcə yaşayacaqsan. Bəzən düşünməkdən yaşamağa vaxt qalmır. Nə olacaqsa olacaq, keçmişi dəyişdirə bilməzsən, gələcəyi isə öncədən görə. Elə isə nə etməli? Sadəcə öz doğrularını yaşamalısan kimi görünür.

Həzərat, bunlar mənim yazıb paylaşmaq, paylaşıb yadda qalınmasını istədiyim cəlbedici həyati başlıqlar idi. Yazıdır da, nə ziyanı var. Bəlkə kiməsə faydası toxunar.

Növbəti dəfə daha faydalı olmaq ümidi ilə…

Facebook Comments
Share

Editor review

Summary

Həqiqətən də heç bir ağrı yarandığı ilkgünkü qədər ağrıtmır. Əgər ilk gündə ölmədinizsə, demək sonra da heç nə olan deyil. Türklər demiş, ilk gün iznlisiniz :)

Həmçinin oxuya bilərsiniz

Sərbəst 0 Comments

Yazılan qalır. Facebookda yazdığım 90 status

Ötən bloqların birində hamımızın sevimlisi Teymur Paşaya aid statusları bir yazıda cəmləmişdim. İstəsəniz buradan oxuya bilərsiniz. Bu dəfə isə istədim 2011-ci ildən bu tərəfə öz facebook profilimdə yazdığım bəzi statusları

Share
Sərbəst 0 Comments

30 yaşın verdiyi “həzz”lər və öyrətdiyi dərslər (I hissə)

1 həftə öncə bəndənizin bu dünyada var-gəl etməsinin 30 ili tamam oldu. Ümumiyyətlə doğum günü tədbirlərini çox sevmirəm, hələ özümə aid olanda heç xoşlamıram, sıxılıram. 30 yaşın isə mənim üçün

Share
Sərbəst 0 Comments

İnsanın telefona çevrilməsi

Marketer Məhərrəmin fantastika janrında proqnozu. Oxuyun, vaxt gələcək, şahid olacaqsınız. Texnologiya əsridir. Xalxın uşağı min oyundan çıxır. Problem də ondadır ki, bir çoxları da bu oyundan təkərə düşüb “mən də

Share

Şərhlər

Şərh yazan yoxdur

İlk şərh yazan siz olun

Şərh yazın