Cabir Novruzdan hər başın bilməli olduğu 3 fikir

Cabir Novruzdan hər başın bilməli olduğu 3 fikir

Dostlar, bugün Sizə maraqlı hesab etdiyim həftəsonu yazısı təqdim edəcəm. Bu yazıda mən marketerlərimizin də bilməli olduğu 3 faktdan danışacam. Bu o faktlardır ki, mən bunu Cabir Novruzun şerləri ilə deyəcəm. Başı olan, başı ilə düşünən hər bir adam üçün düşünürəm ki, mənim yazdıqlarımdan yox, elə Cabir Novruzun 3 şerindən öyrəniləsi çox şey var. 

Keçən ay Kitabevim-də gəzişərkən gözümə Cabir Novruzun şəkildə gördüyünüz kitabı sataşdı. Çoxdan idi şer kitabı oxumurdum deyə kitabı aldım. Həm də bilirdim ki, Cabir Novruz axıcı dildə yazır. Parallel olaraq Əli Kərimin də şerlər kitabını aldım. Məktəbdə oxuyanda kitab seçmək potensialım o qədər də güclü deyildi deyə ancaq hörmət etdiyim adamların məsləhəti ilə kitab alıb oxuyurdum. Əli Kərimi isə ən çox sevdiyim ədəbiyyat müəlliməsi olan Gülşən müəllimə hey tərifləyərdi. Onun “gözəl qız, sən saf susan, iki qəlb arzususan. Mən səni sevirəm sususzluğun od vurub köz kimi yandırdığı dodaq su sevən kimi. O isə səni sevir rahatca bardaş qurub, – Kabab üstdən sərin su pis olmaz – deyən kimi” misrasını səsləndirməsi və səsləndirərkən də sanki onu yaşaması hələ də gözümün önündədir. Əli Kərimin şerlərini alan günü bitirdim. Mənə ədəbiyyatı sevdirən Gülşən müəlliməyə fürsətdən istifadə edib təşəkkür edirəm, yaxşı ki, o zaman çox şeyim olmasa da, çox gözəl insanlar olub ətrafımda.

Cabir Novruzla mən şəxsən görüşmüşəm. Məktəbdə oxuyurdum, amma ili dəqiq yadımda deyil. Nəzərə alsaq ki, 2002-ci ildə şair rəhmətə gedib, bu o deməkdir ki, ən yaxşı halda 10-cu sinifdən öncə olub. Məktəbimizə hansısa tədbirə gəlmişdi, yanıqlı-yanıqlı şer deyirdi, təbii ki, o vaxt mən onu başa düşmürdüm. Bir o yadımda qalıb ki, təzə oxuduğum bir kitabdan öz uşaq ağlımla onu sınamaq, guya bilib-bilmədiyini yoxlamaq üçün yaxınlaşıb sual vermişdim. Nə cavab verdiyi də yadımda deyil heç. Bir də illər sonra youtube çıxandan sonra şerləri ilə daha yaxından tanış ola bildim. 1 ay öncə isə kitabını aldım. Oxumaq həqiqətən də heç vaxt gec deyil. 400 səhifəlik kitabı necə başladım, necə bitirdim bilmirəm. O qədər xoş hisslər yaşatdı ki, sözlə ifadə etmək çətindir.

Mən həmişə demişəm, indi də sözümün üstündə dururam ki, hər bir yaxşı marketer işlədiyi ölkənin, yerin ədəbiyyatını bilməlidir. Bunu biləndə Siz ingilislərin “end consumer” dediyi son müştərinin nə düşündüyünü, nələrin onlar üçün həssas, nələrin mənasız olduğunu, psixoloji durumunu bilmiş olursunuz. Hələ bunun üstünə şer və nəsr əsərlərini çox oxuyan marketerin kreativlik sarıdan da əziyyət çəkməyəcəyinə əminəm. Bilməyənlər üçün xatırladım ki, mənə görə hər bir marketer öz ixtisasından savayı ədəbiyyat, tarix və psixologiyanı gözəl bilməlidir. Bunu bilməsə o heç vaxt tam ola bilməyəcək. 

Mövzuya keçməmişdən öncə onu da deyim ki, bəlkə də bir çoxlarınız hələ də bilmirsiniz ki, Şövkət Ələkbərovanın oxuduğu “Məhəbbət”, Yalçın Rzazadənin “Bakının qızları”, Zeynəb Xanlarovanın “Cavanlığım”, Manana Çaparidzenin “Bu nə cür məhəbbətdir”, Aygün Kazımovanın “Səsim Səsinə öyrəşib”, Mübariz Tağıyevin “Ömür keçir” mahnılarının sözləri məhz Cabir Novruza aiddir.

Bu belə. Mən kitabı oxuyandan sonra hesab etdim ki, bu 3 şeri Sizinlə paylaşmalıyam. Bu 3 şer hər bir insana ixtisasından, peşəsindən, vəzifəsindən asılı olmayaraq hər şeydən öncə insan olmağı öyrədir, tövsiyyə edir. Beləliklə,

  • 1-ci fikir – Sağlığında qiymət verin insanlara

Məsələn, onun bu şeri elə nəyə desən dəyər. Bu şerə hissiyatsız qulaq asmaq mümkün deyil. Bir də öz dilindən qulaq asmaq varkən…

Diri üçün iynə boyda hörməti mən
Ölü üçün min heykələ dəyişmərəm…

Şerdən yuxarıdakı misralara diqqət edin. Bu gün az qala hər peşədə öz milləti, dövləti, peşəsi üçün çalışanlara, əziyyət çəkənlərə əksər hallarda ögey münasibət göstərilir. Bu mənə elə gəlir ki, milli xüsusiyyətlərimizdən qaynaqlanır. Adam öləndən sonra haqqında nekroloqlar yazılır, diri ikən layiq olduğu bir xoş sözü belə çox görürlər. Görəsən dünyadan nə qədər insan köçməlidir ki, nə qədər ətrafımızda qonum-qonşu, qohum dünyadan köçməlidir ki, dünyanın fani olduğunu, çox qısa və sürprizlərlə dolu olduğunu dərk edək. Bu şerə çox şərh vermək mümkün deyil, hər şey misralarda var. Sadəcə bütün başlar üçün müraciətim odur ki, yaxşıya yaxşı demək, onu daha da həvəsləndirmək ancaq o sağ ikən faydalı olacaq. Çünki o etdiyi və gördüyü işlərin düz olmasına daha çox inanacaq, daha çox işləyəcək. Şəxsi eqoları bir kənara qoyub bir az da mövcud olmaq əvəzinə yaşamalıyıq, dünyaya niyə gəldiyimizi dərk etməliyik.

  • 2-ci fikir – İtən hər şey qayıda bilir, vicdandan başqa

BİZ SƏNİ DAĞ BİLİRDİK

Biz səni dağ bilirdik,
sən heç təpə deyilsən.
Səni ümman bilirdik,
sən heç ləpə deyilsən.
Biz sənə dost deyirdik,
sən yad imişsən, demə.
Səni kişi bilirdik,
arvad imişsən, demə,
Əvvəl elə sanırdıq təmizlərin təmizisən,
Sonra gördük, anladıq,
sən çirkinlik rəmzisən.
Çox artistlik eləmə,
yoxsa sənə göz dəyər,
Adam necə özünü
maskalyar, gizləyər.
Həqiqət gözümüzdə
durubdur röya kimi,
Arxasız imişik biz,
demə, buraya kimi.

Mən bu şerdən ardıcıllığın insan üçün nə qədər önəmli olduğunu görürəm. Tez-tez əqidəsini, düşüncəsini, fikirlərini köklü dəyişən insanların uğurlu olmasını söyləmək olmaz. Belə bir söz var ki, yola çıxarkən biryerdə getdiyin adamları, yolda tapdığın adamlara dəyişmə. Gəlin, ətrafımıza baxaq. Nə qədər ardıcıl insan var. Nə qədər danışan yox, real işlər görən adamlar var. Nə qədər məsələ bəlli bir yerə gələndə maskasını atıb əslində kim olduğunu göstərən adamlar var. İstər marketoloq olun, istər digər peşə sahibi çalışın Sizin sözləriniz bir-birini təkzib etməsin, duruma görə su kimi olmayın, düşdüyünüz qabın formasını almaq birbaşa mənasında şəxsi karyeranız üçün çox ziyanlıdır. Şəxsi eqo və paxıllıq hissləri Sizə öz həyatınızı yaşamağa mane olur, hiss etmirsiniz?!

  • 3-cü fikir – Çalışın Sizi nəyəsə görə tanısalar belə, hörməti özünüzə görə etsinlər

Mənim nəslim

Mən dövlətli ailədə doğulmadım,
Şan-şöhrətli ailədə doğulmadım,
Ən sadəcə bir insandı atam mənim,
Zər- xaralı yataqlarda yatammadım,
Məst olmadım, incə, zərif qucaqlarda
Boy atmadım meydan-meydan otaqlarda.
Mən doğuldum … payız yerə qəm yazanda
Bu dünyanın ən balaca komasında.
Heç yer üzü gözləmirdi bəlkə məni,
Mən doğuldum, bürüdülər kürkə məni,
Yatırtdılar bir küncündə komamızın.
Qoca nənəm layla dedi uzun-uzun.
Min bir cürə naz-nemətdən uzaq oldum,
Nə də hazır səadətə qonaq oldum.
Boz inəkdən süd sağaraq hər gün səhər,
Qaynatmayıb buğlu-buğlu içirdilər.
Dağa-daşa gözüm baxdı, heyran oldu,
Yazda-yayda mənim qəhvəm ayran oldu.
Qışda şaxta kəsdi məni nizə kimi,
Payız gəldi palçıq gördüm dizə kimi.
Bir gün dərdlər komamıza güc elədi,
Bir gün atam bu dünyadan köç elədi.
Atam getdi, məni qoydu mənim üçün,
Var-dövləti elə buydu mənim üçün!
Atam itdi, arzuların dumanında,
Mən tək qaldım sərt taleyin amanında.
Əsla tale insaf nədir bilmədi heç,
Bir çöpü də asanlıqla vermədi heç.
Məni yüz yol döyəclədi, şillələdi,
Neçə-neçə xoş arzumu şil elədi.
Nəyim varsa, zaman-zaman tək qazandım,
Məhəbbətdən qaşığacan tək qazandım. 
Qazanmadım səadəti xoş ilə mən,
Yox, qazandım dırnaq ilə, diş ilə mən.
Bu həyatçün, bu ömürçün necə varam.
Bax o çətin günlərimə minnətdaram.
Mən arxalı, mən nəsilli doğulmadım,
Ancaq heç vaxt çəkinmədim, sıxılmadım.

Anam bir az bundan ötrü dərd elədi,
Çox vaxt bizi pis adamlar pərt elədi,
Məni bu cür doğulmağım sərt elədi,
Məni bu cür doğulmağım mərd elədi.
Qəlbi təmiz saxladı bu,
Söyləyimmi qohumlarım nəçi idi,
Xarrat idi, çoban idi, suçu idi.
Minnətdaram öz nəslimə buna görə,
Axdi mənim ürəyimə gilə-gilə,
Həmin sadə adamların cəhcəhləri,
Taleləri, arzuları, ləhcələri…
Mən özümə bax onları nəsil seçdim,
Sərt taleli insanları nəsil seçdim,
Bu həyatı duyanları nəsil seçdim,
Daş üstə daş qoyanlarəı nəsil seçdim
Bu gün elə düz işimdə, ya səhvimdə,
Mən onların, onlar mənim tərəfimdə.

Nə zaman ki, bu yollarda karıxıram,
Dolaşıram,çəkinirəm,darıxıram,
Nə zaman ki, ömür coşur, dalğa olur,
Mənə elə sərt taleyim arxa olur.
Hələ çoxdur bu yolların əziyyəti,
Kim deyir ki, xoşbəxt olmaq asan işdir,
Yox, zor işdir, çətin işdir, yaman işdir.
Hələ çoxdur bu yolların əziyyəti,
Kim deyir ki, bu həyatla döyüşürəm?!
Öz əlimlə qazandığım səadəti,
Min-min hazır səadətə dəyişmərəm.

Yuxarıdakı misralar zəhmətin qüdrətini göstərir. İnsanın özünün dişi-dırnağı ilə bir yerlərə gəlməsinin, halal zəhməti hesabına hörmət qazanmasının verdiyi məmnunluq hissinin dünyanın heç bir neməti ilə müqayisə olunmaz olduğunu göstərir. Dünyada heç bir yol əziyyətsiz deyil. Harasa əziyyət çəkmədən gələcəksinizsə, o yerdə əmin olun ki, bir gün Sizi də başqa bir əziyyət çəkmədən gələn adam əvəz edəcək. Tarix ironiyaları çox sevir, tarix səbrlidir. Səbr edib-edib elə bir anda 30-40 il öncənin qisasını alır ki, heç yatsan yuxuna da girməz. Amma zəhmət ilə qazanılan hörmət bütün zamanlarda təqdir edilir.

Dostlar, bloq yenə uzun alındı deyəsən. Özümdən asılı deyil, başqa cür alınmır. Sadəcə bu 3 həqiqəti Sizinlə paylaşmaq istədim. Ömrüm və gücüm yetdiyi müddətcə də çalışacam bu prinsiplərə sadiq qalım.

Növbəti dəfə daha faydalı olmaq ümidi ilə…

Facebook Comments
Share

Yazar haqqında

Rafiq Hunaltay
Rafiq Hunaltay 307 posts

Təxəllüsdən istifadə etməyi sevirəm. Marketinq sahəsində isə yazılarımı Marketer Məhərrəm təxəllüsü ilə yazıram. Marketer Məhərrəm Azərbaycan reallıqlarında fəaliyyət göstərən, uğur qazanmağa çalışan marketoloq prototipidir. Yazılarımı oxuyaraq az da faydalana bildinizsə, təşəkkür əlaməti olaraq digərlərinin də faydalanması üçün yazını paylaşmanız yetərlidir. Hər hansı sualınız olarsa, hunaltay@gmail.com mail adresinə yazmanız kifayətdir. Öncədən təşəkkürlər.

Həmçinin oxuya bilərsiniz

Sərbəst 0 Comments

Təhsilimiz hara gedir?

Dediklərimiz yox, etdiklərimiz haqqında Neçə vaxtdır ki, bu haqda yazı yazmaq istəyirdim. Qismət bu günə imiş. Son baş verən bir neçə hadisəni də nəzərə alaraq Sizə bu dəfə təhsil sistemimizdə

Share
Sərbəst 0 Comments

Komikadze tələbələr

Əziz dostlar, ötən bloq yazılarımın birində, daha doğrusu ˝Heç mənə lazım da deyil˝ adlı bloqumda yazmışdım ki, artıq 2016-cı ildən ali məktəblərdə tədrisi dayandırıram. Daha doğrusu hələ bir müddətlik bu

Share
Sərbəst 0 Comments

Həyata “teymurvari” baxış

Əziz oxucular, marketer Məhərrəm bu dəfə Sizə tam fərqli bir mövzuda xitab edəcək. Əslində fərqli deyil, məzmun eynidir, forma fərqli. İstər marketoloq olun, istər mənim dostum Anar kimi sok satın,

Share

Şərhlər

Şərh yazan yoxdur

İlk şərh yazan siz olun

Şərh yazın