Dəyişək, yoxsa dəyişdirək?!

Dəyişək, yoxsa dəyişdirək?!

Bakcellin sloqanı vardı – Dəyişək, inkişaf edək. Çox yaxşı sloqan idi, təkcə sloqan yox, həm də gözəl bir sistemin açar sözü idi. Həqiqətən də inkişafın yolu dəyişməkdən keçir. Bugün mən Sizlə bəzi müşahidələrimə əsasən nələrin çox vacib dəyişməli olduğundan yazacam. Biz hamılıqla eyni gəmidəyiksə, mütləq dəyişməliyik. Dəyişən dəyişməli, dəyişə bilməyəni isə mütləq “qulağından tutub dəyişdirmək” lazımdı, yoxsa, tarix özü onu, o biznesi, o mühiti məcbur ya yox edəcək, ya da dəyişdirəcək.

Ayın 28-nə kimi məzuniyyətdəyəm deyə bu aralar kifayət qədər vaxtım oldu mütaliə etməyə. Oxuduqca biznes mühitimizin nə qədər uzun getməli yolu olduğunu açıq gördüm. İllər öncə başlatmalı olduğumuz çox şeyləri etmək üçün bugün belə tələsmirik. Bu çox pis haldır. Bugün etməsək, daha 15-20 il trenddən geri qala bilərik. Təxminən 10-a qədər biznes və marketinq jurnallarına abunəyəm. Hər ay mütəmadi alıram, oxuyuram, öyrənirəm, dəyişirəm. Bugün Uludağ Ekonomi Zirvesində çıxış edən Türkiyə və dünya divlərinin çıxışlarını oxumuşam bütün günü, bir də başımı qaldırdım ki, axşam olub. Oxuduqca yavaşlayıb sanki beynimə yazmaq istəyirdim. Eyni zamanda da çox təəssüflənirdim ki, müqayisədə nə qədər geridəyik. Bəzilərini Sizinlə də paylaşım, faydalı olar. Məsələn,

  • Oxudum ki, 2020-ci ildə Osloda yollarda avtomobil olmayacaq. Ölkə səviyyəsində velosiped yollarına ciddi yatırım edirlər ki, 2020-ci ildə dediklərini etsinlər.
  • Oxudum ki, 2023-cü ildə Türkiyə xarici ticarət dövriyyəsini 500 milyard dollara çatacaq.
  • Oxudum ki, Türkiyədə hər 100 ədəd malı ixrac etmək üçün 62 ədəd malı idxal etmək lazım gəlir.
  • Oxudum ki, avropada pul dövriyyəsinin hər 100 manatının 19.5-i qara puldursa, Türkiyədə bu 27-dir. Bəs bizdə görəsən neçədir?
  • Oxudum ki, türkiyə iqtisadiyyatı ümumən 800 milyard dollar dəyərində qiymətləndirilir.
  • Oxudum ki, Türkiyə krizdən çıxış yolunu inşaat sektorunu böyütməkdə görür. Türkiyə brendini ağıllarda möhkəmlətmək üçün hər yerdə markalaşmaya doğru strateji addımlar atılır və s.

Nəysə, bunlar bir qisim idi. Deyəcəksiniz ki, bunlar nə qədər faydalı idi ki? Ok, deyə bilərsiniz, bunlar hamısı deyil təbii ki. Kifayət qədər ciddi məlumatlar var, hamınıza tövsiyyə edirəm tapıb oxuyasınız. Hər şeyi də rahat oxumağa üstünlük verməyin. Xüsusən də bizim millət hər şeyi başqasından rahat şəkildə qəbul edib (əsas da pulsuz olsun) sonra mız qoymağı çox sevir. Amma dindirsən, dünyanın düzəlməsinə, qlobal istiləşməyə dair konseptlərinin olduğunu, amma buna şərait olmadığını deyəcəklər. Unutmayın, dostlar, əziyyət çəkmədən heç yerə gələ bilməyəcəksiniz. Çalışın, əziyyət çəkin.

Nədən danışmaq istəyirəm. Biz nələri dəyişdirməliyik? Bəli. Dəyişmək elə bir prosesdir ki, hətta dünya belə yerində durmur, mütəmadi yerini dəyişir. İnternetin tarixi çox deyil, amma bugün onun sayəsində o qədər şeylər dəyişdi ki, 30 il öncə kimə desən inanmazdı. Biz bu gün hər yerdə təbii olaraq deyirik ki, dünya digitallaşır, mobilləşir, artıq hədəf kütlə yox, hədəf fərd anlayışı yaranıb. Müştərinin hər birinə özəl yanaşma olmalıdır və s. Bəli, bunlar doğrudur. Bu inkişaf etmiş ölkələrdə müşahidə olunan trenddir.  Amma hər şeyi də birbaşa müqayisə etməyin qətiyyən tərəfdarı deyiləm. Fəlsəfədə “istənilən müqayisə qüsurludur” deyə bir şey var. Bəli, istənilən müqayisə 100% obyektiv deyil. Bəzən belə müqayisələr insanı, sistemi, şirkəti demotivasiya edir. Sözümün canı odur ki, gəlin hələ inkişaf etmiş ölkələrin getdiyi istiqamətə onlardan qabaq çatmağa yox, özümüzdə ingilislər demiş “by default” olmalı olan, amma olmayan şeyləri dəyişdirməyə çalışaq. O zaman ilk olaraq nələri dəyişdirək? Mən ilk olaraq 3 şeyin çox vacib dəyişməli olduğu qənaətindəyəm:

1. Düzgün statistika olmadıqca hara getdiyimizi görməyəcəyik

İlk bu dəyişməlidir. Statistikaya münasibətimiz kökündən dəyişməlidir. 2 qonşu belə öz aralarında bir-birinə yalandan “statistika” ötürürlər. Guya bunlarda hər şey yaxşıdır zad… Amma çoxu da bilir ki, elə deyil, hər kəs göründüyü kimi xoşbəxt, hər kəs deyildiyi kimi dürüst deyil və s. Yəni həqiqəti olduğu kimi deməsək, uydurduğumuz şeyə özümüz də bir müddət sonra inanmağa başlayacağıq. Özümüz-özümüzü aldadacağıq. Bugün türk bankçının bir sözünü oxudum. Deyir insaları biz pis öyrətdik. 10 bank eyni zamanda 1 milyon lirası olan müştərinin ayağına getdik. Adama 10 milyon lira da kredit verdik. Nəticədə 1 milyonu olan adam özünü 10 milyonu olan adam kimi hiss etməyə başladı. Bahalı evlər, maşınlar, lüks həyat falan. Sonra da ayıldı ki, ödəyə bilmir. Bəli, Seymur Baycan demiş imkanlarla arzularımız arasında olan incə sərhəddi müəyyən edə bilməliyik. Bu sərhəddi keçəndə də bilməliyik ki, keçdik və bizi irəlidə nə gözləyə bilər. Bizim statisitika komitəmiz var. Amma onların doğru-dürüst faydalı bir statistika paylaşdığını görmədim, gördüm deyəni də eşitmədim. Türk jurnallarını oxuyursan, hər sektorun öz dərnəyi, qht-si var. Aylıq, rüblük, illik statistikalar paylaşırlar, yığışırlar, problemləri müzakirə edirlər. Bizdə də bir sektorda 10 şirkət fəaliyyət göstərir, 10-u da deyir biz birinciyik. Bilmirsən kimə inanasan. Əgər doğru-dürüsüt araşdırmalar olsaydı, hamı dediyi sözün məsuliyyətini hiss edərdi, təəssüf ki, yoxdur. Dövlət olaraq da, şirkət olaraq da düzgün statistikanın alınmasına və yayılmasına çalışmalıyıq. Bu hamımıza faydalı olacaq.

2. Şirkətlərimiz onların rəhbərləri öləndə ölməməlidir

KFC Amerikan brendidir. Amerikada yaranıb. Amma əsas sahibkarı indi Braziliya şirkətidir. Çində idarəçiliyi tamam başqa formada aparır, türklər Çin bazarını idarə edir. CEO-ları bəlli dövrdən bir dəyişir. Apple yaradıcılarından Stiv Jobsu öz yaratdığı yerdən çıxarmışdılar hətta. İndi gələk bizimkilərə. Sahibkarlar CEO-luq edir, əksər hallarda. Amma problem təkcə bu deyil. Sahibkarlar ölənə kimi həm sahibkarlıq, həm də CEO-luq edir. Amma yenə də əsas problem bu deyil. Əsas problem sahibkar öləndə şirkəti də “ölür” :) Sistemi o qədər 1 əldə cəmləşdirir ki, o olmayan kimi sistem(sizlik) şirkəti çökdürür. Halbuki bəlkə də elə sahibkarlar düşünürdülər ki, övladları gələcək, idarə edəcək və s. Niyə görəsə biz sağlam əllərə bir müddət sonra dövr eləməyi öz qürurumuza sığışdırmırıq. Biznes eşq deyil, vicdan, namus, qeyrət, övlad da deyil. Ona bu qədər mühafizəkar yanaşmağa ehtiyac yoxdur. 5-10 ildən bir hər şeyi kökündən dəyişdirin. İdarəetmədən tutmuş, iş prinsiplərinizə, iclas metodlarınıza kimi hər şeyi. Hepsiburada CEO-su deyir ki, bir də ayıldım ki, şirkət o qədər böyüyüb ki, bir qərarı vermək üçün ən yaxşı halda iki əlavə imza lazımdır. Biri CFO, biri də audit. Gördüm ki, iclaslarımız belə mürəkkəbləşib, bürokratikləşib. Tez hər şeyi yıxıb təzədən qurdum. Şirkəti ikiyə böldüm və s. Bəli, hər insan, hər şirkət tarixində periodik olaraq yenilənmək üçün hər şeyi yıxıb təzədən başlamağa cəsarət tapmalıdır özündə. Belə olanda insanlar gəlib-gedər, amma sistem və nəticədə şirkət də uzun müddət yaşamış olar. Avropa və ABŞ şirkətlərinə baxın. O qədər əl dəyişdirib, idarəetmə dəyişdiriblər ki, baxırsan, şirkətin 2%-i bundadı, 20%-i başqasında, idarəetmə birində, səhm başqasında. Gəl indi çıx işin içindən. Sonra da ən loyal müştəriləri və işçiləri qazanırlar. Bəs necə edirlər bunu? Təbii ki, dəyişməklə. Bu menecerlərimizə də aiddir. Bir işdən yapışıb qalanda özünüzə inamı itirirsiniz. Hər gün eyni işi görmək olmaz, işinizə həyəcan qatın, işinizdə təkmilləşin, yeni şeylər öyrənin. Hansı yaşda olmağınızdan, hansı yaşda birindən öyrənmənizdən asılı olmayaraq dəyişin, öyrənin, inkişaf edin. Ona görə də belə bir böhranlı situasiyada şirkətlərimiz struktur və idarəetmələrində ciddi dəyişiklik etməlidir. Amma bir daha xatırladım ki, bu dəyişiklik hər yerin qaymağını bir yerə yığmaqla da olmur, ha. Yəni hər şey elə də asan deyil. Amma, nə isə, bu başqa mövzudur, bu haqda bir dəfə ayrıca yazarıq.

Bir-birimizə münasibətimiz dəyişməlidir

Biz MMF-də bəlkə də ilk dəfə rəqib şirkətləri yanbayan oturdurduq. Çətin olsa da, bir-birilərinin təqdimatlarına sona kimi baxır, müzakirələrdə səbrlə iştirak edirdilər. Yuxarıda yazdığım kimi səhvlərimizi özümüz eitraf etmirik deyə, bunu başqası deyəndə acıqlanırıq. İlk öncə özümüz səhvlərimizi deməliyik. Səhv işin nəticəsidir, olmalıdır da. Amma eyni zamanda bundan sui-istifadə edənlər də çoxdur. Mən sözü həmişə direkt deməyi sevirəm, elə edənlərə də hörmətim var. Təəssüf ki, bu gün bütün sahələrdə olduğu kimi biznes mühitində də məsələni şəxsiləşdirmə, fikri deyil, insanı müzakirə etmə halları dəbdədir. Bu isə obyektivliyə kölgə saldığından müsbət nəticə vermir, faydalı olmur. Baxırsan, gənc adamdır, hələ gediləcək uzun yolu, öyrəniləcək n qədər şeyi varkən bir anda boyundan yüksək tullanmaq istəyir. Hara tələsirsiniz, dostlar. Heç kim gələcəyə Sizdən öncə çatmayacaq. Öncə o gələcəyə hazır olmaq, daha sonra tələsmək lazımdı. Hazır olmaq üçün nə etdiniz? Nə zaman yatdınız, nə yuxu da görəsiniz?! :) Bizlər müzakirə edərək inkişaf edə bilərik, şəxsiləşdirərək, ritorika və yersiz kinayə ilə ancaq özünüzü qatardan geri salırsınız, fərqinə varın. Əslində aqressiv olmamız ümumən bəllidir. Yolda adi gedəndə də görürsən ki, birinin üzünə bir az “nito” baxsan, səninlə dalaşmağa hazır vəziyyətdədir, “vot-votdadır” ruslar demiş :) Bir də danışanda hamı yazsın, hamı oxusun, səhv yazaq, düz deyək, təki inkişaf edək falan da deyirik boğazdan yuxarı. Və ya başqa misal.

Biri çıxır. Facebookda dostluğa dəvət göndərir, sonra o dəvəti qəbul etdiyin üçün ayrıca təşəkkür də yazır. Yaratdığın platformalardan faydalanır, oxuyur, öyrənir. Sonra bir zaman gəlir ki, tənqid edir, gah sağdan, gah soldan vurur, hərdən elə bilir düz edir, hərdən küyə gedir, hərdən də sadəcə “mən də varam” demək istəyir. Sonra o zamandan yenə gəlir və bu orda-burda deyir ki, “gözümüz mazol oldu, hər yerdə özlərini PR falan edirlər, bəsdirin, bloq-mloq, nə bilim vloq, bezdik zad … ” Ey gözəl insan, biz sənin komfort zonana heç daxil olmadıq ki. Sən özün bizim içimizdəsən, amma fərqində deyilsən, ataş! Neyin peşindesin? :)

Mən qətiyyən təniqidin falan əleyhinə deyiləm. Amma bizlər çox tez şəxsiləşdirdiyimiz üçün tənqidimiz də obyektiv olmur, tərifimiz də. Qızıl ortanı tuta bilmiriksə, heç etməmək daha məsləhətdir. Çünki çox tez bəlli edirik süni niyyətlərimizi. Özünüz görmürsünüzsə, kənardan mütləq görünür, hər kəsi öz arşınımızla ölçməməliyik. Cem Yılmaz deyir ki, oğru oğurlaya bilməyən adamlara deyilir. Çünki o oğurlaya bilsəydi, heç kimin də xəbəri olmasaydı, heç kim də ona oğru deməzdi. Yəni Azərbyacanda əksər tənqidçi dediklərimiz qərəzini artıq hiss etdirən adamlardır. Ona görə də obyektiv sözləri də yanlış anlaşılır. Şirkətə qarşı qərəzlisinizsə, bunun işçiyə nə dəxli. İşçiyə qarşı qərəzlisinizsə, bunun brendə nə dəxli. Nə bilim brendə qarşı qərəzlisinizsə, bunun sektora, ali təhsilə və s. nə dəxli. Malı-malı niyə qatırıq ki. Kitab deyir kitabla, elm deyir elmlə sıxırsan divara, axırda da “voopşe sənin papağın hanı” lətifəsi ilə söhbət bitirir.

Sözümün canı bir-birimizə qarşı daha dözümlü, daha təmkinli, obyektiv, müzakirəyə açıq, öyrədici (yıxıcı yox) yanaşmalıyıq. Biz yuxarıda sadalanan halları dəyişməsək, kimlərsə gəlib bizi istədiyi kimi dəyişdirəcək. Dəyişməsək, silinib gedəcəyik. Yaşamaqla mövcud olmağın arasında ciddi fərq var. Bir güclü dövlət, millət olaraq yaşamağa, yaşatmağa və gələcək nəsillərə ötürməyə nələrimizsə olmalıdır və mütləq ki var.

Növbəti dəfə daha faydalı olmaq ümidi ilə…

Facebook Comments
Share

Yazar haqqında

Rafiq Hunaltay
Rafiq Hunaltay 307 posts

Təxəllüsdən istifadə etməyi sevirəm. Marketinq sahəsində isə yazılarımı Marketer Məhərrəm təxəllüsü ilə yazıram. Marketer Məhərrəm Azərbaycan reallıqlarında fəaliyyət göstərən, uğur qazanmağa çalışan marketoloq prototipidir. Yazılarımı oxuyaraq az da faydalana bildinizsə, təşəkkür əlaməti olaraq digərlərinin də faydalanması üçün yazını paylaşmanız yetərlidir. Hər hansı sualınız olarsa, hunaltay@gmail.com mail adresinə yazmanız kifayətdir. Öncədən təşəkkürlər.

Editor review

Summary

Biz hamılıqla eyni gəmidəyiksə, mütləq dəyişməliyik. Dəyişən dəyişməli, dəyişə bilməyəni isə mütləq "qulağından tutub dəyişdirmək" lazımdı, yoxsa, tarix özü onu, o biznesi, o mühiti məcbur ya yox edəcək, ya da dəyişdirəcək.

Həmçinin oxuya bilərsiniz

Marketinq 0 Comments

Siyasi marketinqdə son insanı görməzdən gəlmə

Marketinqdə müştəri anlamı bir neçə variantdadır. Siyasətin də “müştərisi” var – xalq. Hansısa şirkətin müştərisinin aldığı məhsul sayəsində şirkət gəlir əldə edib bazarda qala bilirsə, siyasətin müştərisi olan xalqın seçimi

Share
Araşdırma 0 Comments

Marketinq Azərbaycan qrupu üzvləri hansı növ şirkətləri təmsil edir?

Yəqin xatırlayırsınız ki, ötən aylarda biz Azərbaycanın marketinq sferasında ən böyük qapalı qrupu olan Marketinq Azərbaycan qrupuna aid statistik yazılar yayımladıq. Onlardan birincisi Marketinq Azərbaycan qrupu üzvlərinin cins və yaş aralığına

Share

Forumu forum edən sirrlər (III hissə)

Əvvəlki 2 yazıda toplam 6 bənddə keçirdiyimiz forumların “sirrlərindən” yazmışdım. İndi isə sonuncu bəndləri Sizinlə paylaşıram. Buna da bax: Forumu forum edən sirrlər – I hissə Forumu forum edən sirrlər

Share

Şərhlər

Şərh yazan yoxdur

İlk şərh yazan siz olun

Şərh yazın