Forumu forum edən sirrlər (II hissə)

Forumu forum edən sirrlər (II hissə)

5. Hədəf kütləyə uyğun qiymət təklifi olmalıdır

Bəli, əvvəlcə müəyyən etməlisiniz ki, bu forumu kimlər üçün keçirirsiniz. Yəni kimlər gəlsin istəyirsiniz. İlk bunu müəyyən edəndən sonra həmin hədəf kütlənin real vəziyyətinə uyğun onu cəlb etmə yolları, həmçinin də qiymət müəyyən edilməlidir.

Digər bir variant isə sizin kimlər gəlsin istəmənizdən əlavə, artıq keçirilmiş tədbirinizə kimlərin gəlməsini analiz etmənizdir. Ola bilər ki, Siz nəzərdə tutmuşdunuz ki, ancaq top menecerlər gələcək və onların ortalama maaşı 2000 azn üzərindədir. O zaman bəlkə də 200-400 aralığı qiymət təyin edə bilərdiniz. Amma bir neçə tədbirdən sonra daha böyük hissə orta sinif menecerlərdirsə, o zaman onların orta aylıq əmək haqqından nisbətlə qiymət çıxarmalısınız. Yəni reallıq üzərindən hərəkət edəcəksiniz.

Növbəti üsul isə müəyyən faiz nisbətilə bilet və dəvətənamə ilə cəlb etmədir. Burada da incə zolaq var, onu bir addım o tərəfə və ya bu tərəfə keçmək kimlərinsə möhkəm xətrinə dəyə bilər. Bu misalda isə sponsorlar və əlavə maliyyələşmə mənbələri hesabına mümkün itkiləri gözə almış olursunuz.

Son bir variant isə tədbirin xərcini sponsorlar vasitəsilə təmin edib auditoriyanı istədiyiniz formada özünüz dəvət edirsiniz. Maksimum 20% bilet satışa çıxarılır.

Onu da deyim ki, yuxarıda sadaladıqlarım modellərin hər birini tətbiq etmişik. Məsələn, son FİF2017 tədbirində 70% dəvət, 30% satış prinsipi ilə getdik. Nəticə ürəyimizcə oldu. Marketinq Forumunda 70/30, 60/40 nisbəti edirik arada. DMC-də isə 80% satış, 20% maksimum dəvət edirik. 5 illik təcrübə bizi son olaraq bu həddə gətirib dayandırdı. Bundan sonra necə olacaq bilmirəm, amma olanı da xatirədir :) Yaşayarıq, görərik.

Mən şəxsən daha çox bilet alınması ilə iştiraka üstünlük verirəm. Bilet alan adam daha tələbkar olur, Sizi məcbur edir ki, hər şeyi daha mükəmməl edəsiniz. Bilet alanlar dəqiqdir, onlar sona kimi iştirak edirlər. Dəvətnamədə isə iştirak faizi təxminidir. Bilet alanlar tədbiri daha maraqlı edir. Gün ərzində maksimum faydalanmağa çalışırlar. Bilet alanlar tədbir haqqında daha çox danışırlar. Onlar Sizin gəzən PR-nız olurlar. Məsələn, son FİF tədbirində bizim ödənilməmiş media alımının (unpaid reach) maddi dəyəri 60 min manatı keçmişdi.

6. Spiker, spiker və yenə də spiker

Nə edirsiniz edin, istəyirsiniz göydən kəndirlə birbaşa səhnəyə düşün, istəyirsiniz lap Şakiranı gətirin oxusun, nə bilim, hansısa ölkənin vəzifəli şəxsi gəlsin çıxış eləsin fərq etmir. Sizin tədbirin 70% uğuru spikerlərin düzgün seçimindən və onların nə danışacağından asılıdır.

Bəli, spiker məsələsində 2 vacib nüans var – 1) spiker seçimi 2) seçilən spikerlərin nə danışacağı, yəni kontent

Spiker seçimi Azərbaycan reallığında çox rəngarəngdir. Onu bəri-başdan deyim ki, seçim elə də çox deyil. Təbii ki, özünü buna layiq bilənlər çoxdur, o heç. 5 il müddətində heç vaxt spiker seçimlərimizdən tam razı qalmanı müşahidə etmədik. Açığı heç ona cəhd də etmirik. Çünki seçim tam obyektiv olmaya bilər, subyektiv amillər də təsir edir. İstənilən halda ədalətlilik və biznes etikası həmişə qorunur. Bu 5 ildə çox növ spiker seçimi etmişik. Sorğu etmişik ki, kimi istərdiniz elə seçmişik, nə bilim yarısını sorğu ilə, yarısını belə özümüz seçmişik. Daha sonra özü bizə müraciət edənləri dəyərləndirmişik. Sonda isə belə qənaətə gəlmişik ki, onsuz da nə etsək 100% razı qalan olmayacaq. Odur ki, öz doğru bildiyimiz metodlarla seçimə üstünlük veririk. Seçərkən həm spikerin natiqlik qabiliyyəti, həm də ən əsası danışmacağı şeylərin aktuallığı əsas kriteriyalardan olur.

Məsələn, bizi təhqir edənlər heç vaxt bizim forumlarda iştirak edə bilməz. Əvvəl elə düşünmürdük, sonra qərara gəldik ki, ümumiyyətlə onlardan uzaq olacağıq. Yaxşı bir atalar sözü var, deyir “axmağa salam verərsən deyər qorxdu məndən”. Quyu və su məsələsi, bir sözlə. Ona görə də işin boğaza qədər olan vaxtında, boğazdan yuxarı danışanlara enerji sərf etmək, neqativlərini qəbul etmək lüzumsuzdur.

Biz ildə 20-ə yaxın tədbir edirik, özümüzü o tip insanların neqativləri ilə yükləyə bilmərik. Amma sağlam tənqidi həmişə nəzərə almışıq. Sağlam tənqidləri qeyd edib növbəti tədbirlərimizdə mütləq nəzərə almışıq. Sadəcə bizdə bəzən elə bilirlər ki, davamlı olaraq tənqid etsən, daha tez məşhurlaşacaqsan, tənqidin dozasını aşıb “Rəqsanə metodundan” istifadə edənlər də tapılır. O adamlar da bizim üçün maraqlı olmurlar. Sadəcə bizdə forumdan gözləntilər seminar, təlimdən olan gözlənti ilə qarışdırılır deyə bəzən spikerləri də səhv anlayırlar. Çox vaxt isə hamının “filankəs də bu forumda yoxdursa, apar tulla” dedikləri adamları dəvət edirik. Birinci ona görə ki, ola bilər biz nəyisə gözdən qaçırmışıq, elin gözü tərəzidir deyib dəvət etmişik. İkinci də onu deyənlərə daha əyani sübut etmək üçün. Səmimi desəm, o cür dəvət etdiyimiz adamlar 90% səhnədə yaxşı performans göstərə bilməyib. Şükür Allaha ki, bütün çıxışların video yazısı qalır. O youtube, o da siz, girin baxın :)

Bir də kim düşünürsə ki, ancaq öz tanışlarını dəvət edirlər, yanılırlar. Spikerlər özləri də təsdiq edər ki, çoxuna facebookdan yazıb günlərlə gözləmişik. Kiminin əlaqə nömrələrini tanışlar vasitəsilə güclə tapmışıq. Bir çox adamlara da dəvət göndərmişik qəbul etməyiblər. Belə də olub, bəli. Kimsə deyə bilməz ki, ayrı-seçkilik var. Bir tək yuxarıda dediyim kimi təhqirə yol verənlər üçün bizim forumlara yol yoxdur. İstənilən işdə qüsur ola bilər, amma heç bir hal bütövlükdə görülən işə qara yaxa bilməz, durumdan sui-istifadəyə gətirə bilməz, şəxsi ədavətə görə ümumi qiymətləndirməyə yol aça bilməz. Forumlarımızda 3 ay boyunca olmazın zülmünü çəkirik. Allah şahiddir ki, gecə-gündüz demədən, əksərən də maddi ziyanlarla başa vururuq ki, təki bizim də bir faydamız toxunsun. Bunların fonunda hansısa şəxsin (adətən belələri 2 çöpü bir-birinin üstünə qoymayanlar olur) təhqirini qəbul edə bilmərik. Qəbul edə bilmərik deyəndə, ən gözəl cavab onlara bir növbəti işimiz olur və qətiyyən fikir vermirik. Onsuz deyənlər həmişə deyib, edənlər də həmişə ediblər.

Spikerlərin nə danışacağı forumun əsas özülüdür. Spikerləri istiqamətləndirmək üçün hər il forumlarımıza konsept seçirik. Məsələn, MMF2017-də kreativ tərəfdaşımız olan McCann agentliyinə qısa bir brif göndərdik ki, bu il bu istiqamətlərə toxunmaq istəyirik, bu kimi açar sözlər uyğun ola bilər və s. Onlar da brifə uyğun konseptə “Dəyişək ki, var olaq” adı verdilər. Deməli bu il Siz spikerlərin mövzularından asılı olmayaraq “dəyişmək, duruma adaptasiya, sağ qalmaq yolları” üzərində qurulmuş çıxışlar eşidəcəksiniz. Konsept müəyyən edildikdən sonra spikerlərlə ən az 3 dəfə görüşürük. 2 dəfə ümumi hamı ilə. 1 dəfə isə hər panel moderatorları öz spikerləri ilə ayrıca görüşür. Bu görüşlər yarana biləcək sualları, şübhələri, narahatlıqları aradan qaldırmaq üçün çox vacibdir. Eyni zamanda spikerlər belə görüşlərdə bir-birilərinin təqdimatları ilə tanış olur ki, kəsişməyə yol verməsin, təkrarçılıq olmasın. Əvvəllər forum günü təqdimatını gətirənlər olurdu. Zaman keçdikcə qaydaları sərtləşdirdik. Bəli, hərdən auditoriyanı bəyənməyən spiker özü çıxışa səthi hazırlaşır. Elə olanda da haqlı olaraq auditoriya tənqid edir, o tənqidin bir ucu da təşkilatçılara gəlib çıxır. Ona görə də son forumlarda deadline-lar çox sərt olur. Ona əməl etməyənlə yollarımızı ayırmaq məcburiyyətində qalırıq. Nəticə də göstərir ki, ən yaxşı yol budur. 500 adamın önündə çıxış edəcəksənsə, bunun məsuliyyətini dərk etməlisən. Hər şeydən öncə bu spikerin özünün PR-dır. Forumlarımız vasitəsilə daha çox tanınan adamlar az olmayıb. Forum şəxsi PR çox gözəl platformadır, o halda ki, dediklərin, danışdıqların faydalı olur.

Ardı var…

Facebook Comments
Share

Editor review

Summary

Mən şəxsən daha çox bilet alınması ilə iştiraka üstünlük verirəm. Bilet alan adam daha tələbkar olur, Sizi məcbur edir ki, hər şeyi daha mükəmməl edəsiniz.

Həmçinin oxuya bilərsiniz

Forumu forum edən sirrlər (III hissə)

Əvvəlki 2 yazıda toplam 6 bənddə keçirdiyimiz forumların “sirrlərindən” yazmışdım. İndi isə sonuncu bəndləri Sizinlə paylaşıram. Buna da bax: Forumu forum edən sirrlər – I hissə Forumu forum edən sirrlər

Share
Tədbirlər 0 Comments

Digital Marketing Conference 2016-ya hazırsınız?

Dostlar, hər il olduğu kimi bu il də DMC hazırlıqları yüksək səviyyədə davam edir. Bugün istədim Sizinlə hazırlıqlardan danışım, gedişat barədə hələlik dəqiq olan məlumatları bölüşüm. Məkan haradır? Bu ilin

Share
Digital 0 Comments

Böhran zamanı internet televiziya niyə effektivdir?

Böhran dövründə marketinq kommunikasiya üsulları ciddi dəyişikliyə uğrayır. Uzun müddətdə effekt verən vasitələrlə müqayisədə qısa müddətdə effektli olan vasitələrə üstünlük verilir. Nəticədə adi vaxtda edilən bir çox xərclər böhran dövründə

Share

Şərhlər

Şərh yazan yoxdur

İlk şərh yazan siz olun

Şərh yazın