Gözəllik sektorunun nəhəngləri – Revlon, Estee Lauder, Loreal

“Brendin tarixi motivasiyadır” rubrikasından II yazı

Gözəllik sektoruna aid brendlərdən yazdığımız və “Brendin tarixi motivasiyadır” rubrikası altında birləşdirdiyimiz ilk yazını artıq oxumusunuz. Bu dəfəki yazıda isə Revlon, Estee Lauder, Loreal kimi brend-şirkətlərin tarixinə nəzər yetirəcəyik.
Gözəllik sektoruna sezon anlayışını ilk gətirən adam – Revlon

Məşhur “Revlon” brendinin yaradıcısı Charles Revson 1906-cı ildə dünyaya gəlib. Gənc yaşlarında New-Yorkda gözəllik salonlarının birində satıcı kimi çalışıb. Daha sonra bir kimyaçı ilə tanış olduqdan sonra öz şirkətini qurur və 25 yaşında Revlon Nail Enamels adlı ilk mağazasını açır. O dövrdə ən güclü rəqibləri Elizabeth Arden və Helena Rubinshtein idi. Rəqiblərinin məhsulu əsasən üzə xitab etsə də, Revlon dırnaq qulluğu məhsulları üzrə tanınırdı. Hətta Revlon özü öz məhsullarını tanıtmaq üçün salonlara bütün dırnaqlarını boyayaraq gedirdi. Bu da özlüyündə fərqlilik idi və o bu cəhətinə görə tanınırdı. Revlon o dövrdə gözəllik sektorunda “sezon anlayışını” gətirən ilk adam idi. Belə ki, O, hər qış və yazda öz yeniliklərini təqdim edirdi. 1950-ci ildə isə Revlon gözəllik sektorunda ilk sayılan TV reklam çəkdirmişdi. Revlon bir müddət sonra ətir də istehsal etməyə başlayır və 1973-cü ildə Charlie adlı ilk ətirini buraxır. Təkcə onu demək kifayətdir ki, bu ətir 1980-ci ilədək Chanel N5-dən daha çox satırdı. 1975-ci ildə xərçəngdən dünyasını dəyişən Revlon ölümündən öncə yerinə 1.5 milyon dollarlıq razılaşma ilə Michel Bergeraunu gətirir. Revlon dünyasını dəyişəndə artıq şirkətin dəyəri 1.7 milyard dolları ötmüşdü.

“Müştərilərinizə toxunursunuzsa, yolu yarılamısınız” – Estee Lauder


“Estee Lauder” şirkətinin qurucusu Josephine Esther Mentzer 1908-ci ildə dünyaya gəlib. Joseph Lauter adlı bir kişi ilə evləndikdən sonra qurduğu şirkətin adını özünün və yoldaşının adı ilə uyğunlaşdıraraq Estee Lauder qoyur. “Bir gün istədiyim hər şeyə nail olacam” deyən Estee düz 94 yaşında, 2004-cü ildə vəfat edir. 1960-cı illərdə Estee Lauder Revlonla bir binada çalışırdı və o vaxt üçün Revlondan çox kiçik bir şirkət sayılırdı. Revlonun məhsulları 15000 mağazada satılırdısa, Estee Lauder cəmi 1200 mağazada satılırdı. Şirkətində dönüş nöqtəsi Estee-nin ətir mütəxəssisi Arnold Levis van Ameringen ilə tanış olması olur. İlk uğurulu məhsulu Clinique olur, Revlon isə Clinique markasına qarşı özünün Etherea markasını satışa çıxarır. Amma Clinique bazarda özünü daha çox doğruldur və satışları sürətlə artır. BBDO reklam agentliyi ilə müqaviləyə imzalayıb reklamda da yeni xətt götürür. O dövrdə orta amerikalı qadının 8.5 dollara adi ətir yağı istifadə etdiyi bir zamanda 115 dollara öz Re-Nutiv kremini satışa çıxarır. Kremin reklamı da maraqlı idi. “Bir kremi 115 dollar edən nədir? Estee Lauder Re-Nutiv” – yazılmışdı reklam mətnində. 1970-ci ildə Karen Graham adlı modellə müqavilə imzalayırlar və Karen Estee Lauderin ilk reklam siması olur. Hətta ilk reklamlarda hər kəs Kareni Estee Lauderin özü hesab edirdi. 2004-cü ildə şirkətin sahibi Estee öldüyündə şirkətin ümumi dəyəri 10 milyard dollar idi. 27 brendi özündə birləşdirən şirkətin dünyanın 130 ölkəsində 21500 işçisi var idi. Veb saytlarda Estee Lauderin digər bir deyimi də yer almaqdadır. O həmişə deyərdi ki, “bu yerlərə arzu edərək, ümid edərək deyil, işləyərək gəldim”. Onu da xatırladaq ki, Estee Lauder kişilər üçün də məhsul buraxan ilk şirkət idi.


Dünyanın ən böyük gözəllik sektoru şirkəti – Loreal


Loreal 1909-cu ildə yaranıb illik 18 milyard avroluq satış və illik 2 milyard avroluq gəlirlə dünyanın hazırda ən böyük kosmetik və gözəllik sektoru şirkətidir. Fransız şirkəti olan Lorealın qurucusu Eugene Schuller kimyaçı idi və ilk məhsulunu da Sarbon universitetində oxuyarkən müəlliminin verdiyi suala tapdığı cavab əsasında hazırlamışdı. Müəllimi o zaman sinifə “ağaran saçları qalıcı bir yolla necə boyamaq olar?” deyə müraciət etmişdi. Schuller 1923-cü ildən etibarən salonları maarifləndirici jurnal buraxmağa başlayır. Saç, cild baxımı, üzə qulluq və dərman sahəsində ixtisaslaşaraq nəhəng bir şirkətə çevrilir zamanla. Hazırda tərkibində Maybelline, Vichy, Garnier, Helena Rubinstein, Lancome, Ralph Lauren, Giorgio Armani Parfums, Biotherm, Cacharel, Kerastase, La Roche Posay kimi orta və üst sinif brendləri vardır. İsveç şokolad firması Nestle bu şirkətin 2-ci ən böyük ortağıdır. Ümumilikdə tərkibində 23 brend birləşdirir. 17 mart 2006-ci ildə ise Loreal şirkəti 652 milyon yevro ödəyərək kosmetik şirkət olan The Body Shop-u aldı. Şirkətin hazırkı sahibi 1922-ci ildə anadan olmuş Liliane Bettencourt dünyanın 30 milyard dollar sərvətilə tək Fransanın deyil, həm də dünyanın ən varlı qadınıdır. Şirkətin səhmlərinin 31% Lillianda, 29.8%-i isə Nestle şirkətindədir. Şirkətin baş direktoru isə Jan Pol Aqondur. Ümumi olaraq 130 ölkədə 64 mindən çox işçisi var. 2009-cu ildə tək Rusiyada satış miqdarı 563 milyon avro olub. 2010-cu ildə Rusiyada öz fabrikini qurub. Loreala daxil olan selektiv markalardan Lancome və Maybelline seçilir. Lancome brendi Fransanın Lancosme civarında yetişən vəhşi güllərin şərəfinə adlandırılmışdır. Loreal 1964-cü ildə bu brendi alıb. Maybelline isə 1915-ci ildə ABŞ-lı Williams adlı kimyaçı tərəfindən bacısı Mabelin şərəfinə yaradılıb. Dünyanın ilk modern mascarası məhz Maybelline brendinə məxsusdur. 1996-cı ildə 758 milyon dollara Loreala satılıb. Hazırda onu da qeyd edək ki, Lorealın dünya üzrə 14 ancaq araşdırma mərkəzi var ki, burada da toplam 3000-dən çox adam çalışır. Bir sözlə hazırda şirkət sözün əsl mənasında kosmetika sektorunun imperatoru sayılır.

Beləliklə, bu dəfə də 3 böyük nəhəng haqqında məlumat verdik. Növbəti yazıda isə artıq Procter&Gamble və MaxFactor kimi nəhənglər haqqında araşdırma edəcəyik.

Növbəti dəfə daha faydalı olmaq ümidi ilə…
Facebook Comments
Share

Yazar haqqında

Rafiq Hunaltay
Rafiq Hunaltay 307 posts

Təxəllüsdən istifadə etməyi sevirəm. Marketinq sahəsində isə yazılarımı Marketer Məhərrəm təxəllüsü ilə yazıram. Marketer Məhərrəm Azərbaycan reallıqlarında fəaliyyət göstərən, uğur qazanmağa çalışan marketoloq prototipidir. Yazılarımı oxuyaraq az da faydalana bildinizsə, təşəkkür əlaməti olaraq digərlərinin də faydalanması üçün yazını paylaşmanız yetərlidir. Hər hansı sualınız olarsa, hunaltay@gmail.com mail adresinə yazmanız kifayətdir. Öncədən təşəkkürlər.

Həmçinin oxuya bilərsiniz

Brendinq 0 Comments

“Qorxu” üzərindən gözəllik satan brendlər – Helena Rubinstein və Elizabeth Arden

“Brendin tarixi motivasiyadır” rubrikasından ilk yazı Dünyanın ən gəlirli və cazibəli sektorlarından biri də gözəllik sektorudur. Bu elə bir sektordur ki, insanlar alış qərarını məntiqdən daha çox hissi olaraq verirlər.

Share
Brendinq 0 Comments

“Gillette”in brendinqi və “Coca-Cola”nın gözəl banneri

Bu gün bir çoxlarımız iş gününün ilk dəqiqələrini xəbər saytlarında keçiririk. Xarici və yerli xəbər saytları bir-birindən dizayn və mövzusuna görə çox fərqlənir. Azərbaycanda hardasa 15-20 arası müxtəlif tipli xəbər

Share
Brendinq 0 Comments

Marketinqdə keçərli olan hərb strategiyaları (I hissə)

Hamımız bilirik ki, marketinqin kökü hərb elmi ilə sıx bağlıdır. Minillər boyunca dünyanın gördüyü minlərlə müharibədə elə bir o qədər də qalib gəlmə strategiyaları var. Müharibə həm də sağ qalmaq

Share

Şərhlər

Şərh yazan yoxdur

İlk şərh yazan siz olun

Şərh yazın