Haqq və xalq aşiqi Elçibəyin əziz xatirəsinə

Haqq və xalq aşiqi Elçibəyin əziz xatirəsinə

22 avqust 2016-cı il. Azərbaycanın eks-prezidenti, milli xalq hərəkatının lideri olan Əbülfəz Elçibəyin vəfat etdiyi gündür. O rəhmətə gedəndə mən 16 yaşımda idim, indi isə onun ölümündən 16 il keçib. Mən sağlığında bu adamı bir dəfə də olsun canlı görməmişəm. Amma haqqında çox oxumuşam, videolarını izləmişəm. Fikrinə, düşüncələrinə hörmət etdiyim və hətta etmədiyim adamlardan da Onun haqqında pis söz eşitməmişəm.

Çox qəribə şeydir. Mənim tanışlarım arasında çoxlu həm iqtidara, həm də müxalifətə rəğbəti olan adamlar var. Bu onların siyasi düşüncələridir, qarışa bilmərik, amma maraqlıdır ki, ən qatı iqtidar nümayəndəsindən də Elçibəy haqqında pis söz eşitməmişəm, əksinə “təmiz adam idi, Allah rəhmət eləsin” sözü mütləq deyilib. Az qala hamı haqqında, yəni bütün siyasilər haqqında az da olsa rüşvət, mal-mülk söhbətləri olub. Amma bu adam haqqında indiyə qədər bir adamdan eşitmədim ki, rüşvət alıb, özünə belə mülklər edib, elə talayıb və s. Qətiyyən. Hətta universitetdə oxuyanda siyasi tarix dərsliyində 92-93-cü illəri yumşaq desək “yıxıb sürüyürlər”, ordakı adamların çoxunun adı çəkilməklə tənqid edilir, amma yenədə O – YOX. Məktəb vaxtı AZTV-də müxalifəti saatlarla söyən verilişlərə baxırdım. O vaxt çox şeyi başa düşmürdüm, amma baxırdım, hər dəfə nəsə öyrənirdim. O verilişlərdə də hamının şəklini iri planda verib döşəyirdilər, amma yenədə Onu YOX. Və bütün bunlardan sonra öz içimdə bir də əmin oldum ki, O, həqiqətən də böyük adamdır.

Elçibəy ideya adamı idi. Çox səmimi, təvazökar, millətini hər şeydən çox sevən, köklərinə bağlı biri idi. Onun haqqında səslənən fikirlərdən məşhuru da elə bu idi ki, “o ideoloq idi, siyasətçi yox”. Vaxt keçdi, bir videosuna baxdım. Orda ona sual verirlər ki, niyə dövlət postlarına səriştəsiz gəncləri qoyurdunuz. Çox gözəl cavab verir – deyir ki, mənim ölkəmin mütəxəssis sayıla biləcək professoru hələ də inanmırdı ki, sovet dağılıb, onlarla görüşəndə bizi də inandırmağa çalışırdılar ki, sovet dağıla bilməz, şuluqluq eləməyin zad. Mən belə adamı necə vəzifəyə qoyum?! Bu adam ölkənin müstəqil olmasını istəmir, anlamır. Təbii ki, o dövr çətin idi. İndiki dövrlə müqayisə çox qüsurlu ola bilər. Amma indini götürsək, o dövrdə bəyin dediyi sözdə həqiqətin çox olduğunu görərik. Məsələn, mən neynirəm o savadlı müəllimi ki, savadından sui-istifadə edir, daha savadlı rüşvət alma yollarını kəşf edir, nəinki hansısa elmi yeniliyi. Mən neynirəm o savadlı hüquqşünası ki, lap dünyanın 1 nömrəli hüquq universitetini bitirib, amma adi halda sıravi vətəndaşa qarşı baş verən hüquq pozuntusuna biganə qalır. Onun super savadlı olmasının özündən başqa heç kimə faydası yoxdursa, ondan bizə nə. Ondan daha az savadlı olub, qəlbində ədalət hissini itirməyən biri özü də bacarmasa, bacaran birini tapacaq və işi həll edəcək. İkinci dünya müharibəsində bir qadın Almaniyada rəhbərliyə (səhv etmirəmsə, təhsil nazirliyinə) məktub yazır ki, bizə savadlı müəllim, həkim, mühəndis falan yetişdirməyin, insan yetişdirin. O insan olmayandan sonra professionallığı əksinə cəmiyyət üçün ziyanlı olacaq. İndi nəticəni özünüz çıxarın.

Elçibəy həm də uzağı çox yaxşı görə bilirdi. Səhvlərinin olduğunu və bunu etiraf etməyi də bilirdi. Düşünün ki, təqaüdçüyə sual verir ki, neçə manat təqaüd alırsan? Təqaüdçü deyir – 100 manat. Qayıdır ki, bəs niyə məni istefaya göndərmirsən? Tam ciddi. Bu təfəkkürə necə rəğbət bəsləməyəsən. Mən hamınıza onun Kələkidən qayıdan ərəfələrdə Mirşahinlə olan müsahibəsinə baxmağı tövsiyyə edirəm. Bugünlə çox səsləşir, yerinə düşür. Onun orada “bir fağır prezident, hökümət tapmışdınız, sağdan da döşəyirdiniz, soldan da. Mən də kənardan baxıb həzz alırdım, sevinirdim ki, bax demokratiya budur” Bəli, həqiqətən də belə adam idi, bəy. (aşağıdakı videoya tam baxmağı tövsiyyə edirəm, mən isə sırf yuxarıdakı hissəni qoyuram)

Ölkədə ilk dəfə test sistemini tətbiq edib neçə-neçə savadlı insanın rüşvətsiz təhsil almasına səbəb olmuşdu, rus qoşunlarını ölkədən çıxara bilmişdi və s. Youtube-da indi də var yəqin ki. Bir videosuna baxmışdım. İnaqurasiya mərasimində səhv etmirəmsə, Milli Məclisdə çıxış edir və deyir ki, “Siz məni indi prezident seçirsiniz, seçin. Amma indi seçdiyiniz prezidenti özünüz elə 1 ildən sonra yıxacaqsınız. Bu axı belə olmur. Bizdə o institut hələ formalaşmayıb. Tələbə də durub prezidenti məhkəməyə verə bilməlidir. Onu edə bilmirsə, orada demokratiya hələ qurulmayıb.” Sözbəsöz dəqiq yazmıram yəqin ki, yadımda qalan qədər yazıram. Amma burada da adam öz gələcəyini dəqiq görə bilmişdi. Bu arada o vaxt, təxminən 2000-ci illər ərəfəsi əlimə Osman Gündüzün hazırladığı Elçibəy haqqında multimediya diski düşmüşdü. Osman Gündüz indi də fbdə dostluğumda var, şəxsi tanışlığım olmasa da, sırf buna görə ona hörmətim var. Yaxşı ki, zamanında bu işin görülməsində rol alıb, vasitəçi olub.

Elçibəy, hər şeyin zamana ehtiyacı var deyirdi. Mənim haqqımda indi heç nə oxumayın. Çünki indi məni sevənlər tərifləyəcək, sevməyənlər pisləyəcək. 50 il sonra isə obyektiv fikir formalaşacaq. O zaman əsl həqiqəti bəlkə də bilmiş olarsınız. Həqiqətən də illər ötdükcə bu adam haqqında ancaq yaxşı fikirlər çoxalır. Ona görə də bəlkə də bizim üçün daha tez idi o tip demokratiya. Siyasət bəzən çətin qərarlar və ən pis variantı da gözə almağı tələb edir. Bu adam isə konkret bunu etmirdi. Siz onun çıxışlarına, müsahibələrinə baxın, bir insan necə bu qədər savadlı olmaqla parallel səmimi, təvazökar ola bilər axı. Bəlkə də səbəb elə budur ki, onu görməyənlər də onun yazılarından, videolarından tanıdıqca onu sevir.

Və sonda yuxarıda yazdığım kimi Mirşahinlə olan müsahibəsi haqqında yazmaq istəyirəm. Müsahibədə Mirşahin Elçibəyə kinayə ilə, lağ edərcəsinə bir-iki sual verir. Aşağıda süjetlərə baxın, görəcəksiniz. Şerdən falan soruşub, sonra məsələni prezidentliyə gətirir. Yəni demək istəyir ki, Siz ədəbiyyat, elm adamı prezidentlik hara falan. Cavabında Elçibəy Azərbaycan ədəbiyyatının ən ağır şairlərindən olan Hadidən şer deməklə Mirşahinə yumşaq formada cavab verir və onun eyhamını başa düşdüyünü hiss etdirir. Ona “sağdan da döşəyirdiniz, soldan da” deməklə demokratiyanın vacibliyini bildirir. Hətta başa salır deyərdim. Və gün bu gün. ANS özü hesab edir ki, onun bağlanması söz azadlığına, demokratiyaya ziddir. Düzdür, bunu dillərinə gətirə bilmirlər. Amma ürəklərində 100% belə düşünürlər. Yəqin ki, indi Mirşahin müəllim də o müsahibədəki kinayəsinə görə utanır. Ümumiyyətlə, bir az fikir versəniz görərsiniz ki, Elçibəyin səmimiyyətindən sui-istifadə edib onun komandasında ona asi olanların heç biri xeyir tapmayıb. Əli Kərimli bugün müxalifdir, amma özü o zaman parçalanmanın ilk təməllərini atanlardan olub. Sonra nə oldu? Sonra onun özünü də elə öz tərəfdarları parçaladı. Yəni kimi deyim. O vaxt ətrafında olan çox adam onun səmimiyyətini zəiflik kimi qəbul edib özləri haqda çox yüksək fikirdə oldular. Halbuki zaman göstərdi ki, onların özünü böyük göstərən də elə bəy özü idi. Dedikləri bircə-bircə düz çıxdı.

Mən siyasətçi deyiləm, amma bir vətəndaş kimi ölkə gündəmini mütəmadi izləyirəm. Təbii olaraq ölkəmin taleyi bir vətəndaş kimi narahat edir, uğurlarına sevinir, faciəsinə üzülürəm. Bu gün bu yazını mənə yazdıran da mənim müşahidələrim, hisslərimdir. Bəlkə də çoxları deyəcək ki, bu siyasətdir, ona qoşulma, get marketoloqluğunu elə. Amma mən indi də siyasətdən yazdığımı düşünmürəm. Mən Əbülfəz Elçibəydən yazmışam. O isə mənə görə siyasətin çox-çox üstündə olan bir adam idi. Allah rəhmət etsin.

Bu videolara baxın:

Facebook Comments
Share

Yazar haqqında

Rafiq Hunaltay
Rafiq Hunaltay 307 posts

Təxəllüsdən istifadə etməyi sevirəm. Marketinq sahəsində isə yazılarımı Marketer Məhərrəm təxəllüsü ilə yazıram. Marketer Məhərrəm Azərbaycan reallıqlarında fəaliyyət göstərən, uğur qazanmağa çalışan marketoloq prototipidir. Yazılarımı oxuyaraq az da faydalana bildinizsə, təşəkkür əlaməti olaraq digərlərinin də faydalanması üçün yazını paylaşmanız yetərlidir. Hər hansı sualınız olarsa, hunaltay@gmail.com mail adresinə yazmanız kifayətdir. Öncədən təşəkkürlər.

Editor review

Summary

Düşünün ki, təqaüdçüyə sual verir ki, neçə manat təqaüd alırsan? Təqaüdçü deyir - 100 manat. Qayıdır ki, bəs niyə məni istefaya göndərmirsən?

Həmçinin oxuya bilərsiniz

Köşə yazıları 0 Comments

Hamı və amma

Bayram günləri yazmağın da, oxumağın da ayrı ləzzəti var. Deyəsən biz bayramı bayram olduğundan daha çox, qeyri-iş günü olduğuna görə sevirik Başlamayacam indiki və əvvəlki bayramları müqayisə etməyə. Sadəcə mənə

Share
Köşə yazıları 0 Comments

Marketer üçün həyat çox sürətlidir

Neçə vaxtdır ki, “başım açılsın sərbəst hesabat xarakterli bir yazı yazım” deyirdim. Bir də ayıldım ki, ö sözü deyəndən bura 4 ay keçib. Xatırlayırsınızsa, 2012-ci il üçün Facemark.az olaraq hesabatımızı

Share
Köşə yazıları 0 Comments

MilliNet, yoxsa YerliNet ?!

MilliNet müsabiqəsinin bu ilki biabırçılığı haqqında danışacağıq. Bu dəfə MilliNet müsabiqəsindən yazmaq istəyirəm. Əslində yazmayacaqdım, amma sonra düşündüm ki, niyə də yazmamalıyam, bu müsabiqənin faydasızlığına susmaq olmaz. Qısa olaraq bildirim

Share

Şərhlər

Şərh yazan yoxdur

İlk şərh yazan siz olun

Şərh yazın