Heç mənə lazım da deyil

Heç mənə lazım da deyil

2015-ci ilin iyulun 1-də, ilin tam ortasında etdiklərimiz, gördüklərimizə əsaslanaraq hardansa belə bir fikrə gəlmişdim ki, ˝Bəlkə biz düz eləmirik?!˝. Sonra bu tərəddüdlərimi bir yazı halına gətirdim. Əgər oxumamısınızsa, xahiş edirəm bu linkdən oxuyasınız. Çünki bu yazını oxumasanız indi yazacağım yazını oxuyarkən bir az ˝fransız˝ qala bilərsiniz. O vaxt ötürmə üsulu ilə 30 bloqçu dostumuz bu silsiləyə qoşuldu və nəticədə azərbaycan blogerləri arasında keçirilmiş ən məşhur silsilə ola bildi. Sonda isə elliklə belə qərara gəldik ki, bəlkəni əkəndə bitmir, biz elə bəlkəsiz zadsız düz edirik. Ola bilər az edirik, amma əsas odur ki, düz edirik. 

Bu dəfə isə ilin sonu olduğu üçün fərqli tipdə silsilə yazılarının ilkini yazmaq istəyirəm. Silsilə yazılarının əsas mahiyyəti 2015-ci ilin yekunlarını və ondan aldığımız dərslərə əsaslanır. Silsiləyə isə belə bir ad vermək qərarına gəldim – Heç mənə lazım da deyil. :) Yəqin ki, təbəssüm etdiniz. Bəli, bu dəfə də mahnı sözlərindən birini yazı başlığı seçdim. Nə edək, hələ ki və nə qədər ki, bloqçuluq ara mahnıları  qədər məşhur deyil, o vaxta qədər biz də məşhur olan sözlərdən istifadə edəcəyik. Gün o gün olsun ki, bloq yazılarımızda istifadə etdiyimiz hər hansı bir cümlə və ya yazı özü ölkədə gündəm olsun. Və gün o gün olmasın ki, blogerlər bu gün bəzi və bir çox jurnalistlər kimi həqiqətdən uzaqlaşıb qeyri-obyektiv olsunlar, burunlarının ucunda onlarca yazılası, deyiləsi şeylər varkən, uzaq şərqdən, qlobal istiləşmədən, afrika xalqlarının gələcəyindən yazılar yazsınlar.

Heç mənə lazım da deyil – Niyə axı???

Ona görə ki, ədiblər deyir çox da zad eləmə! Səni yoran, vaxtını alan, həyatında olan-qalan az-maz marağı alan, cibindən pulunu, canından sağlamlığı alan hər şeydən və hər kəsdən uzaq ol. 2015-ci il istər ölkəmiz, istərsə də marketinq icmamız, biznes dünyamız üçün maraqlı dəyişikliklərlə yadda qalmaqdadır. Mən bu yazıda ˝Bəlkə biz düz eləmirik˝ yazımda olduğu kimi 8 bənd üzərindən nələrin heç mənə lazım olmadığını sadalayacam. Sadalananlar içərisində şəxsi, ictimai və təbii olaraq marketinqlə əlaqəli amillər yer alır. Beləliklə, başlayaq görək nə heç mənə lazım da deyil?!!!

1. Müəllim olmaq yox, müəllim işləmək

Artıq 2 il olacaq ki, fərqli ali məktəblərdə dərs deyirəm. Ən son isə 1 ildir ki, UNEC-də Marketinq ixtisası üzrə dərs deyirəm. İndiyədək 200-dən çox tələbə ilə işlədim həmin universitetdə. Daim paylaşmaq, daim az bildiyim nələr varsa, maksimum həvəslə tələbələrə deməyə çalışmışam. Tələbələrim və Allah şahiddir ki, bir çox strerotipləri nə zor bahasına qırmağa çalışırıq. Çox təəssüf edirəm ki, bugün İqtisad Universitetində çox şəffaf tədris mühiti qurulmasına, çox əməksevər və obyeltiv rəhbərlik olmasına rəğmən, qurulan sistem tələbələrin savadlanmasına, sözün həqiqi mənasında mütəxəssis olmasına xidmət etmir. 4-cü kursa gəlib 2 xəbər saytının adını bilməyən, ˝hansı xəbər saytlarını tanıyırsız?˝sualına ˝facebook˝deyə cavab verən sinifkomu olan, bəsit iqtisadi terminlərdən xəbərsiz olan, yalnız sonda testləri əzbərləyib qiymət alan və belə-belə universiteti bitirən tələbələrə dərs demək əmək israfı imiş. Məsələn, mən müəlliməm və həmkarlarımın çoxundan fərqli olaraq dərsi sırf praktiki də olsun deyə, təqdimat üsulu ilə keçməyi sevirəm. Amma hər dəfə yarım saat proyektor axtaranda yox a, bunun üçün kiməsə az qala yalvaranda anladım ki, bu dərs nə onlara lazımdır, nə də ki, mənə. Ona sərf etdiyim vaxtı, dissertasiyamın yazılmasına sərf etməm ən doğrusudur. Könül istərdi ki, gələcəyimiz olan tələbələrlə tez-tez ünsiyyətdə olum, amma bu hələlik ya zəlzələdən, ya vəlvələdən nə onlara lazımdır, nə də ki, mənə.

2. Millətdən bixəbər millət vəkilləri

Deputatlardan birinin Rəsulzadə haqqında dediklərini yəqin ki, xatırlayırsınız. Mən bilirəm ki, hazırda elə adamlar var ki, zamanında Azərbaycanın müstəqilliyinin əleyhinə səs verib, amma indi müstəqil Azərbaycanın millət vəkilidir. Mən onu da bilirəm ki, elə deputatlar var ki, ömür boyu ağızlarını da açmayıblar. Mən bunları başa düşməsəm də, hardasa qəbul edə bilərəm. Etməyib nə edəcəm ki. Amma mən bayraq yaradan, dövlət yaradan, bu yolda hər şeyini itirən şəxsiyyətlərə hansısa siyasi gediş xətrinə dil uzadan zehniyyəti anlaya bilmərəm. Hələ bunu gənc biri və bu qədər çirkin üsulla edirsə. Ankaraya hər getdiyimdə mütləq Rəsulzadəni ziyarət edirəm. Amma bundan sonra nə üzlə?!!! Əvvəl də yazmışdım, indi də deyirəm. Rəsulzadəni sevən adam müxalifətçi demək deyil, əziz dostlar. O saat damğa vurmaq lazım deyil, dövlət səviyyəsində 130 illiyin qeyd edilməsi barədə sərəncam verilən şəxs, ˝vətən xaini˝ola bilməz. Çox utandım açığı. Və mənə elə millət vəkilləri həqiqətən lazım deyil.

3. Marketinqi alverdən fərqləndirə bilməyən sahibkarlar 

Bu gün dünyada olduğu kimi ölkəmizdə də iqtisadi baxımdan çətinlik mövcuddur. Belə bir şəraitdə daralan bazarda payını qoruyub saxlayana halal olsun demək lazımdır. Məhz belə şəraitdə xidmətin, müştəri məmnuniyyətinin, normal marketinq sisteminin qurulması çox vacibkən, bunun varlığından belə xəbərsiz olan sahibkarlar var. Loru dildə desək, əziz sahibkarlar, indi quyruğun qapı arasında qalan vaxtıdır. Daha əvvəlki üsullarla qabağa getmək mümkün deyil, olmayacaq da. Satışın artması Sizin ömrünüzü deyil, müvəqqəti narahatçılığınızı uzadır. Bir gün (o gün bəlkə də bugündür) hər kəs eyni şəkildə açıq əllə döyüşə girəndə, marketinqin lazımlığını çox hiss edəcəl siniz.  2×2 kimi dəqiq bildiyin şeyləri kiməsə yenidən sübut etmək ehtiyacı vaxtınıza olan hörmətinizə qalib gəlməməli dir. Siz də belə edin, inanın ki, doğrusu budur. Satmaqla qazanmağn incə fərqini tuta bilməyən, amma üstündə oturduğu ˝mina˝dan xəbərsiz sahibkarlar, Sizi bilmirəm, mənə lazım deyil.

4. İşçisinə dəyər verməyən şirkət

Praktika göstərdi ki, texnologiyanın ən son həddində belə işçi, insan faktoru əvəzedilməzdir. Hər şirkəti güclü edən onun ideyalarından daha çox, ideyalarını icra edənlərdir. Milyon ideyanız ola bilər, amma düzgün insanlarla çalışmırsınızsa, o milyon birə dəyməz, bir də heçə. Azərbaycanda az qala hamının dilində əzbər olan bəzi şirkətlər var ki, adı çəkiləndə ˝yaxşı məktəbdir, amma işçinin orda dəyəri yoxdur˝deyirlər. Dünənə qədər işə yeni başlayanlara həmişə deyərdim ki, elə yerlərdən imkan olsa, karyeraya başlamaq olar müvəqqəti. Amma indi qətiyyən elə düşünmürəm. Karyeranızın başlanğıcında ilin günün bu vaxtında elə travma almaq Sizin işləmək eşqinizi birmüddətlik söndürə bilər. Gec olsun, əmək haqqı az olsun, daha aşağı vəzifə olsun bəlkə də, amma işçinin dəyəri olan şirkətdə çalışmaq çox gözəldir. Əksi mənə heç lazım da deyil, əminəm ki, Sizdə də elədir.

5. Daim güclünün yanında olmağa çalışan zəiflər

Uzaq olmaq lazımdır belələrindən. Belə adamlar ədiblərdən birinin sözü olmasın yatmış adamlar deyil, sadəcə özlərini yuxululuğa vurublar. Amma faciə bu deyil. Faciə budur ki, özlərini də buna inandırıblar. Hər gün rola girirlər, rolun öhdəsindən də çox məharətlə gəlirlər. Bəs necə yaşayırlar görəsən?! Sosial şəbəkələrdəki olaylar, şəxslər cəmiyyətimizin güzgüsüdür. Orada gündəm çox tez-tez dəyişir. Hər dəfə də gündəm dəyişdikcə, illərlə tanıdığın şəxslərin də o sürətlə dəyişdiyini görürsən. Bilmirsən, heyrət edəsən, ya nə. Hərdən içindən bir səs onlara səslənmək istəyir ki, ay qardaş, ay bacı nə olub, ˝mənəm e Miriş˝. Mən axı səni tanıyıram. Şərəf elə bir şeydir ki, ona düşmən də hörmət edir. İkinci dünya müharibəsində qəhrəmancasına həlak olan sovet əsgərlərini almanlar xüsusi törənlə dəfn edirmişlər. Belə şeylər millətlərdən, fərdlərdən daxili mədəniyyət tələb edir. Bir dəfə də yazmışdım, indi də deyirəm ki, bu gün yalan danışmayıb da, həqiqəti də söyləməyən n qədər adam var. Mən açığı bilmirəm onların günah payı yalan danışanlar qədərdir, ya yox. Amma onu bilirəm ki, heç nə daimi deyil, hər şeyin geci-tezi var. Özündən güclünü yamsılamaqla əmin olun ki, ətrafa bunu hiss etdirirsiniz. Mən bilirəm ki, hər gün 9-dan 6-ya işləyən insanlarla yanaşı, hər gün 9-dan 6-ya ölən insanlar da var. Bəli, onun adı nə işləmək, nə balasına çörək aparmaqdır. Onun adı ölməkdir, özü də bir gün yox, hər gün. Sonuncu sadaladığım insanlar bu cəmiyyətin inkişafını istəyiriksə, ona lazım deyil.

 6. Hələ də əvvəlki kimi işləyə biləcəyini zənn edən menecerlər

Açığını deyim Azərbaycanda bir çox işçilər kimi, marketinq menecerlərin də ˝ağzı isti yerdə idi˝ Mağazanı açırdın, bir az buklet zad, müştəri gəlirdi. Əksər hallarda da o müştəri malı başqa yerdən tapa bilmirdi deyə, alırdı, satış gedirdi. İndi o dövr deyil. Artıq hər müştərinin üstündə müharibə gedəsi vaxtdır. Artıq dövlət də güclü və alqışlanacaq bəzi addımlar atır ki, ölkədə sahibkarlıq mühiti daha rəqabətcil olsun. Rəqabət ədədi silsilə ilə artdığı müddətcə, bazardakı çox menecerlər həndəsi silsilə ilə bazardan çıxacaq. O güclü rəqabətə tab gətirmək artıq insandan xüsusi hazırlıq tələb edəcək. Odur ki, biz menecerlər daim öz üzərimizdə işləməli, yeniliklər etməli, hər addımımızda lazımlı olduğumuzu sübut etmək üçün mütaliədən kənar qalmamalıyıq. Bunun əksini edənlər, heç bir şirkətə, heç bir sahibkara lazım olmayacaq.

7.  Sərçədən yox, qaranquşdan yapışanlar

Deyir gərək hərə öz gördüyündən yazsın. Marketinq adına ölkədə çox aktivliklər olur, bəzilərini də biz edirik. Marketinq qədər inanmıram ki, hansısa başqa sahənin adamları bu qədər yığışsın, danışsın, müzakirə etsin, iş görsün. Məsələn, 2015-ci ildə milli marketinq forumu, digital marketinq forumu, onlara digər dostlarımızın təşkil etdiyi seminarlar, konfranslar olub. Bu il marketinq adına 3 vacib və praktik kitab nəşr edə bilmişik. Allahdan gizlin deyil, Sizdən nə gizlin ki, bu layihələr nə zəhmətlər bahasına başa gəlib, heç biri də gəlirli deyil. Birlikdə faydalı olaq deyə daim nələrsə etməyə çalışırıq. Nə bilim İrandan vurub Turandan çıxırıq, amma heç cür bəzi dostlarımıza yarına bilmirik. Onların yüksək gözləntilərini qarşılaya bilmirik. Bu yaxınlarda Avropanın 7 ölkəsini əhatə edən ˝Soruş Gör˝ layihəsinə başladıq. Dedik ki, yaxşı, bizi bəyənmirsiniz, ok. O zaman suallarınızı, öyrənmək istədiklərinizi bu 7 ölkədən olan onlarla rəhbər şəxsə, marketinq rəhbərlərinə, menecerlərə verin. Bunun üçün o 7 ölkənin hər birində çalışan, yaşayan, oxuyan dostlarımızı tapıb könüllü olaraq bu işə qatılmalarına nail olduq. Və budur sual verən yenə yoxdur. Atalar deyir, ˝qaranquş gəldi-gedərdi, sərçədən yapış˝. İnanın ki, bizə qalan ˝sərçə˝lər olacaq. Bizi düzəldən də o bəyənmədiyiniz ˝sərçələr˝ olacaq. Çünki onlar hər fəsildə Sizin yanınızdadır, bir fəsildə yox. Qədrini bilin, dəstək olun. Bir kinoya 7 manata bilet alan. o qiymətə kitab almaq istəmir. Pul verib foruma, konfransa bilet almaq istəmir, əksinə onu hədiyyə kimi gözləyir. Sonra da deyir ki, bizimkilər yaza bilmir, mən istərdim ki, asdfghjkkk…. Sən oxu və əsaslı tənqid et ki, yaza bilmirsə belə, növbəti dəfə daha yaxşı yazsın. Oxumursan axı. Bu dəqiqə özünüzə sual verin. Ən son oxuduğunuz 3 kitabın adını bu sətirləri oxuyarkən çəkin. Çəkdiniz? İndi düzünü deyin, neçə dəqiqə vaxtınız getdi düşünməyə??? Çox maraqlıdır, biz istəyirik ki, kimsə pulsuz-parasız bizim üçün yazsın, biz də oxuyaq və onun düz ya səhv olması haqqında fikir yürüdək. Nəinki fikir yürüdək, hətta elə yürüdək ki, o adam növbəti dəfə yazmağa tövbə eləsin, tüpürsün. Hər kəs dünyanın düzəlməsini istər, mərdliyi qonşusundan gözlər misalı yəni. Elə şey olmur axı, əziz dost. Sən də bir şam yandır, sən də əlini daşın altına qoy, mövcud olma, yaşa. Vahabzadə rəhmətlik yazırdı ki, ˝yaşamaq yanmaqdır yanasan gərək, şam da yanırsa, yaşayır demək˝ Yan da, niyə yanmırsan. Bir dəfə çox yaxın bir dostuma, etmək istədiyimiz yeni faydalı işlərdən, indiyədək etdiklərimizdən və bir-iki xırda şəxsi qayğılardan danışdım. Yemək yeyirdik, mən danışa-danışa yeyirdi. Mən bitirəndə, sakitcə aram verib çox rahat tonda, bivec-bivec  üzümə baxıb ˝Niyə ölmürsən?!˝ dedi yarı kinayə, yarı yumor hissi ilə. İndiyə kimi tuta bilmirəm o sözü, tutmaq bir tərəfə çıxa bilmirəm o sözün içindən :) Belə başa düşdüm ki, sözün mədəni alternativi ˝Bu sənə lazımdır?˝ sualı idi. Vallah, mənə nə lazımdır bilirəm, amma yuxarıda dediyim kimi, sərçəni buraxıb, qaranquşdan yapışanlar heç lazım deyil :)

8. Cəzasızlıq olan yerdə ədalətdən danışanlar

Deyir bir yerdə ki, kiçik insanların kölgələri böyük görünürsə, demək ki, o yerdə günəş batır. Evdə işıq sönsə də eybi yoxdur, vay o günə ki, işıq mənəviyyatda olmur. Mənəviyyat, ədalət zad tərslikdən gözlə görünmür ki, rəngini, çəkisini, dadını deyəsən. Çalışın harda olursunuz-olun olduğunuz yerin qədrini, olduğunuz yerə gətirən səbəblərin isə məsuliyyətini dərk edin. Sındırmayın altdakı pillələri. Həyat çox kopoğlu şeydi, bir də görürsən atın qabağına ət, itin qabağına ot qoyur :) Hazır olmaq lazımdır. Etdiyiniz hər işə, hər əmələ görə cavabdeh olduğunuzu hiss etmək belə çox yaxşıdır. Qoyun bu hiss məhkəmə olsun, həbs olsun məsələn, cəhənnəmdə yanma olsun, nə bilim nə olur-olsun, amma olsun. İnanın ki, cəzasızlıq olan yerdə ədalətdən danışanlar, elə bil yupiterdə tikintinin inkişafından danışırlar. Yupiterdə tikinti heç kimə lazım olmadığı kimi, cəzasızlıq olan yerdə ədalətdən danışanlar da heç kimə lazım deyil.

Bax belə. Nələr heç mənə lazım da deyil ondan yazdım. Çalışın oxuyun, oxudunuzsa, paylaşın. Paylaşın ki, yenə oxusunlar. Çəkinməyin, yazının müəllif hüquqları qorunmur, əksinə vəhşicəsinə pozulur, amma bu yazanın heç vecinə də deyil, kiminsə bu yazıya istinad gətirməsi yazana heç lazım da deyil :)

P.S. Bu silsiləni davam etdirməsi üçün növbəti bloq yazılarını Anar Bayramov, İlkin Manafov, Murad Malik, Samir Kərimov, Aysel Cəbrayılova, Orxan Rzayev, Babək Musazadə, Namiq Bayramov, Cəbrayıl Vəliyev və Sahil Hacıyevdən estafeti almalarını gözləyirik. 10 nəfər sadaladım. Hamını yazmadım ki, Siz də öz bloqlarınızda digər dostları da dəvət edəsiniz.

Yazın qardaş və bacılar, yazın görək, Sizə nə heç lazım da deyil?!!!

Facebook Comments
Share

Yazar haqqında

Rafiq Hunaltay
Rafiq Hunaltay 307 posts

Təxəllüsdən istifadə etməyi sevirəm. Marketinq sahəsində isə yazılarımı Marketer Məhərrəm təxəllüsü ilə yazıram. Marketer Məhərrəm Azərbaycan reallıqlarında fəaliyyət göstərən, uğur qazanmağa çalışan marketoloq prototipidir. Yazılarımı oxuyaraq az da faydalana bildinizsə, təşəkkür əlaməti olaraq digərlərinin də faydalanması üçün yazını paylaşmanız yetərlidir. Hər hansı sualınız olarsa, hunaltay@gmail.com mail adresinə yazmanız kifayətdir. Öncədən təşəkkürlər.

Editor review

Summary

Heç mənə lazım da deyil – Niyə axı??? Ona görə ki, ədiblər deyir çox da zad eləmə! Səni yoran, vaxtını alan, həyatında olan-qalan az-maz marağı alan, cibindən pulunu, canından sağlamlığı alan hər şeydən və hər kəsdən uzaq ol.

Həmçinin oxuya bilərsiniz

Sərbəst 0 Comments

Biz niyə yazmalıyıq ?!

“Yazar olmaq istəyirsən? Hər şeyə rəğmən, o, daxilindən vulkan kimi püskürüb özünə yol açmasa, yazma! Çağrılmadan gəlməzsə – ürəyindən, düşüncəndən, ağzından və canından, yazma. Söz axtararaq, saatlarla oturub gözünü komputerin

Share
Sərbəst 0 Comments

Təhsilimiz hara gedir?

Dediklərimiz yox, etdiklərimiz haqqında Neçə vaxtdır ki, bu haqda yazı yazmaq istəyirdim. Qismət bu günə imiş. Son baş verən bir neçə hadisəni də nəzərə alaraq Sizə bu dəfə təhsil sistemimizdə

Share
Sərbəst 0 Comments

Mənim həyat fəlsəfəm: “O hər şeyi görür”

-          “Gencliyimde ele bilirdim ki, heyat bir sevincdir. Boyudum ve gordum ki, heyat calishmaqdir. Calishdim ve gordum ki, Chalishma bir sevincdir”  (Tomas Karlil)           –          “Ugurun sirri

Share

Şərhlər

Şərh yazan yoxdur

İlk şərh yazan siz olun

Şərh yazın