İkinci Pərdə – Çox çətindir, amma mümkündür

İkinci Pərdə – Çox çətindir, amma mümkündür

İnsan emosional varlıqdır. Onun hərəkətlərində rasionallıq və ya məntiq axtarıb tapmayanda məyus olmağa dəyməz. Qərarlarımızda da emosional amillər daha çoxdur, nəinki rasional. Çox vaxt kiminsə haqqında danışanda “40 yaşı var, özünü uşaq kimi aparır” tipli ifadələr işlədilir. Çünki kənardan mühakimə çox asandır. Pisdir? Unut getsin, vecinə də alma, kəs at – deyirlər. Necə də asan səslənir. Elə asandırsa, başına gəlsin – demək keçir adamın içindən. Çalışıb kiminsə qərarını və hərəkətlərini müqayisə edəndə mühakimə etməməliyik deyə düşünürəm. Və tərsinə. Mühakimə edəndə müqayisə etməməliyik. Hər yanaşma individualdır. Xüsusən insan həyatında istənilən müqayisə qüsurlu ola bilər. Çünki həqiqətən də heç kim bilmir ki, eyni situasiyada Siz olsanız, necə davranarsınız.

Bizə elə gəlir ki, həyat adlı dama-dama dəftərdə 1-dən sonra 2, 2-dən sonra 3 gəlməlidir. Amma böyüyürsən və görürsən ki, yox. Elə deyil. 1-dən sonra həmişə 2 gəlmir. Hədəf 9 deyib 10-u gözləyirsən, amma həyat səni 10-nu gözlədiyin halda təzədən 1-ə qaytara bilir. Vay o gündən ki, həyat sənin etdiyin bütün cəhdlərin, işlərin, əzab-əziyyətlərrin qabağında sıfıra vurma əlavə edir. Onda istənilən nəticə sənin üçün 0 olur. Gəl, indi çıx işin içindən. İşin içindən bəlkə də çıxarsan, amma ətrafın söz-söhbətindən çıxmaq çətin olur.

Uşaq vaxtı yazmağı bilməyəndə adamın əlindən tutub öyrədirlər ki – düzgün yaz. Çünki bilirlər ki, vaxtında düzgün yazmadığın hər şeyə görə böyüyəndə məsuliyyət daşıyacaqsan. Böyüyürsən, yaxşı-pis cızdığın həyat yolunda yenə də kiminsə əlindən tutmağına ehtiyacın olur. Bu dəfə amma düzgün yaza bilmən üçün yox, üzgünlüyünü az da olsa, dəf edə bilmək üçün, nəfəs aldığın hər anı doya-doya yaşamaq və qısa, gözlənilməz həyatdan gözəl anları qopara bilmən üçün. Bəs nə etməli? Heç zad, edəcəyini dəqiq bilmirsənsə, yıxılıb ölməli, bilib etmirsənsə, əzab çəkməlisən. Həyat belədir, atın qabağına ət, itin qabağına ot atır. Ətrafın da basqısı ilə at at olmaqdan çıxıb düz ölənə kimi əti ot bilib yeyir xoşbəxt olmur, it də it olub otu ət bilib yeyir xoşbəxt olmur. Bilməyin əvəzinə inandırmaq desək daha düzgün olar. İnsan inanır, insan aldanır və insan ağıllanmır.

Çoxdandı başım DMC-yə qarışdığından nə düzgün mütaliə edə bilirdim, nə də gördüyünüz kimi bloq yazammırdım. Ona görə girişim bir az uzun alındı. Həvəsiniz varsa, bu yazını sona kimi oxuyun. Peşiman olmazsız :) Demək istədiyim söz çoxdur, təki ömür vəfa etsin deyərik. Mütaliə qurdumu Remarkın “Qərb cəbhəsində yenilik yoxdur” kitabı ilə öldürüb çox təsirləndim. İnsan həyatını və iztirablarını necə də mükəmməl təsvir edib. DMC çox yormuşdu, yorğunluğumu da iş sonrası kinoteatrda film izləməklə keçirdim. Açığı yerli bir neçə yeni çəkilmiş komediyaya baxdım. Gülməli kino idi, amma gülməli deyildi. Yorğun olanda, istirahətə ehtiyacım olanda da ağır süjetli heç nə izləmək, dinləmək istəmirəm. Onsuz da yuxu yatammırıq, az yuxumuza da cin-şeytan girir bir həftə özünə gələ bilmirsən. Nəhayət şiddətli tövsiyyələr təzyiqi altında qalıb PƏRDƏ filminə baxdım. Birincini də çox demişdilər, amma baxmamışdım. Və baxdım “İkinci Pərdə”yə. Axırıncı dəfə hansı kinonu bu qədər bəyəndiyimi xatırlamıram. Bəyənmək çox soyuq söz çıxır hətta. Baxdıqca istəyirdim kimsə geri versin, dediyi sözə və deyərkən üz ifadəsinə bir də baxım. Baxdım, hətta doyunca baxdım :) Və sonra gəlib birinci pərdəyə də baxdım. Birinci mənə görə ikincinin yanında zəif idi. Mənə İkinci Pərdəni sevdirən nə idi soruşursunuzsa, aşağıda 3-5 bəndlə izah edim!  

Bizə bizi olduğu kimi göstərir

İkinci Pərdəyə baxanlardan əminəm ki, kimsə kino qəhrəmanları arasında öz yaxın dostunu gördü, kimi qardaşını, kimi valideynini, kimi sevgilisini və bəlkə də bir çoxu elə özünü gördü. Deyirdilər ki, biz ancaq komediya sevirik, dram bizlik deyil və s. Sən gedib sujet xəttini ruhumuza və davranışlarımıza yad əsərlərdən, hadisələrdən seçəndə əlbəttə tamaşaçı səni sevməyəcək, özünə yaxın hiss etməyəcək. İnsanlar istər komediyada, istərsə də dramda öz inandığı və gördüyü şeylərə gülür, ağlayır. Ona tanış olmayan hisslər onu duyğulandıra bilməz. Bizim kinolarda isə burnumuzun ucunda baş verən hadisələr qalır bir tərəfə, qlobal problemlərin həllinə girişirlər. Yadımda deyil kim demişdi, amma kim idisə deyirdi ki, bugün cəmiyyətin problemlərini real, olduğu kimi çılpaqlığı ilə açıb yaza bilən olsa, Sabirdən məşhur olar. Çünki bugün elə şeylər baş verir ki, Sabirin mövzularını kölgədə qoyur. Bunlardan yazmaq, bunlardan çəkmək lazımdı. İkinci pərdə filmində mən məhz bu hissəni gördüm. Hər kadr, hər söz, hər replika qulağınıza çox tanışdır.  Hətta söyüşlər də adama qəribə doğma gəlir. Bir sözlə İkinci Pərdə bizə burnumuzun ucunu göstərir. Fikir versəniz personajların danışıq üslubu da elə orta statistik oxumuş və oxumamış azərbaycanlının danışıq tərzidir. Hətta filmin çəkildiyi küçə və məkanlar da insanda səmimiyyət yaradır, real və inandırıcı görsənir. Yoxsa ki, hamı bulvarda və ya tarqovuda gəzişmir axı. Hamı əsəbləşən kimi gedib dənizə baxmır axı. Bu epizodlar daha bizi həyəcanlandırmır. Bu baxımdan filmdə hər şey çox gözəl düşünülüb.

Arzularla imkanların sərhəddi

Film ölkdə sosial problemlərə də ustalıqla toxunub. Dolların 78 olan vaxtının verdiyi lüks sayəsində neçə yüz min insan arzuları ilə imkanların sərhəddini düz müəyyən etməyib dərəyə yuvarlandı. Həyatı tamam puç olanlar, borc içində batanlar, üzdə bir arxada bir davrananlar, özü üçün deyil qonşusu üçün yaşayanlar, 300 manat alıb 1300 manatlıq telefon işlədənlər, bahalı maşını kreditə alıb qaytara bilməyənlər, nə yolla olur-olsun pul qazanan el gözündə “fərasətlilər” və s. Filmdə kafenin sahibi də bənzəri problemlərin qurbanıdır.

Seçimi sənə buraxır

Filmdə heç bir halda qərar yoxdur. Sanki qərarı izləyiciyə buraxırlar. Filmin sonunu sən yaz. Bildiyin kimi yaz, doğru hesabt etdiyin kimi yaz deyirlər. Hərə də öz arşını ilə situasiyanı qiymətləndirib kinonun sonluğunu düzüb-qoşur. Film ərinə yaxın dostu ilə xəyanət edən qadın, ər və dostunun atmacalı dialoqu, ərin isə əlində tüfənglə səhər çöldə həyətdə görünməsi ilə bitir. Kiminə görə ər mütləq şəkildə arvadı da, dostunu da öldürür deyə düşünür, kimlərsə öldürməlidir deyir. Kimlərsə də, öldürmədi, çünki öz günahı da var deyə düşünür. Filmdə qadının dediyi sözlər də təsirli olur. Məhz ondan sonra filmin sonluğunu müəyyənləşdirmək çətin olur. İkinci pərdənin ən sevdiyim, onu digərlərindən fərqləndirən xüsusiyyəti seçimi izləyiciyə buraxması və bu yolla onu intizarda saxlamasıdır. Və bu yolla elə ssenari müəllifi öz prinsiplərinə sadiq qalır. Əgər filmdə aydın göstərilsə idi ki, xəyanətkar qadın və dostu da öldürülür, bu konkret mövqe ortaya qoymaq olardı. Burada isə düşünürəm ki, müəlliflər belə mövqe ortaya qoymaq istəməyiblər. Müzakirələrin çox istiqamətli getməsi də əslində onu göstərir ki, hamının qəbul etdiyi “mütləq doğru” yoxdur. Hərənin bir fikri var və hərə özünü haqlı hesab edir. Əgər belədirsə, onda ritorik sual ortaya çıxır ki, o zaman sən niyə bütün addımlarını atanda “görəsən nə deyərlər” deyə özündən başqa hamını düşünürsən? Axı onların heç biri obyektiv deyil. Hamı xoşbəxt olsun, sən olma deyə?! El qınağı, onun fəsadları filmdə real olaraq ustalıqla təsvir edilib. Hər an ölüb heç olacağını bilən insan qeyri-müəyyən ömrünü də onun-bunun həyatını düşünərək keçirir, nə səhvdir-nə düzdür deyə-deyə ili-ilə calayıb qocalır. Axtarır, axtarır və tapdığı ilə də qane olmur, çünki nə axtarmalı olduğunu dəqiq bilmir. Dəqiq bilmədiyi şeylər isə onu  xoşbəxt etmir.

Sevgisiz evliliklər vs sevdiyilə evlənə bilməyənlər

Azərbaycanda neçə-neçə ailə yuxarıdakı iki kateqoriyadan birinə aiddir. Bir çoxu bilərək, bir çoxu məcburiyyətdən bu vəziyyətdədir. Günahın biri özündədirsə, mini də cəmiyyətdədir, ötürülən ənənələrdədir. Özü eyni üsulla bədbəxt olan ardıcıllıqla oğlunu, qızını da eyni yola sürükləyir, o da öz uşağını və beləcə zəncir düyünlənə-düyünlənə gedir. Mən əminəm ki, hamımızın yaxın ətrafında belə situasiyada olan xeyli adam var. Filmdə də bundan gözəl istifadə edilib. Qadın sevgi olmadığı üçün ərinə xəyanət edir, özü də ən yaxın dostu ilə. Kişi isə başqasını sevir, amma evlənə bilmir. Çünki cəmiyyətdə qəbul edilmiş stereotiplər var, onu qıra bilmir, ona cəsarət edə bilmir və s. Bir sözlə, yuxarı tüpürürsən bığ, aşağı tüpürürsən saqqal. Gəl indi çıx işin içindən.

Dostlar və yenə də dostlar

Filmdə çox gözəl şəkildə bizim hamımıza tanış dostluq mənzərələri də var. Bir məhlədə böyüyən dostlar, bir-birini gözü götürməyən dostlar, xəyanət edən dostlar, guya qeyrət dağarcığı olub ilk fürsət içindəki öküzü oyada bilən dostlar və s. Nə haqqında çox danışırsa insan o şey çatmır demək. Bizdə də ən çox sağlıq bəlkə də dost, ata-ana sağlığıdır. Əlavə sözə ehtiyac yoxdur, məncə. Bəzən yaxşı dostlar belə böyük qərarsızlıq içində qalır. Onlar bilmir ki, el üsulu mühakimə etsinlər, məsələyə baxsınlar ya necə. Çıxış yolu tapa bilmirlər. Ona görə də dost sözünü işlədəndə, onu seçəndə də çox diqqətli olmalıyıq. Ətrafımızda hər gün “eşitdin də filankəsin dostu filankəsə neynədi” ilə başlayan minlərlə real hadisələr baş verir. Onlardan birini də bu film göstərib.

Pulsuzluqdan dili gödək olanlar

Bunun ən pisi öz həyat yoldaşı qarşısında dili gödək olanlardır. Təəssüf ki, ailədə düzgün yönləndirilməmə qadının əlinə bir balaca imkan düşən kimi onu dəyişdirir. Burada valideynlərin də səhvi çox böyükdür. Nəticədə neçə-neçə ailələr dağılır Azərbaycanda. Kökünə getsən, boş şeylərin üstündə. Çünki tərəflər funksiyalarını və yerlərini müəyyən etmədən tutmuş güzəştə getməyə qədər hər şeydə səhvlər buraxır. Gəlin razılaşaq ki, ailədə qadının kişidən çox qazanması, imkanlı olması çox normaldır, amma Azərbaycanda yox. Azərbaycan mentalitetində o kişinin hörməti olmur. Səhvdirmi, düzdürmü onu bilmirəm. Filmə baxsanız orada bu səhnənin olduğu maraqlı epizod var.

Və sonda bu cəmiyyətdə qadın olmaq

Bəli, bu çox çətindir. Amma mümkündür. Onu mümkün edənlər də alqışa, təqdirə layiqdir. Çünki bizim indiki cəmiyyətimizin qaydalarına görə qurban getməli olan şəxs həmişə qadındır. İstənilən halda o güzəştə getməlidir, dözməlidir, el var, oba var, camaat nə deyər və s. Cəmiyyətimiz kişilərə səmimi etiraf edək ki, daha dözümlüdür, nəinki qadınlara. Hətta qadınlar özü belə bu tip situasiyalarda öz həmcinslərinə qarşı dözümlü davranmır.

Film yuxarıda sadaladıqlarım real hadisələri bizə göstərdiyinə görə daha dəyərlidir. Düzdür, bəlkə də tamaşaçısı az olacaq, bəlkə də filmdən arzuedilən gəlir əldə etmək çətin olacaq, amma bu film bir çox insana müsbət mənada yaxşı təsir edəcək, onu düşündürəcək, ona öz qərarlarını sahiblənməyi aşılayacaq. Hətta stereotipləri də qırmağa kömək edəcək. Bu çox çətindir, amma mümkündür.

Filmin ssenari müəllifini və bütün yaradıcı heyətini təbrik edirəm. Gözəl iş ortaya qoyublar.

Facebook Comments
Share

Yazar haqqında

Rafiq Hunaltay
Rafiq Hunaltay 305 posts

Təxəllüsdən istifadə etməyi sevirəm. Marketinq sahəsində isə yazılarımı Marketer Məhərrəm təxəllüsü ilə yazıram. Marketer Məhərrəm Azərbaycan reallıqlarında fəaliyyət göstərən, uğur qazanmağa çalışan marketoloq prototipidir. Yazılarımı oxuyaraq az da faydalana bildinizsə, təşəkkür əlaməti olaraq digərlərinin də faydalanması üçün yazını paylaşmanız yetərlidir. Hər hansı sualınız olarsa, hunaltay@gmail.com mail adresinə yazmanız kifayətdir. Öncədən təşəkkürlər.

Editor review

Summary

İnsan inanır, insan aldanır və insan ağıllanmır.

Həmçinin oxuya bilərsiniz

Münasibət 0 Comments

Ondan bir dənədir !

Bugünlərdə facebookda hər yerdə “Səndən 1 dənədir” kampaniyası viral olaraq yayılmaqdadır. Son ayların durğunluğundan sonra belə bir aktivliyin sosial şəbəkəni əhatə etməsi, insanlarda pozitiv mühit yaratması alqışa layiqdir. Amma bizdə

Share
İntervyular 0 Comments

Xəzərin Səhəri verilişinə müsahibəm

Dostlar, ötən həftə Xəzər Tv-də “Xəzərin Səhəri” verilişinə dəvət almışdım. Qonaq müsahib kimi 10 dəqiqə müddətində məhsulların qablaşdırılması, qablaşdırmanın məhsulun imicində önəmi, müştərilərin məhsulu seçərkən üstünlük verdiyi qablaşdırmalar, qablaşdırmanın satışda

Share
Münasibət 0 Comments

İtirmək qorxusu (II hissə)

İnsanda itirmək qorxusu yaradan səbəblərdən danışırdıq. Xüsusən bunu ölkəni tərk edən qruplar üzərindən təhlil edirdik. Yazının əvvəlini bu linkdən oxuya bilərsiniz – http://marketermeherrem.com/itirmək-qorxusu-i-hissə/ 3. Hüquq sisteminə “ilişmək” qorxusu Bəli, bir çoxları

Share

Şərhlər

Şərh yazan yoxdur

İlk şərh yazan siz olun

Şərh yazın