Kann təəssüratları və ya Kannda qan-qan deyən reklamlar

Bildiyiniz kimi bu il Cannes Lions Reklam Festivalının 60-cı ili tamam olur. Facemark.az və FMR TV olaraq 2012-ci ildən bu festivalın Azərbaycandan yeganə media partnyoruyuq, amma festivalın özündə iştirak imkanı bu ilə təsadüf etdi. Mən də “Gedək Kanna bir salam verək” deyib oraya yollandım. Bu arada iştrakımla bağlı mənə hər cür dəstək olan dostlara təşəkkür edirəm. Yaxşı ki, varsınız.
Bu yazıda mən Sizinlə festival haqqında təəssüratlarımı və öyrənməli, görüb götürüb tətbiq etməli olduğumuz bəzi məsələlər haqqında fikirlərimi bölüşəcəm. Təyyarəyə hələ 2 saat olduğuna görə yazıb bitirə biləcəyimi düşünürəm.
İlk başlayım iştirak üçün müraciətdən. Qısa onu deyim ki, bir çox festivallarda iştirak etmişəm, bir çoxunun da   şərtləri ilə tanıışam, amma Kann qədər çətinini görməmişdim. 1,5 aydır ki, gündə Camilla xanımla 4-5 dəfə mailləşirdik və O, hər dəfə nəyisə tapıb irad tuturdu. Sən demə festivalda iştirak edəcək media nümayəndəsi real olaraq ancaq jurnalist kimi full-time çalışan biri olmalıdır. Mən də bunu bilmədiyimdən bir neçə dostumla birlikdə iştirak üçün müraciət etmişdim və təbii ki, həqiqi press kimi görünmək üçün əlimdən gələni əsirgəməmişdim ))) Amma professionallıqlarına bir daha əmin olduğum təşkilatçılar heç ağlıma da gəlməyən üsulla adlarını verdiyim adamları Linkedin-də tapıb onların ayrı-ayrı şirkətlərdə çalışdığını öyrəndilər. Qısacası mümkün olmadı digər dostları qeydiyyatdan keçirmək, mənim də İdealda işlədiyimi öyrəndi, amma keçən ildən olan əməkdaşlığımız və saytın sahibi olmağım, saytda yazılarımın olması yəqin ki, Camilla xanımın “ürəyini yumşaltdı” )). Artıq festival başlamamış təşkilatçılığın səviyyəsinin fərqinə varmaq olurdu. Tək qatılmalı olduğum üçün bir az sıxılırdım ki, təsadüfən öyrəndim ki, Azərbaycandan Nar Mobile şirkətindən dostum Nadir və şirkətin CMO-su Maks Fyodorov da gedəcək. Təbii ki, tanış insanlarla birlikdə olmaq gözəldir. Maks da əla insandır, bu arada.
Festivaldan 1 gün öncə getməyimin faydası oldu, çünki orda bildim ki, otel ilə festival olan yer Palais Des Festivalesin arası 65-70 km-dir. Buradan həmin tur şirkətinə də salamlarımı çatdırıram. Sağ olsunlar, İtaliya ilə 15 dəqiqəlik sərhəd məsafəsində bir otel tutmuşdular. )) Sayələrində qatarla hər gün Fransanın Roqebrune Du Cap Martin, Monaco – Monte Carlo, Antib şəhərlərindən keçərək qatarla Kanna gəlirdim. 
Festivaldan nələri öyrəndim? Və nəyi mütləq gələn MMF 2014-də tətbiq etmək lazımdır?


1. Giriş-çıxış və iştirakçıların yoxlanması barkod skanerləri vasitəsilə olmalıdır.
2. Bu tip tədbirlər üçün kinoteatr formatı ən ideal variantdır.
3. Forumun mütləq application-u yaradılmalıdır.
4. Wifi ilə giriş imkanı qeydiyyat nömrələrinə görə olmalıdır.
5. Mediya üçün ayırca guşə və oturma yerləri ayrılmalıdır.
6. Səhnə tərtibatı interaktivliyə əsaslanmalıdır.
7. Forum formatı seminar formatından ayrılmalı, parallel aparılmalıdır.
8. Forumun mükafatı təsis edilməlidir.
9. Bütün ambisiyalar bir kənara qoyulmalı, marketinq və reklam adamları birləşməlidir.
İndi aşağıda qısaca yuxarıda yazdıqlarım barədə məlumat verim. Dediyim və həmişə də əməl etdiyim kimi – “qısaca” ))
Press kimi iştirak etdiyimdən gəlməmişdən öncə bütün təlimatlar detalına qədər maillə göndərilmişdi. Press qeydiyyat zonasında qeydiyyatdan keçəndən sonra Press B kateqoriyalı bəcikimi aldım. Orda bildim ki, bəcikin üstündəki barkod mənim bütün məlumatlarımı əks etdirir və bütün giriş-çıxışlarda yoxlayıcılar tərəfindən skan ediləcək. Düşünün ki, bu il 90 ölkədən 12000 insan qatılmışdı. 12000 insanı dəqiqliklə yoxlama təbii ki, çətin idi, amma bunun da çox gözəl çıxış yolunu tapmışdılar. Adi barkod skanerlər bəciklərin  üzərində olan barkodları 3 saniyə içində oxuya bilirdi. Məkanın 2 böyük zalı vardı – Grand Audi və Debussy. Bütün təqdimatlar bu zallarda olurdu. Və bu zallar çox böyük olduğundan onlara 3 mərtəbənin hər birindən giriş vardı. Bu arada onu deyim ki, bu tip forum və festivalların ola biləcəyi ideal məkan həqiqətən də kinoteatr formatlı yerlərdir. MMF2013-ü 28Cinema-da etməyimiz həqiqətən düzgün verilmiş qərar idi. Onu da deyim ki, festival 6 gün davam edəcəkdi və pullu qeydiyyatlar günə görə dəyişirdi, yəni elə adamlar vardı ki, məsələn, 3 günlük, eləsi də vardı ki, tam gün üçün almışdı. Bunu da skanerlər müəyyən edə bilirdi. Dediyim kimi bəciklərdə olan barkodlara “delegate İD” nömrəsi yerləşdirilmişdi ki, o ID nömrənin hansı tarixədək qüvvədə olması barkoda yazılmışdı. Təbii ki, əgər o tarixdən sonra da içəri girməyə cəhd etsəniz, sadəcə qapıdan keçərkən skanerin “yaşıl işığı” yanmayacaqdı. Bu təşkilatçıların işini olduqca asanlaşdırırdı. Festivalın çölündə və içində əsl bayram ab-havası yaşanırdı. Şirkətlər bu qədər insanı fürsət bilib, əllərindən gələni edirdilər ki, diqqət çəksinlər.
Hər şeyi o qədər incəliklərinə qədər hesablamışdılar ki, 12000 insan ortalıqda dolaşırdı, amma anlaşılmaz heç nə yox idi, kimsə kiməsə yaxınlaşıb nəsə soruşmurdu. Çünki zalda hər tərəfdə məlumat lövhələri, elektron və yazılı tablolar, hər pilləkanın yanında yönləndiricilər, xüsusi ayrılmış kompüterlər buna ehtiyac yaratmırdı. Və də təbii ki, CannesLions application-unu mütləq demək lazımdır. Girişdə onu yükləmək üçün stend və köməkçilər vardı. Onların sayəsində app-ı rahatlıqla yükləyib, bütün məlumatları oradan sadə şəkildə almaq olurdu. Digər maraqlı məsələ isə internetlə bağlı idi. Belə ki, zalda adi iştirakçılar üçün xüsusi wifi yaradılmışdı, bunun üçün adı seçib parol yerinə ID nömrəni yazırdın. İdeya çox xoşuma gəldi. Birinci lüzumsuz yüklənməni aradan qaldırır, ikinci də təşkilatçıya o yüklənmənin nə qədər ola biləcəyini öncədən bilməyə imkan verir. Amma yadımdadır, bizim forumda canlı yayım da eyni wifi üzərindən getdiyindən yüklənmə səbəbindən qırılmalar olurdu. Bu həm də kənardan və aidiyyatı olmayan adamların qoşulmasının qarşısını alırdı. Gələn il mütləq tətbiq etmək lazımdır. Press üçün internet isə ayrıca PRESS adlı wifi zonadan idi, onların rahat işləmələri üçün yaradılmışdı və ancaq press mərkəzin olduğu 4-cü mərtəbədə işləyirdi. Press nümayəndəsi 3-cü mərtəbəyə düşsə məsələn istifadə edə bilmirdi. Sürət də press üçün 26 meqabit idi ki, istənilən cür yayım həyata keçirməyə imkan verirdi.
Dediyim kimi press üçün ideal şərait yaradılmışdı. Sarayın 4-cü mərtəbəsi tamamən press üçün idi. Burada 300-ə yaxın mediya nümayəndəsi işləyirdi. Hər biri üçün kompüter, çox sayda qeyd aparma yerləri, pulsuz içkilər, intervyu otağı, şəhər mənzərəli reportaj hazırlama yeri, press konfrans otağı və hər press nümayəndəsinin ayrıca şkafı vardı. Facemark.az-ın bu yerini Sizə öz profilimdə göstərmişdim. Çox gözəl düşünülmüşdü. Eyni zamanda mediya nümayəndələrinin həmişə növbədə durub zaldan birbaşa izləməmələri üçün canlı olaraq bütün seminarların yayımlandığı monitorlar da var idi. Rahat qeydlər edə-edə istənilən seminara baxmaq olurdu. Eyni zamanda çıxış edən spikerlərin bir çoxu çıxışdan sonra həmin otağa gəlirdi, mediya isə təbii ki, istənilən sualı onlara yönləndirə bilirdi. Çox maraqlı görüşlər oldu. İnşallah, növbəti illərdə Azərbaycandan daha çox media nümayəndələri qatılar. Orada olan yeganə azərbaycanlı nümayəndə olmaq həmişə maraqlı olmur. Xatırladım ki, orda olduğum müddətdə o şəraitdən istifadə edib festival haqqında  saytımız üçün ümumi 7 yazı hazırladım. Reklam sferasında olan hər kəsin bu yazılarla tanış olması çox faydalı ola bilər. Məncə, mütləq izləyin. Linklər:
İndi səhnə tərtibatı haqqında. Zallar böyük olduğu üçün bir ana monitordan əlavə, sol və sağ tərəfdə iki kiçik monitor da quraşdırılmışdı. Bu səbəbdən düşünürəm ki, bizim növbəti forumda bu kiçik monitor məsələsi olmalıdır. Bundan əlavə burada da zal kinoteatr zalıdır, amma səhnə işıqlandırılması möhtəşəm idi. Bizdə də ən azı spikerin çıxış etdiyi hissə çox aydın işıqlandırılmalıdır. Bu dəfəki videolarda qaranlıq çox hiss olunur. Bundan başqa səhnədə köməkçi monitorlarda məsələn, tez-tez twitter həştəqinə yer vermək lazımdır, bu forumda etdik və çox bəyənildi, eynisi və daha mükəmməli burada da vardı. Digər köməkçi monitorda isə sabit qalmaqla spikerin haqqında bioqrafik məlumat ola bilər. 
Marağımı çəkən başqa məqam isə bu tip festivalların formatı oldu. Belə ki, burada 4 fərqli format tətbiq edilirdi. Forum, Seminar, Workshop, Tv Screenings. Sonuncuda müsabiqədə iştirak edən reklamları ayrıca otaqlarda izləmək imkanı verilirdi. Workshop-larda isə ayrı-ayrı şirkətlər öz yeni kreativ ideyalarını juriyə təqdim edirdilər. Seminarlar daha maraqlı idi. Belə ki, seminarla forumun formatı kəskin fərqlənirdi. Forumda məsələn spiker tək danışmırdı, ən az 3 nəfər, çox vaxt isə 1 moderator və 3 spiker dəvət olunurdu. Moderator giriş verir, sonra 3-nü də dəvət edib söhbətləşirdilər. Burada yerdən sual vermə sonda mümkün idi. Başlarının üstündəki monitorda isə twitterdə yazılanlar, spikerlərin məlumatları, mövzu və s. periodik dəyişirdi. Seminarlarda isə çox vaxt 1 spiker çıxış edirdi, amma yenə də mütləq bir moderator olurdu. Spiker hazırladığı təqdimatı ilə çıxış edib sonda sualları cavablandırırdı. Seminar öyrədici, təlim xarakterli, forum isə təcrübənin paylaşımı, suallar əsasında qurulan intervyuya bənzəyirdi. Mühüm bir məsələ isə, sonradan öyrəndim ki, moderatorlar spikerlərlə verəcəyi sualı qətiyyən öncədən demirlər, orada səsləndirirlər. Coca-Cola-nın təqdimatında moderator bu üsulla Muhtar Kent-i sıxmışdı, hətta)). Moderatorların tanınmış şəxslərdən, ictimai şəxslərdən seçildiyinin də fərqinə vardım. Və də bunlar parallel keçirilirdi, izləyici istədiyi mövzunu dinləmək üçün istədiyi auditoriyaya gedə və istədiyi spikeri dinləyə bilərdi. Əslində bu haqda bizim forumdan sonra Vahid Qasımovla Rəşad Əliyev demişdi. Əməl etmək lazımdır. Prezentasiyaların formatı mütləq öncədən görülməli və lazım olarsa, düzəlişlər edilməlidir. Burada maraqlıdır ki, mən PPT formatda prezentasiyaya az rast gəldim, demək olar əksəri, xüsusi hazırlatdırmışdı, videolar, xüsusi effektlər, mini kino film təsiri bağışlayırdı. Təbii ki, demirəm biz də elə edək, amma ən azından təqdimatı yaxşılaşdırmalıyıq. Burada təqdimata çox vaxt 1 şəkil 1 cümlə qoyur və özü də zala baxaraq danışırdı. Növbəti forumda spikerin tez-tez arxaya baxmaması üçün onun önünə də arxadakı monitoru görən əlavə monitor qoyulmalıdır.
Gələn forumun mükafatı məsələsinə. Biz öncə də AİR komandası ilə bu haqda düşünmüşdük. Fikirləşirəm ki, artıq vaxtı çatıb və bu mükafat təsis edilməlidir. Bu mükafat bir çox kateqoriyaları əhatə etməlidir. Məsələn, ötən ilin ən yaxşı agentliyi, ən yaxşı reklam işi, ən yaxşı pr, radio, çap işi və s. Hazırda çox zəif və qeyri-adekvat formada bəzi mükafatlandırmalar var, amma bunu sistemləşdirməyin və professional müstəviyə daşımağın vaxtı çatıb. Əziz dostlar, artıq ad fikirləşməyə başlaya bilərsiniz )) mənim variantım artıq var. Bir haşiyə – marketinqlə bağlı olması və də çox dərinliyə getmək lazım deyil, ad işi deyil, iş adı yüksəldir. Qısası bunu təsis edib, juri heyəti formalaşdırıb mükafatları da elə forumdaca vermək olar. Önəmli digər məsələ mütləq şəkildə növbəti dəfə sponsorların aktiv cəlbi olmalıdır. Daha professional iş daha çox xərc və zəhmət tələb edir və bu iş yavaş-yavaş sosial olmaqla yanaşı həm də biznes xarakteri daşımalıdır ki, ona vaxt ayıran və zəhmət çəkənlərin haqqını verə bilək.
Əlavə olaraq biz forumdan sonra spikerlərin və eləcə də təşkilatçıların, iştirakçıların fikirlərini, düşüncələrini almadıq. Bu çox vacibdir. İntervyular alınmalı və bütün mediyada yayılmalıdır. 
Burada olanda qulağıma lazımsız söz-söhbətlər çatırdı. İstər forum haqqında, istər şəxsim adına. Təbii ki, o tip söhbətlər bizim məqsədlərimiz qarşısında daha kiçik olduğu üçün onlara fikir vermirik. Bu ölkədə marketinqin inkişafından hamımız məsuluq, hərəmiz bacardığımız qədər bir-birimizə dəstək olmalı, səyləri birləşdirməli və bir nöqtəyə vurmalıyıq. Öncə də dediyim kimi, bölünmək üçün elə də böyük deyilik. Bütün ambisiyalar bir kənara atılaraq MMF2014-də bütün marketinq əhli ilə bir yerdə çox gözəl və ilkdən qat-qat fərqlənən bir tədbir edəcəyimizə çox inanıram. 
Beləliklə, Sizinlə “paylaşırıq” prinsipimizə sadiq qalaraq öz fikirlərimi paylaşdım. Faydalı ola bilmək çox istədiyim bir şeydir. Allah bizə MMF2014-ü görmək nəsib etsin, inşallah.
Facebook Comments
Share

Yazar haqqında

Rafiq Hunaltay
Rafiq Hunaltay 307 posts

Təxəllüsdən istifadə etməyi sevirəm. Marketinq sahəsində isə yazılarımı Marketer Məhərrəm təxəllüsü ilə yazıram. Marketer Məhərrəm Azərbaycan reallıqlarında fəaliyyət göstərən, uğur qazanmağa çalışan marketoloq prototipidir. Yazılarımı oxuyaraq az da faydalana bildinizsə, təşəkkür əlaməti olaraq digərlərinin də faydalanması üçün yazını paylaşmanız yetərlidir. Hər hansı sualınız olarsa, hunaltay@gmail.com mail adresinə yazmanız kifayətdir. Öncədən təşəkkürlər.

Həmçinin oxuya bilərsiniz

Reklam festivalları 0 Comments

Red Apple 2012 xatirələri (I yazı)

Məlum olduğu kimi Facemarknövbəti reklam festivallarından biri olan 22-ci Moskva Beynəlxalq Marketinq və Reklam Festivalı Red Apple 2012-nin Azərbaycan üzrə yeganə media partnyoru oldu.  19-20 sentyabr Facemark adından mən və

Share
Reklam festivalları 0 Comments

MMF2014 biletləri artıq satışda!

Əziz dostlar, bildiyiniz kimi MMF2014-ə ciddi şəkildə hazırlıqlar gedir. Bu haqda daha ətraflı buradan oxuya bilərsiniz. Öncədən də dediyimiz kimi biletləri 01 maydan satışa çıxarmağı planlaşdırmışdıq. Dostlarımızdan olan devetname.az-ın da

Share
Marketinq 0 Comments

Digital Marketing Conference 2016-ya hazırsınız?

Dostlar, hər il olduğu kimi bu il də DMC hazırlıqları yüksək səviyyədə davam edir. Bugün istədim Sizinlə hazırlıqlardan danışım, gedişat barədə hələlik dəqiq olan məlumatları bölüşüm. Məkan haradır? Bu ilin

Share

Şərhlər

Şərh yazan yoxdur

İlk şərh yazan siz olun

Şərh yazın