Kitabklubu və ya “DƏK” layihəsində sonaDƏK görülməyən iş nədir?

Kitabklubu və ya “DƏK” layihəsində sonaDƏK görülməyən iş nədir?

Əziz dostlar, ötən dəfə Sizinlə “Bakının kitab mağazaları – kim kimdir?” adlı yazımı paylaşmışdım. Yazılanlar sırf bugün ən aktiv kitab mağazalarının iş prinsipləri haqqında idi. Sevinirəm ki, yazıdan sonra xeyli adam mənimlə əlaqə saxlayıb yazıya görə təşəkkür etdi, hətta adıçəkilən kitab mağazaları rəhbərlərindən də müsbət reaksiya gördüm. İnsanların yavaş-yavaş oxumağa başlaması, yazılanlara fikir verməsi sevindirməyə bilməz. O yazıdan sonra Kitabevim-də alış-veriş edərkən təsadüfən satıcı xanım yaxınlaşıb “Siz bizim haqqımızda yazmışdınız, çox sağ olun, müdirimiz də oxuyub” deyəndə özümə də maraqlı gəlmişdi. Rasim Qaraca ilə daha sonra həmin mağazaya gedəndə isə alıcılardan kimsə “Bugünün Marketinqi” kitabımı alırmış, satıcı deyib müəllif burdadır özündən ala bilərsiniz. Ortayaşlı xanımın yenə təsadüfən yaxınlaşıb imza istəməsi də açıq deyim ki, xoş olmuşdu. Ötən həftə isə eyni situasiya Ali-Nino Metropark mağazasında oldu. Kitab seçərkən adını hazırda unutduğum xanım “siz biznesmensiniz? Mən Sizi facebookdan izləyirəm, kitabınız da bizdə var” demişdi. Ən son oxuduğum Stefan Sveyqin “Satranç” kitabı da həmin xanımın tövsiyyəsi idi.

Bu dəfə isə eyni istiqamətdən, yəni kitab bazarından, amma fərqli metoddan yazmaq istəyirəm. Daha doğrusu “DƏK” layihəsi haqqında yazacam. Yenə də yazdığım sırf yaşadığım hadisə üzərindəndir. Bu yaxınlarda dostumuz Orxan Adıgözəl ilə söhbət edərkən mənə Kitabklubu haqqında danışdı. Eyni zamanda öz kitabxanasından onlar vasitəsilə aldığı kitabları göstərdi. Nəfis tərtibatlı kitablar idi. Məlum oldu ki, Orxan özü “Dünya Ədəbiyyatı Kitabxanası” (DƏK) seriyasına abunə olub. Nə isə, söhbətimiz ordaca bitdi. Dünən isə Orxan məndən abunə olduğu növbəti kitabı Kitabklubunun şəhərdəki ofislərindən götürməyi xahiş etdi. Mən də bu gün yollandım Kitabklubuna.

Getmişkən sistemləri ilə də tanış oldum. İçəridəki xanım Orxanın kodunu axtararkən yerdə düzülmüş kitablara göz gəzdirdim. Özümdən asılı deyil, topa şəklində kitab gördümsə, vərəqləməsəm, bəzi hallarda isə vərəqlərini iyləməsəm durmuram. Tam səmimi deyim ki, kitablar çooox gözəl tərtib edilmişdi. Fürsətdən istifadə edib xanımdan abunə olmaq istədiyimi soruşdum və ümumiyyətlə abunə sisteminin üstünlüyünü soruşdum. Nə oldusa, elə o andan sonra oldu. Gəlib evdə araşdırandan sonra vəziyyət mənə daha da aydın oldu. Mən izah edim Siz qiymət verin.

“DƏK” nədir?

Deməli, Prezidentin 2007-ci il 24 avqustda verdiyi sərəncama əsasən latın qrafikalı kitab nəşrini stimullaşdırmaq üçün 150-dək xarici ədəbiyyatın tərcümə edilərək nəşri nəzərdə tutulub. Layihəyə 2009, ya da 2010-cu ildən başlanılıb və bugünədək 115 kitab tərcümə olunaraq nəşr edilib. Bu arada onu da deyim ki, 150 kitab sərəncama əsasən 3 ilə çap olunmalı imiş, amma hələ də bitməyib. Layihənin icrası üzrə “Şərq-Qərb”, “CBS” mətbəələri, “Tutu” nəşriyyatı, Slavyan universitetinin müəllimləri cəlb edilib, Kitabklubu vasitəsilə isə abunə və pərakəndə satışı təşkil edilir. İnternetdə oxudum ki, indiyə qədər 150 seriyaya 1000-dən artıq abunə olan var. Abunə sisteminin özəlliyi haqqında aşağıda yazacam, amma ona qədər mütləq deməliyəm ki, kitabların tərtibatına, keyfiyyətinə söz ola bilməz. Hamısı qalın üz qapaqlı, səhifələr ən bahalı kağız və s. Eyni zamanda tərcümə edilən kitablar da çox qiymətli əsərlərdir, üstünlük həm də ondadır ki, əsasən bir müəllifin bir əsəri yox, külliyatı bir kitabda cəmlənib. Bir sözlə, super.

Abunə sistemi necə işləyir? Və ya mənim 3 cəhdim

Təbii ki, kitabları görəndə heyran oldum və mən də abunə olmaq istədiyimi bildirdim. Deməli, şərt belədir ki, ilk öncə 20 manat depozit qoyursan. Bu pula dəyilmir, onda sonra isə DƏK seriyası üzrə kitabların hamısını 7 azn-dən əldə etmək imkanın olur. Hər ay o seriyadan olan kitablar çıxdıqca hamısını almalısan. Almaya da bilərsən, məsələn, pərakəndə şəkildə qoyulan qiymətləri ilə neçə ədəd və hansını istəsən ala bilərsən. Pərakəndə qiymətlər də 12 manata qədər dəyişir. Marketoloq olduğuma görə istədim bir bazarlıq edim. Xanıma təklif etdim ki, indi 20 manat verib abunə oluram, o pulu ümumiyyətlə heç vaxt geri götürməyəcəm. Əlavə olaraq Sizdən 10 ədəd kitab alacam və hamısına birinə 5 azn-dən 50 manat verəcəm. Və bunu hər ay alacam. Fikirləşdim ki, 100 kitabı ilin axırına kimi yavaş-yavaş alaram. Xanım dedi ki, yox. 5 manat qəti olmaz, ancaq 7 manat. Bazarlıq tutmadı. Dedim onda ikinci variantı sınayım. Orxanın kodu ilə biri 7 manatdan kitabı alım. Bu halda 20 manat abunə haqqı vermiş olmaram. Onda da məlum oldu ki, belə də olmaz, abunə olan adam hər kitabdan ancaq bir ədəd götürə bilər. Üstəlik mən başqa adamın kodundan istifadə edə bilmərəm. Guya Orxan özü gəlib mən istədiyim kitabları öz adına ala bilməzdi?! Mütləq vadar edirlər ki, yalan danışasan. Nə isə. Bu arada söhbətə sonradan 2 nəfər də qoşuldu. Artıq 3-cü cəhdimi etmək üçün işə başladım. Əlimdə də Remarkın seçilmiş əsərləri olan kitab. Dedim ok, 20 manat verib abunə oluram və 7 manatdan da 5 ədəd kitabı indi götürürəm. Dedilər OK. Siyahını istədim ki, baxım. Siyahıda 100-dən çox kitabın adı var idi. Dedim burdan 5-ni seçəcəm. Növbəti YOX da bu zaman gəldi. Sən demə istədiyin 5 kitabı seçə bilməzsən, ancaq onların siyahısında olan ardıcıllıqla ala bilərsən. Çox gülməli gəldi mənə və söhbəti 4-lükdə davam edib hər cəhdlə bu sistemin məntiqə uyğun olmadığını izah etməyə çalışdım. Açığını desəm xəstəxanadan birbaşa mətbəəyə gəlmişdim, o qədər də halım yox idi, amma çox istəyirdim izah edim ki, bu sistem əgər satmaq üçün düşünülübsə, effektiszdir. Atalar sözü qalmadı, ədiblərdən sitat qalmadı, marketinq elminin mərhələrindən o nümunə qalmadı deyim ki, heç cür razılaşmadılar ki, sistem düz deyil. Hətta söhbətdə olanlardan bir kişi məni tanıdığını, kitabımı onların çap etdiyini dedi. Burda da tanıdılar :) Adətən belə cığallıqlar edəndə istəyirəm ki, kimsə tanımasın məni. Dostlardan biri qayıtdı ki, bu abunəlik sistemi sovet vaxtında da belə idi. Hər sistemin bir qaydası var, bizim də qaydamız belədir. Uzun sözün qısası eləməyib təmbəllik bir xeyli danışandan sonra razılaşdılar  ki, sistem düz qurulmayıb.

İndi aşağıda mən izah edim ki, niyə bu sistem düz qurulmayıb?!

  1. Prezident sərəncam verib və bunun əsasında böyük ehtimal dövlətin də maddi dəstəyi ilə kitablar çap edilib. Olduqca faydalı qərardır. Yuxarıda adlarını çəkdiyim qurumlar isə sadəcə icra ediblər. Bu çox yaxşı. Kitablar olduqca gözəl kitablardır. Oxumasan belə, adam istəyir alıb rəfinə qoysun. Amma gəl ki, buna sonadək dövlət proyekti kimi yanaşıblar. Yəni quş qoysunlar ki, bəli. 150 kitab çap elədik. Sonra isə “nə olar olar” prinsipi
  2. Sərəncam 2007-ci ildə verilir. İcraata 2009-cu ildən başlanılır, 3 ilə bitməlidir, amma bu il 2016, hələ də bitməyib.
  3. Üstəlik kitab insanlara satılmaq üçün nəzərdə tutulubsa, qoyulan qaydalar tamamilə bazar qanunlarına görə deyil. Hiss olunur ki, sovet vaxtı bu işi bilən kimsə, eyni sistemi bugün üçün də tətbiq edib. Elə olmasaydı, söhbət etdiyim kişi “sovetin vaxtından belə görmüşük” deməzdi. Əzizlərim, indi bazar iqtisadiyyatıdır. Getdi o dövrlər. Əgər abunə sistemini qurub, guya müştəriyə, oxuyucuya daha sərfəli şərt təklif etdiyinizi düşünürsünüzsə, metodunuz düzdür, amma icraat deyil. Abuna metodu dünyanın hər yerində tətbiq edilir. Amma onların heç birində mən məcburi şəkildə nə buraxsaq almalısan sistemi yoxdur. Bəlkə, mən Remarkı oxumuşam, indi istəmirəm oxuyum. Niyə onu almalıyam?!
  4. Deməli, xanım mənə siyahı verdi. Orda 100-dən çox kitab müəyyən ardıcıllıqla düzülmüşdü. Mən də ancaq abunə olsam, o ardıcıllıqla almalıyam. Xanıma sual verdim ki, bu ardıcıllıqda məntiq varmı? Məsələn, niyə Orhan Pamukdan sonra Henrix Böl gəlir. Yəni, oxucu niyə ardıcıl bunu oxumalıdır. Bədii məntiq varsa, deyin, biz də bilək. Dedi yox, orda məntiq yoxdur. komputerdə yığan qız necə yığıbsa odur. Bəli, düz eşitdiniz. Komputerdə yığan qız. Dedim əgər, mən o kitabı oxumaq istəmirəmsə və siyahıda olan 150 kitabdan istədiyimi seçə bilmərəm? Dedi oxumaq istəmirsinizsə, alın saxlayın, istədiyinizə sıra gələndə alıb oxuyarsınız. İkinci şok da burdan gəldi. Oxumadığı kitaba niyə pul versin bu yetim müştəri?! Deməli, komputerdə yığan qız və nəşr olunma ardıcıllığını kim düşünübsə, bazarda oyun qaydalarını da o müəyyən edib :) Ki, bu da həqiqətən sovet təfəkkürüdür.
  5. Digər maraqlı məsələ isə elə kitabların seçimi ilə bağlı oldu. Sual verdim ki, bəs bu qorxu nədəndir, yəni niyə mən istədiyimi götürə bilmərəm. Dedilər ki, bəs, hamı gəlir deyir ki, hamısını sıra ilə alacam, amma axırda almır, biz də əziyyət çəkmişik axı, neçə adam onun üstündə işləyib. Kitab da satılmır qalır. Cavab verdim ki, xanım düz edir almır da müştəri. Müştərinin heç vecinə də deyil ki, bunun üstündə işləyən kişi neçə paçka siqaret çəkib. Müştəri tələbi olmayan malı indiki dövrdə siz istehsal etmisiniz deyə almalıdır??? Siz bəyəm araşdırma etmişdinizmi ki, azərbaycan oxucusu, sizin hədəflədiyiniz oxucular hansı kitabları oxumaq istəyər?! Sərəncam verildi, bəs siyahını kim və hansı məntiqlə hazırladı. Əgər tərcümə olunanlardan hansısa alınmırsa, deməli bazar istəmir də o kitabı. Daha niyə çox götür qoy edirsiniz. Daha çap etməyin, bitsin. Məsələn, mən Sveyqin bəlkə gəlib abunə ilə 10 kitabını alıb hədiyyə etmək istəyirəm. Niyə edə bilmərəm onu? Məqsəd satmaq deyil? Alıram da.
  6. Marketinqdən bilən dostlarım agahdır ki, marketinqin 5 mərhələsi olub. (Bəziləri sonuncu, yəni 6-cını qarşılıqlı münasibətlər marketinqi də deyir) Onlardan biri istehsal mərhələsi olub, sonra satış mərhələsi gəlib, daha sonra marketinq dövrü. İstehsal mərhələsi belədir ki, nə istehsal edirsənsə, onu satmalısan. Loru dildə desək, yesən də, yeməsən də budu. Satış mərhələsində isə artıq anlayıblar ki, yox bu qayda düz deyil, istehsal elədiyini satmaq yox, sata biləcəyini istehsal eləməlisən. Kobud desək, müştəri nə istəyir onu istehsal elə. Marketinq mərhələsində də anladılar ki, sən demə satıla bilən məhsullar istehsal eləməklə də iş bitmir. Marketinq də lazımdır. Çünki eyni işi başqaları da artıq görməyə başladı. Sən nə iləsə başqalarından fərqlənməlisən. Burda da marketinq “yapmağa” başladılar. Əzizlərim, indi Siz özünüz gördünüz ki, dünya 6-cı mərhələdə olarkən, bizim bu sistem hələ də istehsal mərhələsində, satıcı bazarında, yəni “yesən də, yeməsən də budu” mərhələsindədirlər.  
  7. Nəhayət sonuncu məsələ, yuxarıda yazdığım kimi bu sistem satmaq üçün yaradılmayıb. Məqsəd satmaq deyil. Məqsəd satmaq olmadığına görə də onlar anlamırlar ki, niyə müştərinin dediyi olmalıdır. Xanıma deyirəm ki, Siz əksinə satılmayan kitablardan promotion kimi istifadə edə bilərsiniz. 2, 3, 4 kitab bir yerdə olmaqla, sərfəli qiymət təklifi verin, satılsın. Dedi, yox, alınmır vallah :)

Uzun söhbətdən sonra razılaşdılar ki, bəli, nələrisə 100% səhv düşünüblər. Bəlkə də indiki dövrün tələbi başqadır. Mən də sevinmişdim ki, artıq əlimdəki Remarkın kitabını ala biləcəm. Əlqərəz, dedim dostlar, indi mən bu kitabı alıb gedə bilərəmmi? Və o an bayaqdan eşitdiyim söz təkrar olundu – YOX. Bir onlara, bir özümə baxdım. Gülmək tutdu məni. Bayaq maşında gələndə düz 2 dəfə ayrı-ayrı radioda Sibel Canın təzə mahnısını “Tamam o zaman ayrılalım”dı nədi ona qulaq asmışdım. Özümdən asılı olmadan, mahnının məhz o hissəsini zümzümə edib, Orxanın da kitabını götürüb çıxdım :) Yəni bu qədər söhbətdən sonra yenə YOX-dursa, tamam o zaman ayrılalım, nə deyirəm ki :)

P.S. Bu arada məsləhət görürüəm Siz də bu mahnıya qulaq asın. Canı yanmış, qəşəng oxuyub, özü də ortalarda da dodağı ilə qəşəng züm-zümə edir :) Aşağıda klipini qoyuram, bilirəm ki, əziyyət çəkib axtaran deyilsiniz. :)

Facebook Comments
Share

Yazar haqqında

Rafiq Hunaltay
Rafiq Hunaltay 305 posts

Təxəllüsdən istifadə etməyi sevirəm. Marketinq sahəsində isə yazılarımı Marketer Məhərrəm təxəllüsü ilə yazıram. Marketer Məhərrəm Azərbaycan reallıqlarında fəaliyyət göstərən, uğur qazanmağa çalışan marketoloq prototipidir. Yazılarımı oxuyaraq az da faydalana bildinizsə, təşəkkür əlaməti olaraq digərlərinin də faydalanması üçün yazını paylaşmanız yetərlidir. Hər hansı sualınız olarsa, hunaltay@gmail.com mail adresinə yazmanız kifayətdir. Öncədən təşəkkürlər.

Editor review

Summary

Bu dəfə isə eyni istiqamətdən, yəni kitab bazarından, amma fərqli metoddan yazmaq istədim. Daha doğrusu "DƏK" layihəsi haqqında yazdım.

Həmçinin oxuya bilərsiniz

Köşə yazıları 0 Comments

Dolların 78 olan vaxtı…

1 il bundan əvvələ qədər ölkədə nəyisə müqayisə edəndə sözün əvvəlində mütləq “sovetin vaxtında” sözü olardı. Bir az bizdən böyüklər, “Sizin yadınıza gəlməz, sovetin vaxtında ….” deyib maraqlı müqayisələr edərdilər.

Share
Köşə yazıları 0 Comments

Öz statusunda boğulanlar

“Vaxt var idi, vaxt yox idi” konsepsiyası üzrə bir çox məsə”Lələ”rə “toxunacağıq” Marketer Məhərrəm başını aşağı salıb 2012-ci il işlədiyi şirkətin yeni il kampaniyası ilə məşğul olurdu. Hətta şirkəti üçün

Share
Köşə yazıları 0 Comments

Bizim milli müdirlərimiz

Marketinq bir az da yaradıcılıq deməkdir, empati deməkdir, bəzən müştərinin, bəzən də rəhbərin gözü ilə baxmalı olursan. Lazım gələndə hər hansı bir işi sifariş verdiyin agentliyin də adından çıxış etməli,

Share

Şərhlər

Şərh yazan yoxdur

İlk şərh yazan siz olun

Şərh yazın