Marketing AİR 10 başladı

Marketing AİR 10 başladı

Bəli, zarafat-zarafat artıq 10-cu Marketing AİR-ə başladıq. Marketing AİR haqqında çox bloq yazmışam. Hər dəfə də eyni həvəs və həyəcanla. Çünki mən uzun hədəfləri xırdalayıb özümü motivə edə bilirəm. Mütləq şəkildə kiçik hədəflər qoyub ona can atıram. Əvvəllər də yazdığım ki, mən nəticədən daha çox proses adamıyam. Yaponlar kimi düşünürəm ki, proses gözəl və sistemli olandan sonra arzu olunan nəticə özü gələcək. Makiavellinin dediyi kimi “nəticəyə gedən istənilən yol məqbuldur” – ifadəsi mənlik deyil.

Teymur Paşamın bizə qoyduğu hədəf :)

Yəqin xatırlayarsınız, mənim əbədi-əzəli dostum Teymur Paşa bizim təlimləri Yeni Ulduz müsabiqəsi ilə müqayisə etmişdi. O öz aləmində guya lağ edirdi bizə. Amma mən prinsipiallığı sevən biri kimi o vaxt söz verdim ki, biz yeni ulduzu da keçəcəyik. Belə ki, yeni ulduz müsabiqəsi 11 dəfə keçirildi. Biz indi 10-cudayıq. Cəmi bir AİR sonra özüm üçün qoyduğum o rekorda çatacam. Ona görə də həvəsliyəm. 11-ci də bu ilin inşallah görmək qismət olarsa, oktyabr ayına təsadüf edəcək. 2018-ci ildə isə rekordu qırıb 12-ci AİR-i etmək nəsib olsun, Allahın köməkliyi ilə. AİR içində ad vermək, sloqan falan işlərinə bilənlər bilir ki, mən baxıram :) 12-ci AİR-ə də söz verirəm ki, paşamla əlaqəli bir ad verəcəm.

5 ildir ki, ON AİR

Bəli, 10-cu AİR-in sloqanı budur. 5 ildir ki, ildə 2 dəfə olmaqla təlimlərimiz davam edir. Hər dəfəsində də bir az daha yenilənmiş, daha da təkmilləşdirilmiş formada davam edirik. Açığı deyim ki, Marketing AİR-in qəribə bir sirri var. Nə ediriksə, sanki öncədən bilmiş kimi hər təlimdə 40 civarı adam olur. Qeydiyyatdan 45 nəfər keçsə də 40, 80 nəfər keçsə də. Ona görə hər dəfə təlimlə bağlı planlarımızı düşünəndə 40 üzərinə fokuslanıb çox rahat davrana bilirik.

Artıq 500-ü keçib məzun sayımız. Bugün Azərbaycan şirkətlərinin hr-ların çoxunun AİR haqqında məlumatı var. Bunu hər 3-müzə gələn işçi istəklərindən də görmək olur. Anarın, mənim və İlkinin də bu müddət ərzində dəyişməz qızıl qaydası var. Heç bir AİR məzunu işsiz qalmamalıdır. Ona görə də mütəmadi olaraq görüşürük, facebookda və digər platformalarda ilk iş elanını öz dostlarımız olan AİR məzunları ilə paylaşırıq. Biz təkcə işə düzəltmədə deyil, eyni zamanda iş müddətində də AİR məzunlarımıza bacardıqca maksimum dəstək oluruq. AİR olaraq hərəmiz bir sahədə ixtisaslaşmışıq. Bizim bildiyimiz sahələrdə özümüz, bilmədiklərimizdə isə şükür Allaha ki, yüzlərlə AİR məzununun köməyindən istifadə edirik. Nəticədə hər hansı bir məsələ həll olur. AİR məzunu işləyən şirkətlər bizim üçün həm də çox doğma gəlir. Onların hər birinin uğuruna öz uğurumuz kimi sevinirik.

Düzdür, arada incikliklər, narazılıqlar da olur. Olsun, harada olmur ki. Hamı eyni cür fikirləşə bilməz axı. Və ən əsası bizim dediyimiz hər şey mütləq doğru deyil. Biz də normal insanlar olaraq səhv edə bilərik. Amma biz səhvimizi görməyi bacarırıq. Sağlam tənqidi yüksək qiymətləndiririk. İndiki zəmanədə adama pulsuz salam belə vermirlər. Bizim səhvlərimizi pulsuz bizə göstərənlərə niyə minnətdar olmayaq ki. Odur ki, hər birinizə fürsətdən istifadə edib bizi tənqid etdiyiniz üçün təşəkkür edirik. Bizim məncə, çox gözəl sloqanımız var – Biz paylaşırıq! Biz az bildiklərimizi, təcrübələrimizi Sizinlə paylaşırıq.

Bizim hər təlimimizdə minimum 5 qonaq spiker olur. Bu o deməkdir ki, 10 AİR zamanı insanlar 50-dək bizdən başqa spikerlərlə də görüşüb. Düzdür, təkrar çağırdıqlarımız da var. Amma bu platformanı ilk tətbiq edən tərəf olduğumuzdan praktikadan da deyə bilərəm ki, əvəzzsiz bir şeydir. 2012-ci ildə gəlin razılaşaq ki, bu işi edən adamlar çox az idi. AİR bir çox ənənələrin əsasını qoydu. Bloq yazma işi hələ heç vaxt indiki qədər məşhur, indiki qədər geniş yayılmayıb. Bu gün davamlı şəkildə bloq yazan nə qədər dostlarımız var. Onlar çox böyük işlər görürlər. Və əminəm ki, mütləq və mütləq zəhmətlərinin bəhrələrini görəcəklər. Şəxsən öz adıma deyim ki, mən bütün bloqlarımdan kifayət qədər faydalanmışam. Bloqlarım mənim üçün təlim materialı olub, mənə həm də pul qazandırıb. Sevərək gördüyün işdən həm də pul qazanırsansa, nə gözəl.

AİR 10-da ilk təlimimi hər kəs üçün açıq elan edirəm – 15 mart, saat 19:00

Üzümüzə gələn həftə mənim 10-cu AİR-də ilk təlimim olacaq. Siz də gəlin, mənə yazın, qeydiyyata alaq gəlin 1 dərs baxın. Gəlin, AİR ab-havasının necə bir şey olduğunu öz gözlərinizlə görün. Bizim təlimlərimiz həmişə açıq olub. Biz hər təlimdən çoxsaylı şəkillər qoyuruq. Gizlədəcəyimiz heç nə yoxdur, nə varsa, ortadadır.

AİR 10-a qoşulan şirkətlər

Bayaq siyahıya baxdım. Yəqin Sizə də maraqlı olar ki, hansı şirkətlərdən təlimlərimizə qoşulublar. Bu bizim üçün sirr deyil. Bir çoxları kimi gizlətməkdə marağımız da yoxdur.

Deməli, West Gold, Azersun, Bravo Supermarket, Gilan Holding, N-Advert, Shirin MMC, Zafaran Hospital, Caspident, Mazarina, Mega Service, Nar Mobile, Matanat A, Bank VTB, Səhliyalı şirkəti, Caspian Media, Media FM radiosu, FAB boya, Röyal Tekstil, Gözəl Qadın Dünyası kimi şirkətlərdən 40 nəfərlik komandamız var. Gördüyünüz kimi fərqli sahələri təmsil edirlər. Ona görə də təlimlərimiz 3 istiqamətli olur. Biznes strategiya, brendinq və marketinq kommunikasiyaları. Bu 3 istiqamətdə biz onların hər birinə faydalı ola biləcək, praktik tətbiq edə biləcəkləri biliklər və keyslər təqdim edirik.

Beləliklə, 15 mart, saat 19:00 Dəmirçi Plazada aruz edən hər kəs AİR 10-da ilk təlimimə təmənnasız olaraq qoşula bilər. Sadəcə mənə facebook səhifəmə yazmanız kifayətdir. Və ya koordinatorumuz Təhminə xanıma da yaza bilərsiniz – tehmine.hemidli@mail.ru

Görüşərik.

Facebook Comments
Share

Yazar haqqında

Rafiq Hunaltay
Rafiq Hunaltay 307 posts

Təxəllüsdən istifadə etməyi sevirəm. Marketinq sahəsində isə yazılarımı Marketer Məhərrəm təxəllüsü ilə yazıram. Marketer Məhərrəm Azərbaycan reallıqlarında fəaliyyət göstərən, uğur qazanmağa çalışan marketoloq prototipidir. Yazılarımı oxuyaraq az da faydalana bildinizsə, təşəkkür əlaməti olaraq digərlərinin də faydalanması üçün yazını paylaşmanız yetərlidir. Hər hansı sualınız olarsa, hunaltay@gmail.com mail adresinə yazmanız kifayətdir. Öncədən təşəkkürlər.

Editor review

Summary

AİR 10-da ilk təlimimi hər kəs üçün açıq elan edirəm - 14 mart, saat 19:00 Siz də gəlin, mənə yazın, qeydiyyata alaq gəlib 1 dərs baxın.

Həmçinin oxuya bilərsiniz

Marketinq 0 Comments

Böhranda gəliri artırmağın 3 sadə yolu

Son zamanlar kimlə söhbət edirəmsə, bir mövzu müzakirə edilir – “Necə edək ki, bu durumdan çıxaq?” Nə sual, nə sualın mahiyyəti elə qısa deyil ki, qısa cavablar verəsən. Əslində verdiyim

Share
Digital 0 Comments

Yeni trendlər və Rosskomnadzor

Rusiyanın yeni texnologiya ilə “ayaqlaşmasını” izləmək məcazi mənada zövq verir. Baxırsan ki, adamlar siyasətdə və hərbdə tətbiq etdikləri strategiyaları biznesə də ötürürlər. Yansıdırlar desək, daha düzgün olar. Yeni yaranan texnologiyaya

Share
Marketinq 0 Comments

Marketoloq ucuz və keyfiyyət arasında qalarsa

Bu il artıq 10 il olacaq ki, marketinq sferasında çalışıram. Bugünə qədər demək olar ki, bazarda birbaşa və ya dolayı yolla işləmədəyim şirkət demək olar ki, qalmayıb. Eləcə də tanımadığım

Share

Şərhlər

Şərh yazan yoxdur

İlk şərh yazan siz olun

Şərh yazın