Sağa-sola placement

Sağa-sola placement

Deməli, bu yaxınlarda PG marketinq direktoru Mark Pritçard İAB-dəki çıxışında rəqəmsal marketinq alətlərinin effektinə şübhə etmiş, bu sahədə boşluqların olduğunu bildirmişdi. Bu hadisə dünyada reklam agentlikləri arasında xeyli müzakirə edildi. PG dünyada reklam xərclərinə görə ilk 3-lükdə yer alan şirkətdir. Orta illik bu şirkət marketinq xərcləri üçün agentliklərə 2 milyard dollardan çox pul ödəyir. Bu ildən isə əməkdaşlıq etdikləri şirkətlərin sayını 40% civarında azaldıblar. Reklam bazarı üçün məbləğ ciddidir. Çünki hardasa 370 milyon dollar qənaətdən söhbət gedir. PG-nin reklam bazarını silkələməsi çox təbiidir. Təsəvvür edin, PG bu yaxınlarda facebookun hansısa reklam funksiyasına aid tənqidi məlumat yaymışdı (funksiyanın adını indi heç cür xatırlaya bilmirəm). Facebook həmən qaydalara düzəliş etmişdi. Çünki illik böyük pullar həm də facebooka xərclənir. Heç kim müştərini incitmək istəmir. Necə deyərlər, bax belə oğlandır bizim bu PG :)

Təsəvvür edin, PG-nin rəqəmsal marketinqlə bağlı tənqidi çıxışından digər reklam məcraları həmən istifadə edib. RTM bu qədər operativ ola bilər yəni. Açıq hava reklamları ilə məşğul olan şirkət Mark Pritçardın ofisinin yaxınlığındakı outdoorları kiraləyərək oraya “Salam Mark, bu reklam realdır” yazısı yerləşdiriblər. Gerilla marketinqdən əla istifadə ediblər. Yəni PG boyda şirkət artıq xərclənən hər bir qəpiyin hesabatını istəyir, ölçmək istəyir. Daha sonra bu kampaniyanı bir az da böyüdərək www.feelthereal.org saytına milyonlarca insanı yönləndirə biliblər. Aşağıda kampaniyanın qısa video təqdimatına baxmağınızı da tövsiyyə edirəm.

İndi gələk sözümün canına. Gəlin görək bizdə necədir. Əvvəla ondan başlayaq ki, bəli, bizdə də zaman-zaman müdirin evinin yaxınlığı, yolunun üstünə reklamlar yerləşdiriblər. İndi də edirlər, böyük ehtimal. Bu istək çox vaxt da qarşılıqlı olur. Təkcə marketoloqu günahlandırmaq olmaz. Onlar öz növbəsində müdirin xoşuna gəlmək üçün edirlər. Müdirlər isə özləri hər gün bu görüntüdən zövq almaq üçün öz istədiyi yerləri seçir. Beləcə tərəflər də bir-birini məmnun edir (di). 

İndi həqiqətən o zamandır ki, marketinq xərclərinə ciddi qənaət etmək, effektivliyinə nəzarət etmək, ancaq effektiv məcralara yönəlmək lazımdır. Yadıma gəlir, əvvəllər Azercell-in reklamları hətta insan ayağı dəyməyən yerlərdə də olurdu. Adi bir misal. Məsələn, bu yaxınlarda Kapitalın xoşuma gələn “”səndən bir dənədir” kampaniyasından sonra BİR KART almaq istədim. Banka zəng elədim, dedilər ancaq bankda hesabı olan, bankdan əmək haqqı, pensiya falan adamlara verirlər. Bu yerdə Kərəmi ağlamaq tutdu. Bir də soruşdum, bir də təkrar etdilər. Deməli daxili müştərilər üçün hesablanmış kartdır. O zaman şəhərdə bu qədər milyonluq (yaxşı, olsun bir neçə yüz minlik) kommunikasiyaya nə gərək var. Onun effektivliyini kim yoxlayıb təsdiq edib. Niyə onlarla avtobus, outdoor, reklam saytları və bilmədiyim daha nələr istifadə edilib. Məhsul mənfəət əldə etmək məqsədilə bazara buraxılıbsa, bu halda məntiqi tutdurmaq çətin olur. Nümunələri bir az da çoxalda bilərəm, amma şirkətlərin və orada çalışan dostlarımız şəxsi qəbul edə bilər deyə uzatmıram. Onsuz da əskimiz tüstülüdür :)

Bir çoxlarımız avtobus reklamı yerləşdirəndə 10-10, 20-20 götürürdük. İnternet reklamı istəyəndə şirkətdən təklif alıb bir az ora-burasına əl gəzdirib ok verirdik. Outdoorları seçəndə bir az da artıqlaması ilə seçirdik ki, onsuz da müdir də bir azını ixtisar edəcək. Tv və radio-da büdcə qənaətini rəqəmləri yuvarlaqlaşdırmada görürdük. Araşdırma isə həmişə sona saxlanılır, sonda da ixtisar edilirdi ki, “əşşi müştərilərimizi bilirik də kimlərdi”.

Halbuki reklam yerləşdirmələri əvvəla şirkətin strategiyasından doğmalıdır. Brendin, məhsulun hədəfi nədir. O hədəf üçün nə qədər satış lazımdır. Və o satışdan nə qədər faiz biz məhsulun və ya xidmətin reklamına xərcləyə bilərik. Bundan sonra təxmini müəyyən etdiyimiz xərc intervalında manevrlər edə bilərik. Artıq bundan sonra reklam məcralarını effektivlik dərəcəsinə və o cümlədən brendin, məhsulun hədəflərinə uyğun bölüşdürməliyik. Məsələn, hamımız bilirik ki, rəqəmsal marketinq bu aralar ən effektivdir. Amma elə məhsul, xidmət ola bilər ki, onun üçün ancaq o intervalda küçə reklamları uyğundur. Ona görə də məhsulu/xidməti çox yaxşı tanımaq lazımdır. Marketinq rəhbəri placement edən biri deyil təkcə, o həm də niyə, nə qədər, hansı suallarına da tutarlı cavab verməli, əsaslandırmalıdır. Avtobus reklamından istifadə ediriksə, ilk öncə monitorinq etməliyik. Daha sonra onun marşrutlarını incələməliyik. Hədəf kütləmizin yolunun üstündədirmi, deyilmi. Bəzən eyni marşrut üzrə hərəkət edən 10 avtobus kirayələmək daha effektivdir, nəinki 10 fərqli marşrut üzrə hərəsindən 1 avtobus. İnternet reklamları da elədir. Eyni seqmentdən bir sayt daha effektivdir. Bəzən görürsən ki, auditoriyası eyni olan bir neçə saytda eyni reklam gedir. Və ya götürək sponsorluqları. Bir dəfə hamınızın tanıdığı məşhur brendin ANS-də gedən TOY OLSUN verilişinə sponsor olduğunu gördüm. Sonra öyrəndim ki, oranın müdirinin anası o verilişə baxır deyə adam sponsor olub. Onu da qeyd etməliyik ki, sponsorluq təklif edən şirkətlərin səriştəsində ciddi qüsurlar var. Şirkətlərə bir atımlıq barıt kimi yanaşırlar. Pulu alır, loqon orda olacaq, filan şey burda olacaq və s. axırda da tədbir bitən kimi sanki heç olmamış kimi gözdən itir. Nə hesabat verir, nə lazımı məlumatları təqdim edir, ürəkləri istəyəndə zəngə də cavab vermirlər. Beləcə növbəti əməkdaşlığın olma ehtimalını 0-a endirir.

Arzu edirəm ki, bizdə də böyük şirkətlərin açıqlamasına görə TV-lər çıxıb reklam siyasətində hansısa dəyişikliyi etdiklərini bildirsinlər. Mall-ların birinin reklam rəhbəri var idi. Bir dəfə xahiş etdim ki, filan şeyin şəklini zəhmət olmasa, çəkin göndərin reklam yerləşdirmək istəyirik. Dedi ki, reklam sənə lazımdırsa, sən gəl çək. Sözün bitdiyi yer idi. Belə şeylər olmasın daha bu məmləkətdə. Çətin iqtisadi şəraitdə SAT FORUM spikerlərindən Seymur bəyin dediyi kimi “çalışın müştərinin pulunu yox, qəlbini alın”. Əks halda bazar Sizi öz ağuşuna alıb arxivə göndərəcək. Xidmət, gülərüz personal və sözündə bütöv, dürüst yanaşma harda olursan-ol, hansı sahədə çalışırsan-çalış ən gözəl yoldur. Qısa vədəli uğurlar üçün uzun vədəli karyeranı təhlükəyə atmağa dəyməz.

Facebook Comments
Share

Yazar haqqında

Rafiq Hunaltay
Rafiq Hunaltay 307 posts

Təxəllüsdən istifadə etməyi sevirəm. Marketinq sahəsində isə yazılarımı Marketer Məhərrəm təxəllüsü ilə yazıram. Marketer Məhərrəm Azərbaycan reallıqlarında fəaliyyət göstərən, uğur qazanmağa çalışan marketoloq prototipidir. Yazılarımı oxuyaraq az da faydalana bildinizsə, təşəkkür əlaməti olaraq digərlərinin də faydalanması üçün yazını paylaşmanız yetərlidir. Hər hansı sualınız olarsa, hunaltay@gmail.com mail adresinə yazmanız kifayətdir. Öncədən təşəkkürlər.

Editor review

Summary

Mall-ların birinin reklam rəhbəri var idi. Bir dəfə xahiş etdim ki, filan şeyin şəklini zəhmət olmasa, çəkin göndərin reklam yerləşdirmək istəyirik. Dedi ki, reklam sənə lazımdırsa, sən gəl çək. Sözün bitdiyi yer idi. Belə şeylər olmasın daha bu məmləkətdə.

Həmçinin oxuya bilərsiniz

Marketinq 0 Comments

ADverdiklərim silsiləsindən: İdealda YAZ GÜNLƏRİ

Bir vaxtların çörək “oçeredi” kimi məşhur olan mart ayında olan 1+1 aksiyasına İdealda “YAZ GÜNLƏRİ” adı verdik. Facebook Comments

Share
Marketinq 0 Comments

Etirafın qələbəsi – Mariya Şarapovadan krizis kommunikasiya dərsi

Bir-iki həftə olar ki, vaxtilə dopinq qalmaqalına görə bir çox brendlərin əməkdaşlıqdan imtina etdiyi tennisçi Mariya Şarapova ilə elə həmin brendlər yenidən müqavilə imzaladılar. Marketerlər, pr menecerlər üçün olduqca maraqlı

Share

BOMBA – Azərbaycanın ilk sosial media mükafatı

Dostlarla həmişə müzakirə aparanda bizdə də marketinq sahəsi ilə bağlı mükafatların olmasının vacibliyindən danışırdıq. Nəinki mükafatlar, hətta çoxdan marketinqə aid jurnalın çıxmalı olduğundan da. Bir vaxtlar marketinq cəmiyyəti buraxırdı, o

Share

Şərhlər

Şərh yazan yoxdur

İlk şərh yazan siz olun

Şərh yazın