Şirə bazarı haqqında nələri bilməliyik?

Bugün bazarda xeyli sayda yerli və xarici meyvə şirəsi brendləri var. Devalvasiyadan sonra isə yerli brendlərimizin sayı nisbətən çoxaldı, eyni zamanda mövcud brendlərimiz bir sıra imic və keyfiyyət dəyişiklikləri etdilər. Vita1000 və Jale-nin rebrendinq etməsini buna misal göstərmək olar. Hansı ki son zamanlar hər ikisi ictimaiyyət tərəfindən müzakirə edilir. Bu yazıda mən bir çoxlarımızın, eləcə də özümün bu sahədə çalışanadək bilmədiyim bir çox məfhumlar haqqında yazacam. Əminəm ki, bu yazıdan sonra bizdə meyvə şirəsi ilə bağlı beynimizdə qalan bir çox suallara cavab tapılacaq.

Bilirsiniz ki, mən hazırda Gilan FMCG-də çalışıram. Son zamanlar həm məhsul portfelimizə daxil olan Hazzard enerji içkisinin bazara buraxılması, həm də Jale-nin rebrendinqi geniş müzakirə olunur. Bu çox yaxşı haldır, biz də bu müzakirələrdən yeni çox şeylər öyrənirik. Ona görə də bəzi açıq suallara bu yazıda aydınlıq gətirməyə çalışacam.

Konservant və konsentrant? Bunlar eyni şey deyil.

Gündəlik içdiyimiz meyvə şirələrinin qablaşdırılmasına baxsaq, onların üzərində “tam konservantsız”, “x meyvə konsentratı x miqdarda istifadə edilib” kimi sözlər yazıldığını görürük. Bunlar nə deməkdir. Gəlin, sadə dildə aydınlıq gətirək. Amma qısa deyək ki, konsentrant ilə konservant tamam fərqli şeylərdir.

Konsentrant nədir?

Bilirsiniz ki, meyvələr mövsümi olaraq yetişir və o vaxtlar da kütləvi şəkildə yığımı həyata keçirilir. Yığılan bu meyvələr zavodlara toplanaraq emal prosesindən keçir. Yəni ilkin olaraq onlar sıxılır və alınan şirə (meyvə suyu) xüsusi qablara yığılaraq  nizamlanmış istiliyin təsiri ilə buxarlandırılır. Yəni meyvə suyunun tərkibində olan su xüsusi istilik verilməsi ilə buxarlandırılır və yerdə qatılaşdırılmış məhlul qalır. Həmin qatılaşdırılmış məhlul əlavə çöküntülərdən təmizlənib xüsusi aseptik çənlərə yığılır. Yığılmış həmin qatılaşdırılmış meyvə məhlulu konsentrant adlanır.

Meyvələr niyə konsentrant halında saxlanır? Onun “fresh”dən fərqi nədir?

Dostlar, Siz istənilən restoranda və ya elə evdə də hazır meyvələri sıxaraq meyvə şirəsi əldə edə bilirsiniz. Buna biz adətən “fresh” də deyirik. Amma bilirsiniz ki, bu fresh dediyimiz meyvə suyu bir neçə saatın içində içilməlidir, əks halda tərkibində dəyişiklik baş verir. Daha dəqiq desək, təzə sıxılmış meyvə suyu 20 dəqiqə sonra tərkibindəki vitaminləri itirməyə başlayır. Konsentrantda isə vitamin itkisi maksimum 40%-ə qədər olur. Qısası belə meyvə sularını uzun müddət saxlamaq olmaz. Sıxıldısa həmən içilməlidir. Konsentrant dediyimiz qatılaşdırılmış meyvə məhlulunu isə uzun müddət saxlamaq olur. Və bu müddətdə o heç bir keyfiyyət dəyişikliyinə uğramır, ona heç bir əlavə kimyəvi qatqı vurulmur. Bir az daha sadə dildə izah edək. Hamımız tut yemişik, o tutu biz uzun müddət saxlaya bilmərik, hətta 1 gün sonra qaralmağa başlayır. Amma biz onu qaynadırıq, tərkibindəki su buxarlanır, qatılaşdırılmış məhlul qalır. Buna biz doşab və ya bəhməz də deyirik. Onu isə uzun müddət saxlamaq olur, doşab özü də bir çox xəstəliklərə dərmandır. Siz bir qaşıq doşabdan aldığınız faydanı almaq üçün bəlkə də 1 kq tut yeməlisiniz ki, alasınız. Konsentrant da bizim bu meyvələrin “doşabı”dır desək, yanılmarıq. Konsentrantın təzə sıxılmış meyvə suyundan fərqi isə uzun müddət saxlanması üçündür. Yüzminlərlə Jalə məhsulu Azərbaycandan başqa dünyanın 25-dən çox ölkəsinə ixrac olunur. Siz bir də buna daşınma baxımından yanaşın. 1 litr suyu daşımaq daha rahatdır, yoxsa sıxılmış qatılaşdırılıb bütün əlavə çöküntülərdən təmizlənmiş məhlulu? Təbii ki, ikincini. Bunu bütün dünyada belə edirlər, dostlar. Yəni bu beynəlxalq standartdır.

İndi Siz göyərtini yudunuzsa, bu 100% göyərti deyil?

Sizdə sual yarana bilər ki, hansının tərkibində vitamin daha çoxdur. Təbii ki, fresh dediyimiz sıxılmış meyvə suyunun. Həyatda bundan təbii heç nə ola bilməz. Hərdən dostlarımız elə təəccüblə deyirlər ki, bu fresh deyil axı, bu 100% meyvə şirəsi deyil. Onları anlamaq olar. Bu yazını da məhz məlumat vermək məqsədilə yazıram ki, səhv bildiyimiz stereotiplərə aydınlıq gətirək. İstənilən şeyi siz qaynadırsınızsa, onun tərkibində olan bir çox maddələr də su ilə birlikdə buxarlanır. Adicə göyərtini su ilə yumayın deyirlər, tərkibindəki vitaminlər gedirmiş. Adam bilmir ki, onu bazardan necə aldı yesin, ya neynəsin. Yəni bu təbii prosesdir. Siz bakteriyalardan qorunmaq üçün yuyursunuz, əvəzində vitamini bərpa edən başqa üsullardan istifadə edirsiniz. İndi Siz göyərtini yudunuzsa, bu 100% göyərti deyil? Əlbəttə ki, göyərtidir :) Və ya tutu buxarlandırıb doşab aldınızsa, bu yüz faiz tutdan alınmayıb?! Sadəcə məhsulun üzərində də yazıldığı kimi bəzi təbii vitamin əlavələri (hansı ki, qaynama zamanı itmişdi) sonradan konsentrant meyvə suyuna çevrilərkən əlavə edilir. Və bu da çox təbiidir. Məlumat üçün bildirim ki, dünyada təbii vitamin əlavələri istehsal edən barmaqla sayılacaq şirkətlər var, onları hamı tanıyır. Yəni, bu proses heç bir halda bu 100% meyvə şirəsi deyil deməyə əsas vermir, əziz dostlar. Səbəbini də yuxarıda izah etməyə çalışdım.

Aha, konsentrant sonradan necə meyvə suyuna çevrilir deyirsinizsə, o zaman bildirək ki, qatılaşdırılmış şəkildə olan konsentranta xüsusi nəzarət altında Azərbaycanın təbii dağ suları əlavə edilib kobud desək “sok” halına salınır :) Yenə deyirəm, bu beynəlxalq standartlaşmış bir prosesdir, hər yerdə belədir.

Bəs “nektar” nədir? Jale reklamlarına olan iradlar nə dərəcə əsaslıdır?

Buna püre də deyə bilərik. Qarışıq meyvə konsentrantlarına şəkər və yumşaqlıq verən təbii maddə qatılır. Amma nektar dediyimiz içkidə meyvə tərkibi 50%-ə qədər olmalıdır, beynəlxalq standart belədir. İndi gələk bizim misala. Məsələn, alma şirəsinin qablaşdırmasında nə yazılıb? 100% alma şirəsi. Bəs albalı-da? 100% albalı nektarı. Bəzi dostlar da bu nüansa diqqət etmədən yazırlar ki, informasiya səhvdir. Hətta reklamda da, mən 1o0% almayam, portağalam, naram deyilən hissəyə irad tuturlar. Dostlar, alma şirəsinin üstünə baxın – 100% alma şirəsi yazılıb və bu yuxarıda yazdığım kimi belədir. Mən 100% albalıyam yazılmayıb ki? Yox. Çünki albalı şirəsinin üstünə də 100% albalı nektarı yazılıb. Bəli, nektar. Və ya digər reklama gələk. Mən 100% meyvəyəm – burada nə səhv var ki? Dostlar, istər konsentrant olsun, istər nektar – bunlar 100% yox a, 101% ancaq meyvədən alınır və tərkibinə qətiyyən və qətiyyən heç bir kimyəvi qatqı vurulmur. Bu halda niyə 100% meyvə deyilməsin ki?! Kimvəyi qatqı isə rəngləndirici, konservantlar sayılır. Bunlar istifadə edilmir nə nektarda, nə də konservantda. Əslində başa düşürəm, çox da təbii qəbul edirəm iradları, insanlarımız bu haqda məlumat almalıdır, maariflənməlidirlər. Bu da bu sektorda çalışanların borcudur ki, mütəmadi məlumatlandırma işi ilə məşğul olsunlar.

Konservant nədir?

Buyurun, bunu ekspertin dilindən eşidək. Videoda deyildiyi kimi, bir çox avropa ölkələrində konservant qadağandır, o cümlədən biz də məhsullarda konservant istifadə etmirik. Konservant qoruyucu deməkdir. Meyvə şirələri və nektarlarına bakteroloji pozulmanın qarşısını almaq üçün əlavə edilən xüsusi kimyəvi maddədir.Meyvə şirəsi və meyvə nektarı alarkən diqqət edin ki, mütləq konservantsız olsun. Bu, sizing sağlamlığınıza daha faydalı olacaqdır.

Məncə, indi oxuyucalara nisbətən məsələlər daha aydın oldu. Sektorun içinə girməzdən öncə mən də həmişə şübhə ilə yanaşırdım. Bu arada onu da qeyd edim ki, arzu edən olsa, mətbuat nümayəndələri daxil istənilən şəxsi proseslərin ətraflı izahı üçün zavoda da dəvət edə bilərik. Min dəfə eşitməkdənsə, bir dəfə görmək daha yaxşıdır təbii ki. Məncə, biz hamımız fəxr etməliyik ki, Azərbaycanda da keyfiyyət standartlarına görə avropadan geri qalmayan istehsal müəssisələri var. Təbii ki, problemlər də var, iş olan yerdə problem də olur. Əsas onu olduğu kimi qəbul edib həllinə doğru səy göstərməkdir, hansı ki, biz də bu işi gördüyümüzə inanırıq.

Jalə yeni TVC haqqındakı fikirlər

Bu haqda çoxsaylı müzakirələr getdi. Müzakirədə dəyər verib iştirak edən hər kəsə öz təşəkkürümüzü bütün Gilan FMCG qrupu olaraq bildiririk. Məsələnin texniki detallarına varmayacam. Sadəcə onu deyə bilərəm ki, bizim agentliklər arasında, eləcə də marketoloqlar arasında yumşaq desək adekvat, obyektiv olmanın daha yüksək səviyyədə olmasını istərdik. Məsələyə münasibəti şəxsi müstəviyə keçirmək professionallıq deyil. Amma onu da deyək ki, çoxsayda haqlı tənqidlərdən də nəticə çıxardıq, çox sağ olun ki, bunu edirsiniz, özü də pulsuz :) Məsələn, türkiyədə hansısa bankın reklamında eşşək qəhrəman rolunda istifadə edilmişdi, nədənsə, heç kim eşşəyin bankla əlaqəsindən danışmadı, amma rəng püskürməsinin meyvə şirəsi ilə əlaqəsindən döşədilər :)

Bugünlük də bu qədər. Sonda öz təşəkkürlərimi bir çox proseslərin görünməz qəhrəmanlarına bildirmək istəyirəm. Bizi fasiləsiz malla təmin edən Fərid və Rəşad bəy, maliyyə uğurlarımız üçün damla-damla tər tökən Niyazi müəllim, Aqil, Vüqar Əliyəv və hamımızın sevimlisi, ofisimizin qızıl oğlanı Vüqar Musayev, Toğrul, EGF-nin fəxri prezidenti Elnur Qarayev (hamımız işləyirik ki, o yaxşı yaşasın), marketinq fədasi, özünü bu işə qurban verən Müşfiq, “nervinni” satış direktorumuz Tural, auditimiz Cəmil və adını saymadığım yüzlərlə digər həmkarlarım, çox sağ olun. İstehsal etdiyimiz məhsullarla həyatın rəngli anlarına ortaq olursunuz :)

Facebook Comments
Share

Yazar haqqında

Rafiq Hunaltay
Rafiq Hunaltay 307 posts

Təxəllüsdən istifadə etməyi sevirəm. Marketinq sahəsində isə yazılarımı Marketer Məhərrəm təxəllüsü ilə yazıram. Marketer Məhərrəm Azərbaycan reallıqlarında fəaliyyət göstərən, uğur qazanmağa çalışan marketoloq prototipidir. Yazılarımı oxuyaraq az da faydalana bildinizsə, təşəkkür əlaməti olaraq digərlərinin də faydalanması üçün yazını paylaşmanız yetərlidir. Hər hansı sualınız olarsa, hunaltay@gmail.com mail adresinə yazmanız kifayətdir. Öncədən təşəkkürlər.

Editor review

Summary

Bu yazıda mən bir çoxlarımızın, eləcə də özümün bu sahədə çalışanadək bilmədiyim bir çox məfhumlar haqqında yazacam. Əminəm ki, bu yazıdan sonra bizdə meyvə şirəsi ilə bağlı beynimizdə qalan bir çox suallara cavab tapılacaq.

Həmçinin oxuya bilərsiniz

Marketinq 0 Comments

Nəyi, kimə və niyə satırıq? – satış haqqında I yazı

Satış, al-ver bizim ruhumuzdadır. Hopub bəlkə də. Tarixi də çox qədimdir. Tarix kitablarından da çox oxumuşuq ki, əsrlərdir bizim ərazi karvanların dincəldiyi, tranzit kimi istifadə etdiyi yer olub. İpək yolu

Share
Marketinq 0 Comments

Çağrı mərkəzləri haqqında nələrə diqqət etməliyik?! (II hissə)

Ötən yazımızın birinci hissəsində biz çağrı/zəng mərkəzləri haqqında fikirlərimizi paylaşmışdıq. Amma bir yazıya sığışdırmaq mümkün olmadığına görə bu yazıda mövzunun davamını Sizlərlə bölüşürəm. Şirkətə gələn bütün zənglər təhlil edilməlidir Adətən

Share
Marketinq 0 Comments

Siyasi marketinqdə son insanı görməzdən gəlmə

Marketinqdə müştəri anlamı bir neçə variantdadır. Siyasətin də “müştərisi” var – xalq. Hansısa şirkətin müştərisinin aldığı məhsul sayəsində şirkət gəlir əldə edib bazarda qala bilirsə, siyasətin müştərisi olan xalqın seçimi

Share

Şərhlər

  1. Elshən
    May 24, 12:20 Reply

    Salam eziz dostlar. Cekdiyiniz her eziyyetin Allah behresini versin, eziyyetiniz yerde qalmasin. Bir qisa fikrimi bildirmek isteyirem, daha dogrusu sual vermek isteyirem. Bu movzu Jalenin rebrendiqinin ilk reklam carxlarinin efire geden gunlerinden meni hem narahat edir hemde dushundururki niye mehz bu cur carx? FMCG sahesinde uzun iller ish tecrubeme, brend irelilemesinde gosterilen muxtelif cabalara regmen niye mehz Jale reklam carxinda tebiilik (yeni mehsulun tebiiliyi) bu cur qeyri professional ve uygun olmayan ideya ile catdirilib? Sizi inandiriramki satishlarinizin bu gun hansi seviyyede olmasinin menfi terefden en boyuk tesiri bu reklam carxiyla baglidi, duzgun ideya deyil. Istesez aciqlamasin vere bilerem.

Şərh yazın