Şirkəti onun sahibindən çox sevənlər. Nə qədər səmimiyik?!

2 gün öncə şəxsi facebook profilimdə belə bir status paylaşmışdım.

Şərhlər bir xeyli çox olduğundan və əsasən də yanlış istiqamətdə getdiyindən istədim bu mövzuya ayrıca bloq həsr edib Sizinlə müzakirə edim. Bu yazıda mən bu tip adamların adətən nə etdikləri, niyə etdikləri və əslində niyə bu cürə etməməli olduqları haqqında yazacam. 

Mənim facebookda dostluğumda 3400, Linkedində 2800, instagramda 1000, twitterdə təxmini bir o qədər insan var. İstər-istəməz gündəlik olaraq hansısa formada onların bir çoxunun fəaliyyəti ilə sosial media vasitəsilə xəbər tuturuq. Həqiqətən də rəngarəng mənzərə alınır. Yadınızdadırsa, bir vaxtlar da yazmışdım ki, fb-dəki maraqlı tiplər haqqında özümə xüsusi qeydlər edirəm. Hətta bu barədə ayrıca bloq da yazıb facebookdakı insan tiplərini simvolik adlarla qruplaşdırmışdım. Əgər oxumamısınızsa, buradan oxuya bilərsiniz – Milli Klaviatura Qüvvələri . Burada Siz facebookdakı maraqlı insan tipləri ilə tanış ola bilərsiniz.

Mən heç vaxt insanlara statusuna görə hörmət etməmişəm. İlk öncə insanlığına görə qiymət vermək lazımdır deyə düşünürəm. Və də bu dünyada ən şərəfsiz peşənin də YALTAQLIQ olduğunu bilirəm. Ona görə də həmişə düşündüyümü demək üçün siyasət işlətməmişəm, politik olmağa, duruma görə “kıvırmağa” çalışmamışam. Bu dostumuzdu, desəm inciyər tipli fikirlər məndən uzaqdır. Dostlarım da bunu yaxşı bilir. Bəlkə də bu xüsusiyyətimə görə məni bəyənənlərlə yanaşı xeyli bəyənməyənlər də var. Amma açıq desəm, hamının xoşuna gəlmək kimi iddiam da yoxdur. Əsas odur ki, mən doğru hesab etdiyim hər şeyi deyirəm, yazıram. Və bundan zövq alıram. Bugün düşündüyünü deyə, yaza bilməyən və bundan bir xeyli əziyyət çəkən insanlar var. Allahıma çox şükür ki, bugünə qədər həqiqəti pul qabağında utandırmadım. Bundan sonra da bu cür olmasını çox istəyirəm. Bu belə.

İndi keçək mövzumuza. Yuxarıdakı statusumda isə mən şəxsi facebook profillərində etdikləri postların 90%-ində ancaq şirkət xəbərləri paylaşan adamlardan yazmışdım. 90% məsələsini göründüyü kimi bir çoxları səhv anladığına görə belə izah edim ki, şəxsi profilində təxmini 10 postunun 9-u işlədiyi şirkətin bu və ya digər xəbərinin paylaşılması olan postlardan söhbət gedir. Həqiqətən də bir müddət öncə təsadüfən dostluğumda olan bir neçə adamın profillərində eyni halı müşahidə etdim. Mənim hisslərim heç vaxt məni yanıltmadığına görə əminliklə deyə bilərəm ki, o tip insanların böyük əksəriyyəti yumşaq desək “səmimi” deyillər.

Belə adamlar adətən nə edirlər?! 

  • Şəxsi profil şəkli aylarla, illərlə məsələn şirkətin loqosu olur.
  • Cover photo şirkətin hansısa kampaniyası olur
  • Paylaşdıqları hər 10 postun az qala 9-u ancaq şirkətin sayt və fb səhifəsindən paylaşılan xəbərlərin share edilməsi olur. Hətta çox halda bu xəbərlərə şərh verməyə də ərinir. Əsas odur ki, paylaşdı, borcundan çıxdı.
  • Rəqibə aid heç bir postu, xəbəri “like” etməz, “comment” yazmazlar
  • Rəhbərliyinin bütün şərh və şəkillərini həmən like edərlər. Məsələn baxırsan ki, rəhbər Binəqədidə 2 gün su olmayacaq haqqında bir xəbəri paylaşıb, həmin an 4 nəfər işçisi like edib, biri ürək, biri gülmək, biri ağlamaq işarəsi qoyub. Yəni bunlara təsir etdi də bu. Hadi lan :)

Gəlin yuxarıda yazdığıma bir az izah verim, sonra keçək “niyə belə etməməlidirlər” məsələsinə. Deməli, əgər siz şəxsi profil açmısınızsa, o zaman siz facebook səhifənizdən düzgün istifadə etməlisiniz. Oradakı dostluğunuzda olan insanlar Sizdən ancaq “reklam” görəndə xoş qarşılamaya bilərlər. Baxın, əslində deyə bilərsiniz ki, bəyənməyən dostluğundan çıxarsın, bildirişləri söndürsün və s. amma bu da çıxış yolu deyil axı. Daha doğrusu hüquqi baxımdan doğru olsa da, real insani münasibət baxımından siz ətrafınız tərəfindən səmimi qəbul edilməyəcəksiniz. Əgər şirkətə sevginizi daha çox göstərmək istəyirsinizsə, ancaq şirkət postlarını paylaşmaq istəyirsinizsə, o zaman reklam kanallarından istifadə etmək daha doğrudur. Bir daha qeyd edirəm ki, bu az qala 10 postunun 9-u şirkətinə aid postlar olan adamlara aiddir. Yəni ara-sıra Siz öz şirkətinizin hansısa xəbərini paylaşır, şərh yazırsınızsa, sevincinizi bölüşürsünüzsə, heç bir problem yoxdur. Hətta lazımdır. Amma 10 postdan 9-u bir az çox olur, dostlar :) O gün mən bu şərhi yazanda bir nəfər qeyd etdi ki, Sizin də coverinizdə kitab şəklidir. Amma anlamaq lazımdır ki, kitab mənim şirkətimin kitabı deyil, o MƏNİM kitabımdır, şəxsi kitabımdır.  Facebook da şəxsi profilimdir. Şəxsi uğur və uğursuzluqlarımı paylaşa bilərəm rahatca. Və ya götürək öz şirkətimə aid olan və olmayan bloq yazılarını. Yazmaq publisistikadır. Əgər mən ancaq şirkətimdən yazıram və ancaq onları profildə paylaşıramsa, bu doğru deyil. Amma arada şirkətimə aid uğurdan, hansısa keysdən bloq yazıramsa, bu reklam deyil. İnsanlar oxuyub faydalanırlar, maariflənirlər. Bir dəfə özü marketinqdə olub marketinqdən anlamayan bir nəfər demişdi ki, “Siz niyə bloqunuzu qruplarda paylaşırsınız, bloqunuz başdan ayağa reklamdır” :) Allaha qurban olum, iki nöqtə ilə mötərizə işarəsi olmasaydı virtual gülüşü heç cür bu formada gözəl təsvir etmək olmazdı. Bloqumda kitab haqqında, marketinq saytı, marketinq treninqi, konfrans və festivallar, jurnallarla bağlı keçidlər var idi və bu reklam idi?! Hanı bəs sonra ay biz istəyirik azərbaycan dilində də kontent olsun, biz də yazaq, öz dilimizdə oxuyaq, praktik yerli keyslər olsun, təlimlər olsun zad. Nə bilim maarif, bilgini paylaşmaq, insanlıq sevgisi zad, hanı?! Görəsən, bu yanaşmanın adı nədir? – Paxıllıq? – bilmirəm. Bəlkə də deyil, nədirsə başqa şeydir, bilmirik.

Gəlin indi görək yuxarıdakı tip adamlar əslində niyə belə edirlər?!

Böyük əksəriyyət,

  • Şirkət rəhbərliyinə və ətrafına “şirkətinə loyallığını” “göstərmək” istəyir
  • Baxın mən əslində fb istifadə etmirəm, şəxsi olsa da, haqqım olsa da, bundan ancaq şirkətim üçün istifadə edirəm – tipli mesajlar verir.
  • Hərdən istəsələr də ki başqa mövzularda da yazsınlar, ictimai proseslərə rəy versinlər və s. bu alınmır. Çünki əvvəlcədən belə etdiklərinə artıq onun kompleksi də formalaşıb.
  • Adətən fb-dən olan-bitənləri izləmək, işçilərin fəaliyyətinə göz gəzdirmək və s. kimi məqsədlər üçün istifadə edirlər.
  • Və təbii ki, aralarında az bir qism də var ki, sadəcə olaraq şəxsi fikri yoxdur.

Niyə belə etməməliyik?!

  • Əgər bununla rəhbərliyinizin Sizi “yüksək qiymətləndirəcəyini” düşünürsünüzsə, yanılırsınız. Kənardan hər şey gün kimi aydın görünür. Tərif elə bir şeydir ki, ən güclü insanı da aciz edir. Sizi tərifləyən adama Siz necə “bəsdi, etmə, düz demirsən” falan deyə bilərsiniz ki. Amma içinizdə bilirsiniz ki, onu edən adam səmimi deyil. Ən önəmli şey insanın şəxsi reputasiyasıdır. Bazar münasibətləri əmək potensialının alınıb-satılması üzərində qurulub. Heç kim “şirkətimi dədəmdən çox istəyirəm” deyə bilməz, deyirsə, yalan deyir, səmimi deyil. Və bu çox aydın hiss edilir, dostlar.
  • Şirkətə sevgini göstərməyin çox yolları var. Sənə tapşırılan işi vaxtında və keyfiyyətli görmək. Sənə qoyulan hədəfləri yerinə yetirmək, şirkətin inkişafına töhfə vermək və s. Bunlar varsa, Siz şirkət üçün faydalı adamsınız. Sizi hamı sevəcək. Əski olanda isə o postlarınız Sizə kömək etməyəcək, əvəzində isə yumşaq desək “etibar itkisi” yaşayacaqsınız. Sizin işdən sonra 11-ə kimi işdə qalmanız, baş ucalığı deyil. Normalda adamlar öz işlərini iş vaxtında bitirməlidir. Praktika da göstərir ki, 9-6 kifayət edir ki, Siz effektiv işləyəsiniz. Çatdıra bilmirsinizsə, nəsə yanlışlıq var. Amma bunun həlli lazım oldu-olmadı 11-ə kimi qalıb özünü göstərmək deyil. Baxın Avropa şirkətlərinə, korporativ şirkətlərə. Heç bir rəhbərə yorulmuş, səhər əzgin, yorğun-arğın gələn işçi lazım deyil. Anar Bayramovun bu barədə yaxşı bir bloqu var, oxuyun mütləq – Şirkətin qeyrətini çəkənlər
  • Dostlarınızı özünüzdən uzaqlaşdıracaqsınız. Sabah işinizi dəyişəndə diskomfort yaşayacaqsınız. Həyat belə şapalaqlardan çox vurur adama.

Bax belə dostlar. Ötən günkü facebook statusumu bir az ətralı şərh etdim. Ümidvaram ki, faydalı ola bilmişəm. Təbii ki, səhvlərim də var. Yanlış düşünə bilərəm. Nəzərə alın ki, mənim də səhv etmək kimi haqqım var :) Allah amanında.

Şirkəti onun sahibindən çox “sevən” SİRAC :) Birvaxtlar ANS-də “BU DA BU” adlı bir proyekt vardı. Orada müdür İbrahim müəllimə “səmimi sevgisi” olan Sirac adlı obraz var idi. Baxın, görün necə görünür :) Yuxarıda qısa video qoymuşam. Mütləq baxın.

Facebook Comments
Share

Yazar haqqında

Rafiq Hunaltay
Rafiq Hunaltay 298 posts

Təxəllüsdən istifadə etməyi sevirəm. Marketinq sahəsində isə yazılarımı Marketer Məhərrəm təxəllüsü ilə yazıram. Marketer Məhərrəm Azərbaycan reallıqlarında fəaliyyət göstərən, uğur qazanmağa çalışan marketoloq prototipidir. Yazılarımı oxuyaraq az da faydalana bildinizsə, təşəkkür əlaməti olaraq digərlərinin də faydalanması üçün yazını paylaşmanız yetərlidir. Hər hansı sualınız olarsa, hunaltay@gmail.com mail adresinə yazmanız kifayətdir. Öncədən təşəkkürlər.

Editor review

Summary

Şəxsi facebook profillərində etdikləri postların 90%-ində ancaq şirkət xəbərləri paylaşan adamlardan yazdım. Yəni şəxsi profilində təxmini 10 postunun 9-u işlədiyi şirkətin bu və ya digər xəbərinin paylaşılması olan postlardan söhbət gedir.

Həmçinin oxuya bilərsiniz

Sərbəst 0 Comments

Sietl Overleyk. Dövrümüzün ziddiyyəti.

“Dövrümüzün ziddiyyəti” essesi Sietl Overleyk Xristian Kilsəsinin (Seattle Overlake Christian Church) keçmiş pastoru Dr. Bob Murhed (Bob Moorhead) tərəfindən yazılmış və 1995-ci ildə “Məqamında deyilən sözlər” kitabında nəşr olunmuşdur. “Dövrümüzn

Share
Sərbəst 0 Comments

Biz niyə yazmalıyıq ?!

“Yazar olmaq istəyirsən? Hər şeyə rəğmən, o, daxilindən vulkan kimi püskürüb özünə yol açmasa, yazma! Çağrılmadan gəlməzsə – ürəyindən, düşüncəndən, ağzından və canından, yazma. Söz axtararaq, saatlarla oturub gözünü komputerin

Share
Sərbəst 0 Comments

Həyatınızı bayram etməyə qoymayan 5 dost tipi

Əziz dostlar, bu gün iş günü deyil. Təbii ki, bunu yazanda bugün işə çıxacaq “qara”lar və bayram günü işləmək məcburiyyətində olan dostlarımdan üzr istəyirəm. Rəsmi bayram olub işə gələndə yumşaq

Share

Şərhlər

Şərh yazan yoxdur

İlk şərh yazan siz olun

Şərh yazın