#SoruşGör – Facemark.az və Marketinq Azərbaycan qrupundan yeni layihə

#SoruşGör – Facemark.az və Marketinq Azərbaycan qrupundan yeni layihə

Əziz oxucular, yəqin ki, bu layihənin tizer xarakterli anonslarını 2 gündür ki, facebookda görmüsünüz. Elə biz özümüz də sözün açığı 3-4 gündür ki, bunun üzərində işləyirik. İdeya isə bir müddət öncə yarandı. İndi mən Sizə ətraflı layihə haqqında yazacam. Onu da deyim ki, layihə beynəlxalq xarakter daşıyır, kommersiya məqsədli olmayıb, facemark.az və marketinq azərbaycan qrupu olaraq ancaq və ancaq maarifləndirici rolu üzərinə götürüb faydalı olmağı məqsəd güdür. Təsvirə keçməzdən öncə isə layihənin ideya müəllifi kimi Aysel Cəbrayılovaya və ilk olaraq layihəyə qoşulan Babək Musazadə, Nicat Əhmədov, Rahidə Hümbətova, Nümrəddin Hüseynov, Rəşad Hüseynov və Elçin Kərimliyə təşəkkür edirəm. Maraqlı dizayn üçün isə Kamran Sadıxova minnətdaram. Xatırladım ki, Marketinq Azərbaycan qrupu açılanda, hələ 3 il öncə biz bu tip virtual müsahibələr etmişdik. Amma onda yerli mütəxəssislərlə idi. Sevinirik ki, ondan sonra digər şirkətlər də bu üsuldan istifadə etdilər. Həqiqətən də get-gedə dijitallaşan dünyada faydalı və effektiv üsuldur.

Nədir #SoruşGör?

Layihə Facemark.az və Marketinq Azərbaycan qrupu ilə birgə keçirilir. Layihənin əsas məqsədi Azərbaycandan kənarda yaşayan Azərbaycanlı dostlarımız sayəsində xarici şirkət rəhbərləri, top menecerlər, eyni zamanda xaricdəki universitetlərin marketinq və bu sahəyə aid digər bölmələrinin professor, müəllimləri ilə virtual intervyular etməkdir. Bu intervyular nəticəsində xarici mütəxəssislər yerli mütəxəssislərin suallarını cavablandırır və onların bilik və praktikasından faydalanırlar.

Bu necə olacaq?! Deməli, 5 gün öncədən facemark.az və marketinq azərbaycan qrupunda ˝Soruş Gör˝ rubrikasını elan edirik. Və deyək ki, ilk qonağımız da Google şirkətinin İtaliya ofisinin hər hansı bir meneceri olur. Bu zaman proyektin İtaliya üzrə təmsilçisi  və hazırda da orada yaşayan azərbaycanlı dostumuz, marketoloq Rəşad Hüseynov həmin şəxslə əlaqəyə keçir və ilkin razılıqdan sonra qrupda bu haqda elan edir. Qrupda 5 gün ərzində suallar yığılır və sonda Rəşad həmin sualları toplayıb xaricdəki o menecerə çatdırır. Qısa müddət ərzində həmin suallara cavab alıb onu yenə eynilə facemark.az və marketinq azərbaycan qrupunda yayımlayır. Beləliklə, yerli mütəxəssislərimiz qısa müddət ərzində onları maraqlandıran suallara cavab almış olur. Daha sonra isə digər ölkədən digər bir menecer və ya sahibkar rubrikamızın qonağı olur. Rubrikanı ən az 3 ay davam etmək niyyətindəyik. Qismət olsa, daha davamlı olub daha faydalı olmaq əsas niyyətimizdir.

Soruş Gör rubrikasının adı isə bəndənizə məxsusdur. Aysel xanım ideyanı təsvir edəndə mənə də ad düşünməyimi həvalə etdi, sağ olsun :) Lütf edib. Yerli mütəxəssislərimiz vasitəçilərin köməyilə xarici mütəxəssislərə suallarını ünvanlayacağından el arasında məşhur olan ˝Soruş Gör˝ ifadəsinin uyğun olacağını düşündüm. Dostların da müzakirəsindən sonra ad olaraq bu adı seçdik.

˝Soruş Gör˝ rubrikasının xaricdəki nümayəndələri kimlərdir?

İlk olaraq aşağıda adlarını gördüyünüz şəxslər aidiyyatı ölkələr üzrə bu layihəni təmsil edirlər. Əgər aranızda xaricdə yaşayan və ya oxuyan kimsə varsa, onlar da bizə qoşulub marketinq icmamız üçün faydalı ola bilər. Hələliksə, rubrikamızın 9 avropa ölkəsində nümayəndəsi Sizlərin xidmətinizdədir.

  1. Nümrəddin Hüseynov – Türkiyə, İstanbul
  2. Babək Musazadə – Macarıstan, Budapeşt
  3. Rahidə Hümbətova – Çexiya, Zlin
  4. Nicat Əhmədov – Belçika, Hasselt
  5. Elçin Kərimli – Avstriya, Vyana
  6. Rəşad Hüseynov – İtaliya, Milan
  7. Rahimə Hümbətova – Rumıniya, Cluj Napocco
  8. Şahbəddin Yaqubov – Almaniya, İspaniya

Hazırda yuxarıdakı dostlarımız Sizin üçün uyğun intervyu namizədləri axtarışındadır. Amma Siz də aktiv olub kömək edə bilərsiniz. Bunun üçün sadəcə facebookda #soruşgör həştəqi ilə yuxarıdakı ölkələrdən hansı şirkətlərdən nümayəndələrin olmasını, onlara sual verməyi istədiyinizi yazırsınız. Daha sonra əməkdaşlarımız həmin şirkətlərlə əlaqəyə keçməyə çalışacaq.

Əziz oxucu, 2015-ci il marketinq icmamız üçün olduqca uğurlu oldu. 30-a yaxın beynəlxalq festival, MMF və DMC kimi böyük tədbirlər, Marketinq Azərbaycan qrupunun 10 000 üzv sayını keçməsi, 2 dəfə AİR, ˝360 dərəcə brendinq˝, ˝Biznes nə istəyir˝, ˝Bugünün Marketinqi˝ kimi kitabların çapı və s. 2015-ci ili #SoruşGör rubrikası ilə uğurla başa vura bilsək, hesab edirəm ki, məhdud imkanlarımız çərçivəsində olsa belə, marketinq adına nələrisə etmiş olacağıq. Sizi bu layihədə aktiv olmağa səsləyirəm. Aktiv olaq ki, daha çox şey öyrənək, daha böyük işlər görək.

Məqsədimiz faydalı olmaqdır, paylaşmaqdır və daim aktiv olmaqdır. Bu gün bu şeyləri biz etməsək, gələcək nəsillərin haqlı qınağına tuş gələcəyik. Çox sevinirəm ki, 3 rəngli möhtəşəm bayrağımız altında bu işləri görə bilirik. Hər birimiz də fərd olaraq öz sahəmizdə uğurlu olmaqla yekunda dövlətimizin daha da güclənməsinə vəsilə oluruq.

Növbəti dəfə daha faydalı olmaq ümidilə…

Facebook Comments
Share

Yazar haqqında

Rafiq Hunaltay
Rafiq Hunaltay 302 posts

Təxəllüsdən istifadə etməyi sevirəm. Marketinq sahəsində isə yazılarımı Marketer Məhərrəm təxəllüsü ilə yazıram. Marketer Məhərrəm Azərbaycan reallıqlarında fəaliyyət göstərən, uğur qazanmağa çalışan marketoloq prototipidir. Yazılarımı oxuyaraq az da faydalana bildinizsə, təşəkkür əlaməti olaraq digərlərinin də faydalanması üçün yazını paylaşmanız yetərlidir. Hər hansı sualınız olarsa, hunaltay@gmail.com mail adresinə yazmanız kifayətdir. Öncədən təşəkkürlər.

Həmçinin oxuya bilərsiniz

Adverdiklərim 0 Comments

“Adverdiklərim” silsiləsindən: İdeal ilə Daha Gözəl Yay

Nəhayət bir qədərlik aradan sonra bloqda işlədiyim şirkətdə keçirilən kampaniyalara verdiyim adlar, kreativ konsepsiyası və yeni ideyalarla bağlı fikirlərimi bölüşməyə vaxt tapdım. Ən son 2011-ci ilin may ayına qədərki edilən

Share
Adverdiklərim 0 Comments

ADverdiklərim silsiləsindən: “Hər qadın bir idealdır, ideallarımızı sevindirək”

Mart ayı üçün İdealın reklam çarxı hazırlanmalı idi. Çarxın hazırlanması MaxCreative şirkətinə, copywriting isə mənə tapşırıldı. “Hər qadın bir idealdır, ideallarımızı sevindirək” sloqanı ilə belə bir çarx ərsəyə gəlmiş oldu.

Share
Adverdiklərim 0 Comments

ADverdiklərim silsiləsindən: İdeal Yay

2010-cu ildə keçirdiyimiz bir çox kampaniyalara ideal adı ilə bağlı adlar qoyurduq. Bu da onlardan birisi – İdeal Yay. Ad və dizayn brifi bəndənizə məxsusdur. Facebook Comments

Share

Şərhlər

Şərh yazan yoxdur

İlk şərh yazan siz olun

Şərh yazın