Uludağ Ekonomi Zirvesində səslənən qızıl fikirlər

Uludağ Ekonomi Zirvesində səslənən qızıl fikirlər

Əvvəlki bloq yazımda Azərbaycanda forum keçirməyin niyə faydalı olmasından yazmışdım. Bu fikrə isə “Uludağ Ekonomi Zirvesi”ni 2 ildir yaxından izləyəndən sonra gəlmişəm. Ötən yazıda dediyim kimi UEZ-də bu il 90-dan çox spiker, 1300 iş adamı iştirak edib, forum yerli və xarici spikerlərin də iştirakı ilə 3 gün davam edib. Spikerlər arasında Türkiyənin hazırkı nazirlərindən belə olub.

Bu yazıda mən Sizə Türkiyənin ən çox oxunan biznes jurnallarından olan Capital və Ekonomist jurnalının birlikdə təşkil etdiyi Uludağ Ekonomi Zirvesi-ndə spikerlər tərəfindən səsləndirilən maraqlı fikirləri paylaşacam. Daha öncəki zirvənin özət videolarına isə youtube-da da baxa bilərsiniz. Bir sözlə adam oxuduqca hiss edir ki, bir dəfəyə çoxlu faydalı məlumat alır, istəyir ki, dayandırıb hissə-hissə həzm etsin :) Keçək mətləbə.

Builki zirvəyə Türkiyə başbakan yardımcısı Mehmet Şimşek də spiker qismində qatılmışdı. O, dövlətin gələcək iqtisadi siyasəti haqqında detallı danışıb. Ar-Ge, high-tech, private equity, venture capital, start-up kimi sahələrə diqqəti artıracağını bildirib. Dünya Bankının 189 ölkə üzrə hesabatını əsas tutaraq zəif tərəflərin hamısını aradan qaldıracaqlarını bildirib. Yeni Zelandiyada bir şirkət yarım gündə 0 prosedurla qurulursa, bunun Türkiyədə aylarla davam etməsinin ciddi əngəl olduğunu bildirib. Nazir müavinin çıxışında xoşuma gələn fikir isə bu il əsas fokusun təhsilə yönəldilməsini bildirməsi oldu. Mehmet Şimşeyin bildirdiyinə görə Türkiyə vergi gəlirlərinin 1/4-ni təhsilə xərcləyir. Bu faktın özü mənim üçün çox maraqlı oldu və müqayisə edim dedim. Deməli, 2017-ci il A.R-sı büdcə gəlirləri 15 milyard 955 milyon manatdan çoxdur.  Təhsil xərcləri isə 1 milyard 860 milyon manatdır. Bu ümumi gəlirin 11.65%-dir. Deməli, ən azı qardaş ölkədən təhsilə ayrılan xərclər üzrə 2 dəfədən çox geridəyik. Məlumat üçün deyim ki, TC vergi gəliri 2017 üçün 240 milyard manatdan çoxdur. Bunun da 25%-i təhsilə ayrılırsa, deməli bu rəqəm hardasa 60 milyard manat edir. Manat ekvivalentində götürsək, bu rəqəm 60 dəfə bizdən çoxdur. Bax belə. 

Nazir müavini başqa maraqlı faktlar da açıqlayıb. Oxuya-oxuya özümüzlə parallellər aparıram. Deməli, deyir ki, ilk öncə türkiyədə kəmiyyət dəyişikliyi edib çox sayda universitet açdıq. Artıq kifayətdir və keyfiyyət dəyişikliyinə getməliyik. Məktəbə qədər hazırlıq da məcburi ediləcəkmiş. Ölkədə təhsil alan hər kəsin ən az 3 xarici dil bilməsinə ciddi fikir veriləcək. Ən maraqlısı isə bilirsiniz nədir? Yeni qanunvericiliyə görə təhsilə yatırım edən şirkət 7 il vergilərdən azad olacaq. Deyir 4-cü sənaye dövrünü qaçırmamalıyıq. 1-cini Osmanlı qaçırtdı, 3-cüyə 50-60 il geridən qoşulduq. 4-ü qaçırmaq olmaz. Siyasi reformlara da toxunan Şimşək bildirib ki, 1923-cü ildə qurulan dövlət indiyədək 65 hökümət dəyişib. Özü də 65-ci hökümətin üzvüdür. Ortalama hər hökümətin ömrü 17-18 ay edir. Deməli ki, nəsə düz getmir və dəyişməlidir və biz də bunu edirik.

Daha sonra isə T.C. Ulaştırma Bakanı real həyatla universitetlər arasında bağın artırılmalı olduğunu bildirdi. Əks halda inkişaf olmaz. Bildirib ki, bütün proyektlərə universitetlərdən müəllimləri də cəlb edirik, onların da fikrini alırıq. Heç bir iqtisadi böyümə nəqliyyat rahatlığı olmadan olmaz deyir. 2023 hədəflərində Türkiyəni nəqliyyat baxımından ən əlverişli ölkələrdən edəcəklərini dedi. Dönüb bir də bizdə Azalın ucuşlarına, xidmətinə nəzər salırsan, pərt olur adam. Məsələn, mən 10 gündür ki, 3 ölkə üzrə səfər edirəm. 3-də də Azalla uçmamışam, çünki bizdə qiymətlər 3 dəfə fərqlənir. Basa-basa bakıdan Tiflisə, oradan da 3 saat Kutaisiyə və oradan da Yunanıstana uçmuşam. Niyə belə olmalıdır ki?! Gürcüstanda olan nə bizdə yoxdur ki?! 

İndi isə Uludağ Ekonomi Zirvesində səslənən bəzi maraqlı fikirləri, statistik faydalı məlumatları aşağıda qısa-qısa qeyd edim.

  • Samsunq 1969-cu ildən fəaliyyət göstərən Koreya şirkəti olaraq 89 ölkədə 202 milyar dollar dövriyyə ilə çalışır. 325 min işçsinin 70 mini AR-GE-də çalışır. 2020-ci ildə istehsal edilən bütün Samsunq modelləri uzaqdan idarə edilə bilinəcəkmiş. Ümumiyyətlə mən özüm də uzun illərdir ki, Samsunq işlədirəm. Allahından iş telefonumu da Samsunq verdilər, oldu 2 dənə :) Amma açıq deyim ki, funksionallığından çox razıyam, daim innovativ nələrsə əlavə edirlər. İşdəki Samsunq J5-dir. Qiyməti münasib olmasına baxmayaraq metal korpusu, kamera effektləri gözəl, hətta barmaq skaneri də var. Rəngə çox önəm vermirəm, amma rəng çeşidləri də boldur. Özüm qara adam olduğum üçün qara rəngə üstünlük verirəm :) Bir telefondan nə isteyirsinizsə, var. 256 gb-a qədər yaddaşı artırmaq olur, dual kart imkanları var, nə bilim sonra canım Sizə desin 2.5D şüşə, çıxıntısız kamerası da var. Uludağ Ekonomi Zirvesində çıxış edən Samsunqdan olan spikerin çıxışına baxmaq istəyirsinizsə, buyurun. Aşağıda J5-in də şəklini yerləşdirirəm.

20136690_10211508010713499_1321039848_n

  • Spikerlərdən biri Dohada universitet rəhbəri idi. Maraqlı bir fikir dedi. Dedi ki, 20 il öncə ərəb dünyasında gənc işsizlik 25% idi. İndi isə 35% olub. İddia edir ki, siyasi iğtişaşların, radikallığın kökü burada yatır. Gənclər işsiz qalır və alət olur. Oxuyanda özüm də düşündüm və qısa təhlil etdim. Həqiqətən işsiz insan get-gedə aqressivləşir. Ətrafda n qədər belə nümunə var. Ona görə gənclərin işsizlik probleminin artmasına imkan vermək olmaz. Həm sosial rifah baxımından, həm də dövlətin istiqrarı baxımından vacibdir. Yadıma gəlir bir dəfə bir dostum demişdi ki, bütün dünyada universitetləri ona görə çoxaldırlar ki, sürətlə böyüyən gənc nəslin ən az 4 il “başını qarışdırsınlar”. Məntiq var.
  • General Electric-dən olan spiker isə gənclərin oxuyarkən işləməli olduğuna toxunub. Bunun üçün də özəl şirkətlərin staj proqramlarının olmasının çox vacib olduğunu bildirib. Azərbaycanda hazırda gənclər ən çox şirkətlərin professional staj proqramlarının olmamasından əziyyət çəkir. Təhsil Nazirliyi və ya aidiyyatı digər qurumlar bu sahəyə ciddi fikir verməlidir.
  • PTT Türkiyə kargo şirkətinin nümayəndəsi bildirdi ki, özləri keçən il yığışıb “Dünya Posta Kongresi” keçiriblər. Baxın, şirkət digər dünya dövlətlərindən eyni sferada çalışanları yığıb konfrans keçirir. Sizcə niyə? İndi yəqin başa düşürük ki, niyə forum, konfrans və seminarlar ölkəmiz üçün çox vacibdir. Spiker deyib ki, yaxın illərdə türkiyədə yaşayan hər kəsin evindən maksimum 20 dəqiqə uzaqlıqda bir PTT ofisi olacaq. Şöbələrinin sayını 4500-dən 15000-ə çatdıracaqlar.
  • PG Türkiyə və Qafqaz bölgəsi yönetim kurulu başkanı Tankut Turnaoğlu da maraqla çıxış edib. O PG-nin 180 illik tarixi boyunca daim dəyişdiyini, trendə ayaq uydurduğunu deyib. Mənim üçün də maraqlı oldu ki, sən demə PG ilk olaraq şam istehsal edirmiş, daha sonra Edisonun elektriki kəşf etməsi ilə təmizlik, baxım vasitələri istehsalına keçib. Spiker bildirib ki, indi isə fokusu e-ticarətə verirlər. Şirkət daxilində 3 istiqamətdə innovasiya anlayışının olduğunu deyib. Bunlar brendlərdə, mədəniyyət və iş imkanlarında və iş sistemləri, işçilərin iş mühitlərin yaxşılaşdırılması ilə bağlıdır. 9 mərtəbəlik binadan 2 mərtəbəlik yeni ofisə köçdüklərini bildirdi. Məqsəd isə insanların bir-biri ilə daha çox ünsiyyətdə olması, daha çox müzakirə etməsi idi. Nəticədə həm daxili kommunikasiya yaxşılaşdı, həm də nə qədər qənaət edildi. Spiker özü də bildirdi ki, onun ayrıca otağı yoxdur, boş tapdığı yerdə oturub işləyir.
  • Türkiyə haqqında da maraqlı məlumatlar verildi. Ulaştırma bakanı çıxışında İstanbulun 4 saatlıq uçuş məsafəsində 27 trilyon dollarlıq ümumi daxili məhsul, 1.7 milyard nəfərlik əhali var. Məqsəd Türkiyənin elə öz yaxın ətrafı ilə daha çox iqtisadi əlaqələr qurub pay almaqdır. Türkiyəyə adətən ildə 41 milyon turist gəlib 31.5 milyard dollar gəlir gətirirmiş. Son olaylardan sonra Türkiyəyə gələn turist sayı 31 milyon, gəlir isə 22 milyard dollara düşüb. Əvəzində isə bu il gözlənilməz turist axını ilə İspaniya qarşılaşıb. Bu arada deyim ki, bir neçə gün öncə Yunanıstanda Salonikidə idim. Saloniki də turistlərin ən çox ziyarət etdiyi ölkələrdəndir. Amma xidmət səviyyəsinə görə rahat deyə bilərəm ki, türkiyədən çox geridir. 2017-cı ildə bu ölkəyə 30 milyon turistin gələcəyi gözlənilir. Türkiyə haqqında maraqlı bir digər məlumat isə burada il ərzində 1 milyon 500 min yeni əmlak alınmasıdır. Ümumilikdə isə son zəlzələdən sonra burada 7 milyon qəzalı ev var. Bu da o deməkdir ki, hələ əmlak bazarına tələb hələ çoxdur. Nəzərə alsaq ki, son illər ərəb ölkələrindən də çox sayda insan Türkiyədən əmlak alır və bu təkcə İstanbulda əmlakın qiymətini ildə 20% civarı artırır.
  • LC Waikiki şirkətinin Yönetim Kurulu Başkanı da maraqlı məlumatlar verdi. İstaliya, İspaniya və Türkiyənin bir-birinə çox bənzədiyini dedi. 1980-ci illərdə İtaliya dövlətin də dəstəyilə “made in italy” brendinin yaradılmasında xeyli iş gördü, İspaniya isə 90-cı illərdə çevik moda anlayışını geyim sektoruna gətirdi. Türkiyə isə ilk olaraq Özalın proqramları ilə, daha sonra 2000-ci illərdə siyasi istiqararın formalaşması ilə iqtisadi irəliləmə yaşadı və bundan bütün şirkətlər pay aldı. Türkiyədə geyim əvvəllər avropadan baha idi. Seriyalı istehsal öz yerini marka istehsalına buraxdıqca türk brendlərinin sayı artdı və qiymət də keyfiyyətin artmasına baxmayaraq ucuzlaşdı. Hazırda da türkiyədəki alış-veriş mərkəzlərində türk markaları daha çox yer tutur. İndi baxıram ki, italyanların etdiyi “made in italy” siyasətini biz bugün “made in azerbaijan” brendi kimi edirik. Arada 30 il fərq var. Amma istənilən hərəkət hərəkətsizlikdən yaxşıdır prinsipini nəzərə alsaq, bu addımı alqışlamaq və dəstəkləmək lazımdır. Əgər Türkiyə özü texnoloji dövrü 30 il geridən başlayıbsa, demək ki, istəsək edə bilərik.

Bax belə. Çalışdım ki, Sizinlə bu il keçirilən UEZ2017-də səslənən faydalı məlumatları paylaşım. Bəzən bir cümlə bizim işimizdə kəskin dönüş yarada bilir. Odur ki, oxuyub faydalanmaqda ziyan yoxdur. Biz isə artıq Digital Marketing Conference 2017-yə hazırlığa başlamışıq. İnşallah bu il əvvəlki təcrübələr və yeni öyrəndiklərimiz sayəsində həm kontent, həm təşkilatçılıq baxımından daha yaxşı olması üçün çalışırıq.

Növbəti dəfə daha faydalı olmaq ümidilə…

Facebook Comments
Share

Yazar haqqında

Rafiq Hunaltay
Rafiq Hunaltay 298 posts

Təxəllüsdən istifadə etməyi sevirəm. Marketinq sahəsində isə yazılarımı Marketer Məhərrəm təxəllüsü ilə yazıram. Marketer Məhərrəm Azərbaycan reallıqlarında fəaliyyət göstərən, uğur qazanmağa çalışan marketoloq prototipidir. Yazılarımı oxuyaraq az da faydalana bildinizsə, təşəkkür əlaməti olaraq digərlərinin də faydalanması üçün yazını paylaşmanız yetərlidir. Hər hansı sualınız olarsa, hunaltay@gmail.com mail adresinə yazmanız kifayətdir. Öncədən təşəkkürlər.

Editor review

Summary

UEZ-də bu il 90-dan çox spiker, 1300 iş adamı iştirak edib, forum yerli və xarici spikerlərin də iştirakı ilə 3 gün davam edib. Spikerlər arasında Türkiyənin hazırkı nazirlərindən belə olub.

Həmçinin oxuya bilərsiniz

Satış 0 Comments

Bizim milli təlim bazarımız və Sat Group

Dostlar, bugün mən Sizə son illər aktuallaşan təlim bazarı və bu bazarın artıq ciddi oyunçusuna çevrilən SAT Group haqqında yazmaq istəyirəm. Əvvəla başlayaq ondan ki, niyə bizə təlim lazımdır?! Azərbaycanda

Share
Marketinq 0 Comments

Psixoloji qiymət qoyma növləri – bunu maa neçəyə verərsən?! (I hissə)

Qiymətləndirmə mürəkkəb və iqtisadi əsaslarla yanaşı psixoloji biliklər də tələb edir. Marketinqin 4P-nin 1 elementi olsa da satışların asılı olduğu ən vacib amillərdən biri, bəlkə də birincisidir. Ümumiyyətlə bir çox

Share
Marketinq 0 Comments

Etirafın qələbəsi – Mariya Şarapovadan krizis kommunikasiya dərsi

Bir-iki həftə olar ki, vaxtilə dopinq qalmaqalına görə bir çox brendlərin əməkdaşlıqdan imtina etdiyi tennisçi Mariya Şarapova ilə elə həmin brendlər yenidən müqavilə imzaladılar. Marketerlər, pr menecerlər üçün olduqca maraqlı

Share

Şərhlər

Şərh yazan yoxdur

İlk şərh yazan siz olun

Şərh yazın