Uranın vuran əli

Uranın vuran əli

Məktəb və universitet vaxtı repə qulaq asırdım. Xüsusilə sosial etiraz və fəlsəfi mövzulara girə bilən reperlər daha çox diqqətimi çəkirdi. Heç vaxt açıq şəkildə də repə qulaq asdığımı hiss etdirməmişəm. Çünki istər məktəb, istər universitet vaxtı qətiyyən mənasını anlamayıb sırf göstəriş olsun deyə “cool” görünmək istəyən oğlanlara qıcıq olurdum. İngiliscə ən gözəl tələffüz etdiyi şey “votiz yor neym” olan qaqaşlar maşında Snoop Dog-un replərinə qulaq asanda toyda “ana” mahnısından təsirlənən tiplərə bənzəyirdilər. Hələ maraqlı bir hadisə yadıma gəldi. İdman zalında məşq edirdim. Zalda yekəpər, üzündə bircə qram da nur və rəhm hissi olmayan, arqo ifadələrdən bol-bol işlədən biri var idi. Təbii ki, məşq zalı olduğundan daha çox dinamik, əsasən də rok mahnıları səslənirdi. Səliqəsiz səs-küylü musiqidən başqa heç nə eşidilmirdi.

"Deməli, bu qardaş 120 kilonun “altına girəndə” həmişə Ramşteynin bir mahnısı var onu qoydururdu. Dəfələrlə təkrar edirdi. Bir dəfə də yenə ağır çəkini qaldırıb stoldan duranda zala səslənib dedi “uşaqlar bilirsiniz bu mahnının adı nədir?”. Təbii ki, heç kim alman dilini bilmirdi deyə sakit qaldı. Bu zaman özünü qalib gəlmiş kimi zənn edən yekəpər dostumuz azca yumşalmış sifətlə “ANA” dedi."

 Elə bunu demişdi ki, zalda hamı gülməyə başladı. Əvvəla heç kim belə mahnının adının ANA olmasına inanmadı, ikinci də bu dostumuzun məhz ANA mahnısı olduğu üçün bu musiqiyə qulaq asdığına inanmadı. Yuxarıda da dediyim kimi adamın sifətində mülayimlik, mərhəmətdən zərrə yox idi. Nəisə sonra öyrəndik ki, mahnının həmin o nəqarət hissəsində həqiqətən də Ramşteyn ANA deyirmiş. :) Elə deyəsən mahnının da adı Mother idi. :) Demək istədiyim odur ki, mahnını anlamadan qulaq asmağa çalışmaq və ən əsas da onu anlamadan sevdiyini göstərmək bizi kənardan gülməli göstərə bilər. 

Sonra böyüdükcə nəsə repə maraq bir xeyli azaldı. İndi isə daha çox sözsüz musiqilərə qulaq asıb sözləri özüm quraşdırmağı sevirəm. Onu da bacarmayanda sadəcə fikrə dalmaq xoş olur. Yeniyetməlik vaxtlarımdan indiyədək yeganə davamlı qulaq asdığım adam URAN olub. Onun “fəlsəfə”, “milli düşüncə”, “kor zabit”, “hörmətlə uran” və adını indi xatırlamadığım bir neçə mahnısı var ki, sözlərinə və yanaşmasına heyran olmuşam. Ümumiyyətlə onun sözləri çox yaradıcı, mənalı, axıcı və düşündürücü olur. Çox dərin fəlsəfi, dünyəvi suallara cavab tapmağa cəhd etmir. Hər gün gözümüzün önündə, qulağımızın dibində baş verənləri musiqi dili ilə çatdırır. Bu qeyd etdiyim xüsusiyyət çox vacibdir. Həyatın içindən yazmaq, yaza bilmək, bunu edəcək qədər cəsarətli olmaq, risk ala bilmək. 2000 ildir dünya var, daha doğrusu 15-20 min ildir var deyirlər, bilmirəm. Mən ancaq hələ ki, 31 ilini görmüşəm bu qoca dünyanın. Bildiyim odur ki, minillərdir elm adamları, ədiblər, musiqiçilər həyat, eşq, dünya, söz haqqında çoxlu əsərlər yaradıb o səpkidə suallara cavab tapmağa çalışıblar. Və hələ də o istiqamətdə əsərlər yaranır, həyatın mənası haqqında axtarışlar davam edir. Düşünmürəm ki, indi həyatın mənasına dair mahnı bizdə daha çox emosiya oyatsın. Çünki bu aralar o qədər kiçik şeylər həyatı mənalı edə bilər ki, çox da dərinə getmək bizə maraqlı gəlmir. Məsələn, bu an hansısa bankda manatı dollara dəyişmək bizim üçün həyatı daha mənalı edə bilər. Bu səpkidə yazan, düzüb-qoşan olsa, o saat məşhurlaşar. Hələ bu problemi həll edənə nə olar, onu demirəm. Dediyim odur ki, insanları təəccübləndirmək üçün çox dərin mövzulara girmək lazım deyil. Səhər evdən çıxıb bir-iki işıqforda durub 2 saniyə gec tərpənmək, metroda basabasda azca qalmaq, avtobusda 2-3 dayanacaqlıq yol getmək, arada da bizim tv kanallara baxmaq bəs edir ki, xeyli mövzu toplayasınız. Bax, URANın replərini də həyatın içindən, bizə daha yaxın olan mövzulardan cəsarətlicə yazdığına görə sevir və dinləyirdim.

Rep üsyankar, qayda sevməyən küçə musiqisi sayılır. Dinləyiciləri də 90% gənclər, daha çox yeniyetmələr olur. O ərəfələr insanların ən çox formalaşdığı dövr olduğundan onların dinlədiyi, oxuduğu hər şey birbaşa onların “yapısına” təsir edir, təbliğat xarakteri daşıyır. Yadıma gəlir, rəhmətlik Hüseyn Dəryanın ilk klipi bizim məhlədə çəkilmişdi. “Nə qədər ki, pul var kef elə” falan deyirdi mahnıda. Xeyli də dinləyiciləri var idi. Xeyli veriliş falan hazırlandı bu barədə ki, bəs gəncləri pis yönə çəkir, pis örnək olur. Necə yəni nə qədər pul var, nə qədər qız var kef elə?! – zad. Sonra aradan bəlkə də 10 il keçmişdi, İdealda mağazaya gəlmişdi Maşın Şou iştirakçıları ilə birgə. Mağazanın şüşələrini sırf Hüseyn Dəryaya görə dağıdırdı yeniyetmə gənclər. Bax, belə bir gücdür musiqi. Elə bu bloqu yaza-yaza “O Səs Türkiyə”də bir nəfər, aldığı travmadan dolayı heç danışa bilməyən biri ancaq musiqi oxuya bilirdi. Yəni oxuyanda mahnı sözlərini tam deyə bilirdi. Bu özü də qəribə möcüzədir. Ancaq musiqi ilə oxuyanda danışa bilmək.

Urana hörmətim də məhz o boyda böyük dinləyici kütləsini intellektual, daha faydalı hesab etdiyim mövzularla özünə bağlaya bilməsində idi. Çünki Uranın məşhurlaşdığı vaxtda onu kimi çox reperlər var idi, hətta Ondan daha çox məşhurlar belə var idi. Amma O, daha çox məhz Kor Zabit, Millətçi, Fəlsəfə, Sadə Qız kimi mahnıları ilə sevildi. Hər kəs Ona vətənpərvər reper deyirdi. Xüsusən də hərbçi keçmişi var idi, mən hərbidə olanda “Leytenant İbrahimov”dan hamı danışırdı. Dediyim kimi hamı Onu daha çox millətçi, vətənpərvər reper kimi tanıyırdı və sevirdi. Amma bu yaxınlarda təsadüfən youtube-da Uranın bir video müsahibəsinə baxandan sonra çox məyus oldum. Niyə məyus olduğuma keçməmişdən öncə deyim ki, Uran bir-iki ildir ki, xaricə köçüb, Fransa və Almaniyada yaşayır. İndi isə deyim niyə məyus oldum. Deməli, müsahibənin bir yerində aparıcı onun vətənpərvər reper kimi tanınması mövzusuna toxunur. O isə cavabında artıq o mərhələni keçdiyini, əslində patriotizmin, vətənpərvərliyin dövlətin əlində vətəndaşlarından istifadə üçün güclü silah olmasını bildirdi. Hətta belə bir ifadə işlətdi ki, “əgər mən doğulduğum yeri özüm seçməmişəmsə, kim və hansı millət olduğumu özüm təyin etməmişəmsə, o yeri niyə mütləq sevməliyəm ki?” Və bu fikrə çox sonralar, xaricə köçəndən sonra gəldiyini bildirirdi. Və bunu da bir zamanlar vətənpərvər mahnıları ilə sevilən, məşhurlaşan Uran deyirdi. Çox təəssüflənmişdim.

Yazımın son abzasında bu video müsahibə misalında əsl demək istədiyim, gəldiyim qənaəti Sizinlə paylaşacam. Girişi misallarla uzun elədim. Çünki bir az da Sizlə söhbət etmək istədim, içimdən gəldiyi kimi paylaşmaq ehtiyacı hiss etdim. Uran misalında çox görmüşük ki, adam köçür xaricə və bir müddət sonra adamın bütün ideologiyası dəyişir. “Dünya evimdir” yönlü fikirlərlə guya hansısa dövlətin, millətin nümayəndəsi yox, dünya vətəndaşı olmağın daha önəmli olduğunu təbliğ etməyə başlayır. İndiyədək həyatı düz başa düşmədiyini, indiyədək etdiklərinin indi Ona çox gülməli gəldiyini də deyə bilər hətta. Xüsusən xaricə köçən Azərbaycanlılar bu mövzuda daha aqressivləşirlər. Azərbaycana “sığmadıqlarını” deyir, lakin qərbə də heç cür uyğunlaşa bilmədiklərini “etiraf etmirlər”. Və beləcə ömürlərinin geri qalanını rola girməklə keçirirlər. Məsələn, Azərbaycana aid müzakirə olunan istənilən mövzuda şərh yazır, od püskürür, bir az da üstlərinə gedən olan kimi “mənim nə vecimə, onsuz burda yaşamıram, Azərbaycan mənə maraqlı deyil artıq” tipli sözlər deyirlər. Gözəl dost, maraqlı deyilsə, onda nə gəzirsən, axşam.az-ın facebook səhifəsində, Röyanın instagram şəklinə niyə şərh yazırsan ki :) Təbii ki, hamıya aid deyil. Dünyada xalqların, dövlətlərin vətənpərvərlik hissləri, maraqları həmişə olub, olacaq da. Sadəcə anlamalıyıq ki, özü dünyanın dörd bir tərəfinə nəzarət edən dövlət, millət, ətrafa necə “hər şey X xalqı, dövləti üçün” deyə bilər. O məcburdur ki, “dünya bizim evimizdir” tipli nağıllar danışıb camaatı da buna inandırsın. Yəni bu millətlər, dövlətlər daxildə o mərhələni artıq keçiblər. Vətəndaşları da adını vətənpərvərlik qoymasa da o hissin əldə etmək istədiyi hədəfləri hərəkətləti ilə reallaşdırırlar. Bir də əllərindəki KİV-lər vasitəsi ilə vətənpərvərliyi hər cür yolla gözdən salmağa, lağ mövzusu etməyə çalışırlar. Bugünkü Türkiyə 1-ci dünya müharibəsi vaxtı vətəndaşlarının millətçilik hissləri olmasa idi sevə-sevə ölümə gedib sonda qalib olmazdı. Necə demək olar ki, bu hiss lüzumsuzdur. Bəli, mənə görə bu hiss dünyaya hökmə etmək istəyən güclər üçün lüzumsuzdur. Hər şeyə sahib olan adam niyə kasıbçılığa qarşı mübarizə hərəkatı başlatsın ki. Torpaq, işğal dərdi olmayan adam (oxu – dövlət) niyə işğala, separatizmə qarşı addımlar atsın ki?! Çox normaldır.

Ona görə də bu fikirlərin ölkəmizdə hakim olmasına düşünürəm ki, imkan vermək olmaz. Özünü sevməyən adamın başqasını sevməsi şübhə yaradır. Özünə hörmət etməyən, öz millətinə hörmət etməyən, öz dilini saymayan adamın başqa dili sevməsi səmimiyyət deyil ən azı. Əksini deyənlərə də heç vaxt inanmayacam. Həyatın mənası olmalıdır. Həyat hədəfsiz, məqsədsiz çox boş görünərdi. Çox istəyirəm ki, yüksək səviyyədə öz doğma dilimizin mühafizəsi və təbliğatına yönəlik addımlar atılsın. Həm vətəndaş olaraq, həm dövlət olaraq. Dil və milli kimliyimiz bizim passportumuzdur. Bizi bu boyda dünyada digərlərindən fərqləndirən xüsusiyyətdir. Fərqləndirən deyəndə üstün edən demək istəmirəm haa. Yanlış anlamayın. Sadəcə fərqləndirən. Dünyada o qədər dil, o qədər millət varkən 200-dən bir az çox millətin öz dövləti, öz bayrağı var. Nə gözəl sərvətdir bu. Bu sərvətə sahib çıxmasaq, bir gün mütləq kiçik qələbələrlə vətənpərvlik ehtiyacımızı ödəməyə çalışacağıq. Nə bilim tv-yə baxacağıq, orada kimsə bizim dildə bir söz desə, dəli kimi sevinəcəyik. Nə bilim hansısa ölkədə hansısa tanınmışın bir suyu gedib Azərbaycana çıxsa, 3-4 kruq da bu hadisə ilə fəxr edəcəyik. Mütəmadi olaraq belə kiçik detallar axtarışında olub tapanda hədsiz sevinəcəyik. Götürək cənubi Azərbaycanı. Bütün siyasi haqları məhdud olduğundan özünü ifadə ehtiyacını ancaq Traktor klubunun oyunlarında doya-doya ödəyirlər. Şüarlar səsləndirirlər, adi vaxtda deyə bilmədikləri sözləri oyun zamanı şüar kimi deyirlər. Komanda qələbə çalanda da dəlilər kimi sevinirlər. Əslində düz də edirlər. Amma…. nə isə.

Uzun sözün qısası, ÖZ olmaq çox gözəldir. Özünə hörmət etmək, dilini, yerini-yurdunu sevmək gözəldir. Bütün məhdudiyyətlərə baxmayaraq, hətta xaricə köç etmək məcburiyyətində olsanız belə bu Sizə vətəninizə kin saxlamaq haqqını vermir. Torpaq onun üstündəkilərə görə cavabdeh deyil.

Fikirlərim dağınıq alındı. Video müsahibəni görəndən sonra, hələ rəğbət bəslədiyim birindən eşidincə çox məyus oldum və redaktəsiz falan bu yazını yazmaq istədim. Qısacası, dostlar, sevin bizi, yəni Azərbaycanı!!!

Facebook Comments
Share

Yazar haqqında

Rafiq Hunaltay
Rafiq Hunaltay 282 posts

Təxəllüsdən istifadə etməyi sevirəm. Marketinq sahəsində isə yazılarımı Marketer Məhərrəm təxəllüsü ilə yazıram. Marketer Məhərrəm Azərbaycan reallıqlarında fəaliyyət göstərən, uğur qazanmağa çalışan marketoloq prototipidir. Yazılarımı oxuyaraq az da faydalana bildinizsə, təşəkkür əlaməti olaraq digərlərinin də faydalanması üçün yazını paylaşmanız yetərlidir. Hər hansı sualınız olarsa, hunaltay@gmail.com mail adresinə yazmanız kifayətdir. Öncədən təşəkkürlər.

Editor review

Summary

Dediyim odur ki, insanları təəccübləndirmək üçün çox dərin mövzulara girmək lazım deyil. Səhər evdən çıxıb bir-iki işıqforda durub 2 saniyə gec tərpənmək, metroda basabasda azca qalmaq, avtobusda 2-3 dayanacaqlıq yol getmək, arada da bizim tv kanallara baxmaq bəs edir ki, xeyli mövzu toplayasınız.

Həmçinin oxuya bilərsiniz

Köşə yazıları 0 Comments

Marketinqdə “çaynikbaş” metodu

Bloqun daimi oxucuları yəqin ki, “Marketinqdə “Rəqsadə metodu” nədir?” adlı yazımı xatırlayar. Bu gün də bir çox məclislərdə, görüşlərdə, tədbirlərdə bu metodun tətbiqini gördükdə, onu tətbiq edənləri gördükdə adam bilmir

Share
Münasibət 0 Comments

İşə yeni müdir gələndə…

Hər işçi yəqin ki, həyatında ən az bir dəfə belə situasiya ilə qarşılaşıb. Nəsə dəyişiklik olub, nəticədə ya ümumən şirkətə, ya da işçinin çalışdığı sahənin başına yeni müdir təyin edilib.

Share
Köşə yazıları 0 Comments

Marketoloqun stres altında işləməsi kimə faydalıdır?

Dekabr girəndən mart çıxana kimi olduqca gərgin bir 3 ay keçirdim. İşin biri bitməmiş o biri, bu biri başlamamış yenisi və s. deyə-deyə, edə-edə gəldik mart sonuna. Məlumat üçün deyim

Share

Şərhlər

Şərh yazan yoxdur

İlk şərh yazan siz olun

Şərh yazın