Yeni yaşımda həyatın mənə sülh və ya müharibə yolu ilə öyrətdiyi 10 fikir

Yeni yaşımda həyatın mənə sülh və ya müharibə yolu ilə öyrətdiyi 10 fikir

“Bizimkisi bir iş hikayesi” 

Əziz dostlar, doğum günümlə əlaqədar yazdığınız bütün xoş sözlərə və təbriklərə görə hər birinizə təşəkkür edirəm. Adını xatırlamadığım bir müəllif yazırdı ki, təbrik sevməyən adamı belə ildə bir dəfə öz doğum günündə təbrik etmək olar. 1000-dən çox insan telefon, sms, sosial şəbəkələr vasitəsilə təbriklərini çatdırdı. Xoş idi. Aralarında tanımadığım xeyli adamlar var idi. Yaş üstə yaş gəldikcə bir daha başa düşürəm ki, insanın ən böyük sərvəti onun dostları, çevrəsi, ailəsi və bir də ən əsası sevdiyi işidir. Marketinqlə bağlı hər şey mənim işimdən də əlavə hobbimdir. Çox dostlarımı da işimə görə tanımışam. Necə deyərlər, “bizimkisi bir iş hikayesi” :) Var olun.

Yaş 31. Geridə qalan ömür nə qədərdir bilmirəm, amma bacardığım qədər ömrümün sonuna kimi 2 şeydən Allahın məni imtahan etməməsini arzu edirəm: 1. Ədalət hissini itirmə 2. Təkəbbür. Bunlar olmadıqca qalan hər şey düzələndir, bağışlanandır.

Bu bloqda mən bu yaşıma qədər eşitdiklərim, gördüklərim, yaşadıqlarım və oxuduqlarım əsasən nələri daha yaxşı dərk etdiyimdən yazacam. Ona qədər isə bir az söhbət edək.

Rəhmətlik Əbülfəz Elçibəy deyirdi ki, eşq və imanın təməli haqqı xalqdan görmək, xalqı haqq deyə sevməkdir. Bunu oxuyanda 6-cı sinifdə oxuyurdum. Mənasını universitetdə başa düşdüm. Bəzi şeylər insana yaşanmaqdıqca çatmır. İstedad, bilik, maddi və mənəvi üstünlüklər zamanı əvəz edə bilmir. Zaman keçdikcə məni xoşbəxt edən şeylərin içində iş sevgisinin, iş hekayəsinin təsirini daha çox hiss etdim. Zaman keçdikcə zamanın nə qədər az olduğunu da dərk etdim. Siz də bacarın bacardığınız qədər başqalarına faydalı olun. Heç nə daimi deyil. Elə bu yaş da.

Dostlar, aşağıdakı bəndlərdə yazdığım fikirlər ya yenicə formalaşıb, ya da formalaşmışdı, sadəcə əminlik artıb. Ad günündən sonra 31 yaşın qənaətləri olaraq Sizinlə həyatın xoşluqla və da sərt üzünü  göstərərək öyrətdiyi, göstərdiyi, dərk etdirdiyi 10 fikri paylaşmaq istəyirəm.

  • Əvvəl çox dostum, çox tanışım olsun deyirdimsə, indi az olsun, amma keyfiyyətli olsun deyirəm

Bəli, əvvəllər belə idi. Çalışıb bütün çevrələrdən çoxlu tanışlıqlar, əlaqələr qurmağa, daha çox insanla ünsiyyətdə olmağa çalışırdım. Nəticədə çoxsaylı tanışlar formalaşdı. Amma zaman keçdikcə gördüm ki, insan enerjisi tükənəndir, tükətdiyin enerjidən düzgün istifadə üçün elə dostlarına, dostlarına ayırdığın zamana da seçici davranmalısan. Az olsun, ama daha faydalı, daha öyrədici, daha obyektiv, təmənnasız dostlar olsun, yetər. Bəzi adamlarla dostluq etmək rayon yolunda traktorun dalına düşüb ötmə edə bilməməyə bənzəyir. Zalım balası nə özü sürətlə gedir, nə də səni qoyur. Ötmək istəyəndə də inciyir. Məncə, bu cür adamlardan uzaq olmaq lazımdır. 

  • Əvvəl etdiklərim, istəklərim əsasında kimlərdənsə nəsə ummağı normal sayırdımsa, indi gözlənti 0 olmalıdır deyirəm

Hamıya məsləhət görürəm. Həyatda çalışıb gözləntini 0-a endirmək lazımdır. Belə olanda yaşamaq daha rahat olur. Kimdənsə haqlı ya haqsız heç nə ummursunuz. Yaxşılığı da edəndə və ya etdiyinizi düşünəndə əvəz gözləmirsiniz. Durmadan, yorulmadan ancaq öz ideallarınız, prinsipləriniz üçün çalışırsınız. Dediyim kimi öz müasirlərinizdən Sizə qiymət verilməsini gözləməyin. Etməyəcəklər. Tarix boyu da az ediblər. Bilirsiniz axı, kim də görməsə, O, görür.

  • Əvvəl hər şeyin öz vaxtı var deyirdimsə, indi heç vaxt heç nəyə gec deyil deyirəm

Heç nəyə gecikdiyinizi düşünməyin. Universiteti istediyiniz ixtisas üzrə oxumursunuzsa, atın. Yenidən başlayın. İstədiyiniz işi görmürsünüzsə, onu da atın, dəyişin. Əziyyət çəkin bir az, amma sonunda sevdiyiniz işiniz olanda onların hamısını unudacaqsınız. Həyata sözünüz keçsin. 

  • Əvvəl təki iş olsun deyirdimsə, indi sevdiyin işlə məşğul olmaq ən böyük xoşbəxtlikdir deyirəm

Sevdiyiniz işlə məşğul olmaq haqqında çox danışmağa dəyməz. Ən pis halda sizi işinizlə bağlı olan ya olmayan hobbiniz olmalıdır. Əgər 1-ci gün işə həvəslə gedirsinizsə, deməli işinizi sevirsiniz. Getmirsiniz? Onda bu haqda düşünün. Bir az da özünüzə vaxt ayırıb, özünüz haqqında düşünün.

  • Əvvəl daha qapalı idimsə, indi daha çox səyahət etmək lazımdır deyirəm

Məncə insan bir yaşa qədər daha çox oxumalı, bir yaşdan sonra oxuduqları ilə vəhdət təşkil etməsi və daha real hiss etməsi üçün çox səfər etməlidir. Çox oxuyan yox, çox gəzən çox bilər sözünü elə-belə deməyiblər. Siz də çalışın bacardığınız qədər səyahət edin, amma aktiv səyahət. Getdiyiniz ölkənin restoranları, barları, “tarqovusu”ndan başqa yerləri ilə də tanış olun. Tarixinə nəzər salın, muzeylərinə gedin, biliyinizi artırın, dünyagörüşünüzə nəsə qatın və s.

  • Əvvəl hər şeyə reaksiya verirdim və bunu vacib hesab edirdimsə, indi stresə aparan hər şeydən uzaq olmaq lazımdır deyirəm

Enerji. Yuxarıda da yazmışdım. Hərdən sərf etdiyiniz oksigenə yazığınız gəlsin. Bir çox səhvlərim olub, bəzi şeylərə həddən ziyadə reaksiya verməyin doğru olmadığını düşünürəm indi. Onsuz da ortada iş varsa, söz-söhbət həmişə var. Bunu qəbul edib daha yaxşı işləmək lazımdır. Əsas odur ki, sağlam tənqidi məkrli tənqiddən seçə biləsiniz. Bir də unutmayın. Tənqidi edənin kimliyi də vacibdir. Sizə vacib olan, fikirlərinə hörmət etdiyiniz adamların şərhlərini daha çox diqqətə almaq lazımdır. Hamıya xoş gəlmək praktik olaraq mümkün deyil. Bunun üçün də əlavə əsəb və stresə ehtiyac yoxdur, dəymir.

  • Əvvəl “kim nə deyər” məntiqi ağır gəlirdisə, indi “mən özüm necə istəyirəm” məntiqi olmalıdır deyirəm
  • Əvvəl də çox kitab oxumaq lazımdır düşünürdüm, indi də çox, amma seçib oxumaq lazımdır deyirəm
  • Əvvəl zamanı boşa keçirmək sözünün mahiyyətini dərk etmirdim, indi “hər saniyənizin qədrini bilin” deyirəm
  • Əvvəl müqayisəli prinsiplər məndə hakim idisə, indi “prinsipial olun, amma müqayisə etməyin, özünüz olun” deyirəm.

Yuxarıdakı bəndlərin bəzilərinə bilərəkdən şərh vermədim. O bəndlərə hərənin bir cür yanaşması ola bilər və fərqliliklərin olması normaldır. Son bəndlə əlaqədar isə onu deyim ki, çalışın nə dostlarınızı, nə də özünüzü kimsəylə, hansısa situasiya ilə müqayisə etməyin. İstənilən müqayisə qüsurludur. Müqayisə Sizi çərçivəyə salır. Müqayisə etdiyiniz hədəfə çatanda işinizi bitmiş hesab edirsiniz. Halbuki, uzaqdan baxanda həyatda daha vacib, daha görülməli işlər olduğunu görürsünüz. Müqayisə Sizə əlavə bəhanələr verir. Uğursuzluğunuzu pərdələmək üçün özünüzü təsəlli edirsiniz. Lazım deyil. Pulum olsa idi, dayım olsa idi, yaxşı yerdə oxusaydım, filankəsin atası kimi mənə də kömək olunsaydı, mənim də yaxşı dostlarım olsaydı, yaxşı işim olsaydı, nə bilim ay bəxtim olsaydı falan sözləri unudun birdəfəlik. Nədirsə odur, -sa-sə-lərin nəticəyə təsiri yoxdursa, müzakirəsi faydasızdır. Ancaq olduğunuz durumda maksimum edə biləcəyinizi edin. Guya etməyib nə edəcəksiniz ki… :)

Bu da belə. Gələn dəfə daha faydalı olmaq ümidi ilə…

Facebook Comments
Share

Yazar haqqında

Rafiq Hunaltay
Rafiq Hunaltay 305 posts

Təxəllüsdən istifadə etməyi sevirəm. Marketinq sahəsində isə yazılarımı Marketer Məhərrəm təxəllüsü ilə yazıram. Marketer Məhərrəm Azərbaycan reallıqlarında fəaliyyət göstərən, uğur qazanmağa çalışan marketoloq prototipidir. Yazılarımı oxuyaraq az da faydalana bildinizsə, təşəkkür əlaməti olaraq digərlərinin də faydalanması üçün yazını paylaşmanız yetərlidir. Hər hansı sualınız olarsa, hunaltay@gmail.com mail adresinə yazmanız kifayətdir. Öncədən təşəkkürlər.

Editor review

Summary

Yaş 31. Geridə qalan ömür nə qədərdir bilmirəm, amma bacardığım qədər ömrümün sonuna kimi 2 şeydən Allahın məni imtahan etməməsini arzu edirəm: 1. Ədalət hissini itirmə 2. Təkəbbür. Bunlar olmadıqca qalan hər şey düzələndir, bağışlanandır.

Həmçinin oxuya bilərsiniz

Köşə yazıları 0 Comments

Azərbaycanda reklam agentliyində niyə uzun müddət işləmirlər?!

Bu yaxınlarda oxudum ki, 2016-cı ildə dünya üzrə reklam dövriyyəsi 600 milyard dollara çatacaq. Və bu sahədə top 10-luq müvafiq olaraq ABŞ, Çin, Yaponiya, Böyük Britaniya, Almaniya, Braziliya, Fransa, Cənubi

Share
Köşə yazıları 0 Comments

Marketinqdə “çaynikbaş” metodu

Bloqun daimi oxucuları yəqin ki, “Marketinqdə “Rəqsadə metodu” nədir?” adlı yazımı xatırlayar. Bu gün də bir çox məclislərdə, görüşlərdə, tədbirlərdə bu metodun tətbiqini gördükdə, onu tətbiq edənləri gördükdə adam bilmir

Share
Köşə yazıları 0 Comments

Marketoloqlar, yoxsa market adamları

Gələcək marketoloqlara tövsiyyələrim Əslində bu yazının adını lap çoxdan düşünmüşdüm və özümdə də qeyd etmişdim. Neçə müddətdir düşünürdüm yazmaq istədiklərimə daha nələri əlavə edə bilərəm. Bu gün qərara gəldim ki,

Share

Şərhlər

Şərh yazan yoxdur

İlk şərh yazan siz olun

Şərh yazın